8 martda nə etmək olmaz?

  • Nərmin Kamal
  • Yazıçı, bbcazeri.com üçün
Nərmin Kamal

Şəklin mənbəyi, Nərmin Kamal

Azərbaycanda tarixi əhəmiyyətli 8 mart Beynəlxalq Qadınlar Gününün bayram kimi qeyd olunması çox vacib, çox gözəl hadisədir.

Hərdən görürsən mətbuatda kimsə bir nəfər deyir ki, 8 martı ləğv etməliyik, bu, Amerikanın, sovetin, nə bilim, guya yəhudilərin tarixidir və guya Azərbaycan qadınlarının ayrı bir günü olmalıdır.

Bu, bekar adamların irəli sürdüyü bayağı cəfəngiyyatdır. Çünki Azərbaycan qadınının əlindən alınmış təməl hüquqlarını bərpa etmək uğrunda tarixi mübarizə dünya qadınlar hərəkatı tarixindən ayrı olmayıb, onun bir parçası olub.

XX əsrin 20-ci illərində Bakı neft sənayeçilərinin qızları və arvadları Qərbdə geniş yayılmış feminist hərəkatdan, Rusiyadakı "bestujevkalar", "ravnopravkalar"dan , Amerikanın toxucu qadınlarının xatirəsinə elan edilmiş 8 mart Beynəlxalq Qadınlar Günü haqda xəbərlərdən təsirlənmişdilər.

Azərbaycan bu məsələdə Şərq ölkələri arasında ən qabaqcılı olub. Azərbaycanın ilk feministləri kişilər olublar.

XX əsrin əvvəlində burada müsəlman qızlarına oxuma, yazma, elm, mədəniyyət öyrətmək üçün "Nicat" qadın maarifçilik cəmiyyəti yaradılıb, onun təşəbbüskarı kişi olub - Həsən bəy Zərdabi.

Redaktoru Xədicə Əlibəyova olan, 1911-ci ildə nəşrə başlayan ilk qadın jurnalı "İşıq"-ın redaksiya heyətinin çoxu kişilər idi.

Cəfər Cabbarlı Azərbaycanda feminist klubun yaradılması təşəbbüsü ilə çıxış etmişdi. Əhməd bəy Ağaoğlu isə Azərbaycanda qadın haqları probleminin nəzəri əsasını qoyan şəxs hesab olunur.

Əhməd bəy Ağaoğlu Bakıda Tağıyev qız məktəbinin açılışı barədə yazırdı: "Bundan sonra müsəlman qadınları ailəyə maarifin canlandırıcı şüasını səpmək imkanı qazanacaqlar... onlar gələcək nəsillərə, inkişafa, yaxınlarına, xeyirxah insanlara və işlərə sevgi təlqin edəcəklər ki, bunsuz hər hansı cəmiyyət ölümə məhkumdur."

Hələ 1907-ci ildə Rusiyanın Dövlət Dumasında müsəlman fraksiyasının rəhbəri Xəlil bəy Xasməmmədov ölkə qadınlarına seçki hüququ verilməsi haqda qanun layihəsi təklif etmiş, müsəlman fraksiyası dəyişikliklə də olsa, bu qanunverici təşəbbüsü dəstəkləmişdi.

Bununla da Azərbaycan Şərqdə ilk dəfə gender ziddiyyətləri probleminin həllində öz rəyini bildirmişdi.

8 martın məqsədi

Şəklin mənbəyi, Getty Images

Beləliklə, 8 martın Azərbaycanda bayram kimi qeyd oluması gözəldir, amma necə qeyd olunmasında 2 əmma var, biz bu əmmaları aradan qaldırmalıyıq.

Birincisi, həmin gün qadınlar haqda danışarkən onların elə xüsusiyyətlərini vurğulayırlar ki, o xüsusiyyətlər dişilik xüsusiyyətləridir.

Həmin gün qadınlar haqda xoş sözlər demək istəyirsinizsə, onları qayğıkeş ana, fədakar həyat yoldaşı olduqlarına görə tərifləmək kifayət deyil, 8 mart bayramının məqsədi bu deyil.

Qadınları ictimai fəaliyyətlərinə görə tərifləyin. Onlara deyin ki, analıq kimi adi dişilik xüsusiyyətləriylə yanaşı, sən müəllim, həkim, mühəndis, kosmonavt işləyirsən, arzularının dalınca getdiyinə görə, əhsən, əsl insan elə belə olmalıdır.

8 mart bayramının qısa mahiyyəti budur ki, qadınları təkcə dişilik funksiyasına görə dəyərləndirmək olmaz.

Qadınların "ərə getməsinə", "uşaq doğmasına" görə dəyərləndirildiyi mühitdə qadın işindən, bacarıqlarından, qabiliyyətlərindən, istedadından, arzularından, imkanlarından məhrum olur.

İkincisi, 8 mart qadınlara hədiyyə vermək bayramı deyil. Yeri gəlmişkən, Bakıda bugünlərdə bir qrup gənc qız "Mənə 8 martda gül yox, hüquqlarımı ver" kampaniyası keçirirlər.

Siz həmin gün qadınlara hədiyyələr verirsinizsə, hədiyyələri seçərkən diqqətli olun, 8 martda verilən bəzi hədiyyələr qadına təhqirdir.

Misal üçün, bugün Azərbaycanın hər yerində qurulmuş bayram hədiyyələri çadırlarında satılan yumşaq ayı, dovşan, pişik kimi oyuncaqlar.

Dünya marketoloqlarının romantik hədiyyələr saydığı belə əşyaları Valentin Günü kimi günlərdə verə bilərsiniz, öz işinizdir, amma 8 martda qadına uşaq hədiyyələri vermək bayramın mahiyyətinə ziddir.

Axı patriarxal sistemin yaratdığı dil mühitində böyüyən insanların hamısı "Qadın ağlı uşaq ağlıdır" kimi çoxlu söhbətlər eşidiblər və indi qadınların hüquqlarıyla bağlı bir gündə uşaq hədiyyələri vermək onları alçaltmaq kimi başa düşülə bilər.

Nərmin Kamalın bu bloqu ilk dəfə saytımızda 2017-ci ildə çap edilib.