Cavid Ağanın bloqu: Vətənpərvərlər inciyər deyə həqiqət gizlədilməlidir?

Xəritə Fotonun müəllifi JUAN MABROMATA/ Getty

İdeologiyalar. Onlar nə qədər günümüzün reallığına və problemlərinə çarə kimi göstərilsə də, köklərinini keçmişdən alırlar - tarixdən.

Buna görə də hər dövlətin "saray tarixçiləri" olur. Onların əsas vəzifələri tarixçiliyi akademik çərçivədən çıxararaq hakim düşüncə tərzinə uyğunlaşdırmaq və təhsil vasitəsilə uşaqların beyninə yeritməkdir.

Azərbaycan türkdilli bir ölkə olduğu üçün, tarixçiliyində AKP (Ədalət və İnkişaf Partiyası) öncəsi rəsmi Türkiyə dövlət tarixçiliyinin də xüsusi bir təsiri var.

Çünki SSRİ-dən ayrılma dövründə insanlara yeni bir ideal lazım idi - Türkçülük. Tarix elmi isə ideologiya ilə birləşdiyində ən yaxşı beyinyuma aparatı olur.

Tarixçiliyin ideologiya ilə birləşməsi təkcə Türkçülüyə yox, bütün ideologiyalara xasdır.

Sionizmin önəmli fiqurlarından olan Ben-Zion Dinur-un Bern Universitetindəki dissertasiyası "Septimi Severdən Diolektiana qədər Fələstində hökümət və özünü-idarə" adlanırdı.

Dinur öz tarixçiliyinə digər yəhudi tarixçilər kimi Yəhudilərin Babilə sürgünü və ya Roma tərəfindən işğalından başlamırdı.

Onun fikrincə, Fələstin məhz 7-ci əsrdə, ərəblər tərəfindən ələ keçirildikdən sonra yəhudi kimliyindən məhrum olmuşdu. Onun sözləri ilə desək : "4000 illik tarix əgər ürəklərimizdə yaşayırsa möhtəşəmdir, amma kitablarda qalacaqsa, dəyəri yoxdur."

Dinurun tarixçiliyi nəticəsində İsrailin dəstəkçiləri var və artır. Fələstində yəhudilərin var oluşuna heç kim etiraz edə bilmir.

Çünki, Dinur ideologiyanı tarixçiliklə gücləndirmişdi, tarixi ideologiya ilə saxtalaşdırmamışdı. Ona kitablar yox, ürəklər lazım idi.

Tarixçiliyimizdəki türkosentrizm

Bu yaxınlarda sosial mediada 10-cu sinif tarix kitabında "Armenia" adlı bir bölgənin olması faktı çox söz-söhbətə səbəb oldu.

Fakt deyirəm, çünki xəritə Roma imperiyasının xəritəsi idi və tarixən imperator Trayan dövründə Ermənistan çarlığı ləğv olunaraq Romaya birləşdirilmiş və "Armenia" əyaləti yaradılmışdı.

Bütün dünyanın tarixçiləri, akademik çevrələr Roma imperiyası kimi bir faktı sırf Azərbaycandakı vətənpərvərlər inciyər deyə həqiqəti gizlədəcəkdimi?

Ermənilərin tarixən Qafqazda yaşaması faktı bizim ata-baba torpaqlarımızda yaşamaq hüququmuzu əlimizdən almadığını, nədənsə anlamırıq.

Müsəlman şərqində imperiyalar heç vaxt etnik olaraq ayrımçılıq etməyib. Bunun ən böyük sübutunu Osmanlıda və Səfəvilərdə görürük.

Qaraçaqay xan erməni idi, Azərbaycan və Məşhəd valiliyi vəzifələrini yerinə yetirmişdi. Şirvan bəylərbəyi Xosrov xan Erməni, adından da göründüyü kimi erməni idi. O hətta, Qarabağda Cavanşirlərin vəkili olmuşdu.

ADR dövrünün Lənkəran general-qubernatoru Cavad bəy Məlikyeqanovun ulu babası Bağdad bəy Məlikyeqanov müsəlman olmuş bir erməni idi. Ənvər Çingizoğlunun "Soy" jurnalındakı müvafiq məqalələrində bu qeyd olunur.

Söhbət təkcə ermənilərdən yox, tarixçiliyimizdəki türkosentrizmdən gedir.

Türk tarixindəki bu qədər qəhrəmanlıq, dövlətçilik tarixi, sülalələr və tarix azdırmı? Qafqaz Albaniyasını, Saciləri, Salariləri filan türkləşdirməyə niyə ehtiyac duyuruq?

Azərbaycanın türk əsilli əhalisinin irsinə aid olan Qaraqoyunlu əmirlərinin məqbərələrini Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedova "Türkmən əmirlərinin mavzoleyi" kimi təqdim edən Ermənistan hakimiyyətindən nə fərqimiz qalar?

Tarix dərsliklərimizi daim təftiş etməli, qutudan kənarda düşünməliyik. Bunun üçün də təhsil sisteminin özünə təftiş vacibdir.

Dəqiq elmlər bizi maddi olaraq gəlirlə təmin edə bilər, düşüncə tərzimizi isə humanitar elmlər formalaşdırır. 2+2=4 faktını dəyişdirmək mümkün deyil amma Nizaminin fars yoxsa türk olması haqda əsrlərlə debat aparmaq olar.

Əlaqəli mövzular

Bu barədə daha geniş