Cavid Ağanın bloqu: Memlər Azərbaycana necə təsir edəcək?

Cavid Fotonun müəllifi Cavid Aga

Ötən yazıda miflərdən danışmışdıq. İndi həmin miflərin internetdəki təzahürü olan memlərdən bəhs edəcəyəm. Hərçənd miflər və memlər orijinal mənada tam fərqli şeylərdir.

Mem terminini Richard Dawkins ilk dəfə 1976-cı ildə təklif edib. Mem bir anlayışdır və başqaları tərəfindən daim inkişaf etdirilərək təkamül etdirilir, beləcə insanlar bioloji olaraq təkamül etdiyi kimi anlayışlar da təkamül edir - bunlar memdir.

Yəni, ola bilsin ki, Nəsirəddin Tusinin geni indi davam etmir amma onun memi - yəni ideyaları, dünyaya qatdıqları hələ də aktualdır.

İnternet memi termini isə məşhur "Qodvin qanunu"nun yaradıcısı Mike Godwin tərəfindən ortaya atılıb.

Eynilə memlər kimi təkamül edən internet memlərində bu proses daha sürətli gedir, bəzən uzun yaşayır, bəzən isə ölür.

Bu baxımdan memlər bizi ifadə edir. Məsələn, "ala-bala" Abid Şərifovun, "20 qəpik" sumqayıtlıların, "Molotov kotleti" Siyavuş Novruzovun gətirdiyi memlərdir. Üstündən nə qədər vaxt keçsə də bu memlər fərqli formalarda yenidən ortaya çıxır, fərqli kontekstlərdə istifadə olunur.

Sürətlə yayıldığı üçün memlər həm də viraldır - viral sözü virusdan gəlir, onlar sürətli yayılır deyə bu sözdən sürətli yayılan hər mövzu üçün istifadə olunur.

Buna görə də marketinq üçün möhtəşəm vasitədir. Xüsusilə mövzu gülməlidirsə, tamaşaçılar özləri də bilmədən memin virallaşmasına kömək edəcək və şirkət öz məhsulunu çox az güc sərf etməklə kütlələrə tanıtdıra biləcək.

2000-ci illərdə başlanan və "memetik marketinq" olaraq terminləşdirilən bu anlayış Azərbaycana hələ indilərdə gəlib.

Lakin memlərin bir də sosioloji yönü var. Cəmiyyəti analiz etmək üçün instrumentaldır.

Yerusəlim Universitetinin professoru Limor Şifmanın fikrincə internet memləri sosial qurğunun məhsulu olan ictimai diskursdur - yəni, ictimaiyyətin perspektivini göstərir.

Memlər bunun üçün də çox güclü alətdir və ifadə arealımızı genişləndirir. Yəni memlər həm də siyasi, ictimai silaha çevrilir.

Memlərdən xüsusilə Qərb siyasətini tənqid etmək üçün çox istifadə edirlər. Xüsusilə Trump seçkiləri ərəfəsində və Brexit (Britaniyanın Avropa İttifaqını tərk etməsi ilə bağlı referendum) vaxtında çox məzəli olmaqla bərabər tənqidi memlər viral yayılmağa başlamışdı.

Bu baxımdan memlər möhtəşəm propaqanda və dispropaqanda alətidir. Artıq internetdə və sosial mediada bizim siyasət haqda da memlər yayılmaqdadır.

Azərbaycanda bəlkə də digər ölkələrdən daha çox mem istehlakçısı var, çünki bu memlər dörd dildə yayılır - öz dilimizdə, rusca, türkcə və ingiliscə.

Bir ləzgi dostum Azərbaycanda ləzgicə mem səhifələrinin də olduğunu demişdi. Yəni bu hal kifayət qədər kütləviləşir. Azərbaycandakı ən böyük mem səhifəsinin artıq 12000-dən çox izləyicisi var.

Siz memləri artıq hər yerdə görə bilərsiniz. Memlərlə mübarizə üsulu yenə ancaq memlərlə mümkündür və yaradıcılıq tələb edir.

Sosial medianın görüntüsünü başlı-başına dəyişdirən bu memlərlə mübarizə üçün artıq trolların prezidentin çıxışlarından kəsib yerləşdirdiyi silsilə rəylər bəs etməyəcək.

Çünki vizuallıq yazıdan üstündür və daha sürətli yayılır, viral olur. Trollar artıq yeni yollar fikirləşməli olacaqlar, daha kreativləşməyə məcbur olacaqlar.

Memlər Qərb siyasəti və jurnalistikasını ələ keçirdi. Azərbaycana təsiri necə olacaq? Görəcəyik.

Bu barədə daha geniş