BBC-dən "çılpaq yayım": Bədənimizlə nələrdən cavabdehik?

Jenny Eels ve Kat Harbourne
Image caption Proqramın aparıcıları Jenny ve Kat şəxsi həyatda da dostdurlar

BBC Radiosunun iki aparıcısı Jenny Eels ve Kat Harbourne özlərinin və qonaqlarının çılpaq olaraq qatıldığı "çılpaq yayım" adlı internet proqramın yayımına başlayıb.

Proqram təxminən bir saat olmaqla on hissədən ibarət olacaq.

Proqram, qadınların öz bədənləri ilə yaşadıqları problemlərə və çılpaqlığa olan münasibətlərinə diqqət çəkməyi hədəfləyib.

Proqramın aparıcıları şəxsi həyatda da dostdurlar.

"İnsan qəribə hiss edir və utanır amma çılpaqlıq hamıda bu duyğuları oyandırır, ona görə də eyni vəziyyətdəyik", aparıcılar deyir.

Image caption Çılpaq aparıcılar proqramda dinləyicilərinə "çox açıq, gülməli və cəsur" olmaq sözünü verib

Bu fikir hardan çıxıb?

"Bu fikri ortaya Kat atdı, mən də onu həyata keçirməyə məcbur etdim. Çılpaq və cəsur olmağın çox gözəl bir şey olduğunu düşündüm", aparıcı Jenny deyir.

"Biz insanların çılpaq olanda fikirlərini daha rahat ifadə edib-etmədiklərini yoxlamaq istədik. İfadə edə bilirlərmi?

Danışdığımız xanımlara baxanda tərəddüd etmədən deyə bilərik ki, bəli", aparıcılar deyir.

Aparıcılardan biri bu proqramın onlar üçün çox şəxsi məsələ olduğuna da diqqət çəkib:

"Hər ikimiz 30 yaşlarında qadınlarıq. Xüsusilə qadınlar bədənlərini dəyişdirməyi, daha arıq, daha incə, daha bronzlaşmış, buruq və ya düz saçlı ola bilməyə çox vaxt sərf edir. Bunun nə dərəcə böyük zaman itgisi olduğunu birdən dərk etdim. İllər əvvəl çəkdirdiyim şəklimə baxanda "Çox gözəl imişəm" deyirəm amma o vaxt özümü kök və çirkin hiss edir, bəyənmirdim", Kat deyir.

"Sadə qadınlarla mütəmadi olaraq özləri ilə yaşadıqları didişmələr haqqında danışdığımızı və həm özümüzün, həm də başqa qadınların bədənimiz haqqında olan mənfi təəssüratlarımızın yaratdığı şəkli qırdığımızı təsəvvür edin!"

Proqramın qonaqları arasında rəssamlara çılpaq poz verən model, radio və televiziya aparıcısı olan transseksual, səhhəti ilə bağlı bağırsaqları bədəninin xaricində bir torbada yaşayan feminist blogger, iyirmi yaşlarında uşaqlığı götürülən qadın və həyatında ilk çılpaq gördüyü insanın evləndikdən sonra həyat yoldaşının olduğunu deyən müsəlman qadın var.

"Bu proqramı aparmasaydıq əsla eşidə bilməyəcəyimiz hekayələr dinlədik. Ən kədərli tərəfi isə nə qədər çox qadının özləri və bədənləri haqqında mənfi düşüncələrə sahib olduğunu görməkdir", Kat deyib.

Image caption Studioda yalnız iki aparıcı, qonaq və əlbəttə ki, mikrofonlar olur

Ana-ataların təsiri böyükdür

Proqramın gedişatı zamanı ortaya çıxan vacib məsələlərdən biri də valideynlərin uşaqların öz bədənlərinə münasibətində təsirinin nə qədər böyük olması olub.

"Danışdığımız qadınların böyük qismi analarının mütəmadi olaraq pəhrizdə olduqlarını və hər gün güzgü qarşısında durub özlərini bəyənməməsinin onlara nə qədər təsir etdiyindən danışdılar", Kat deyir.

Qonaqlardan biri - rəssamlara canlı modellik edən Alison dindar və mühafizəkar ailədə böyüdüyünü, seks və əlaqəli mövzuların evdə əsla müzakirə edilmədiyini deyib.

O, aybaşı olanda anasına xəbər verib, anası isə onu şillə vuraraq "belə şeylər haqqında danışmırıq" deyib.

Anası illər sonra ölüm döşəyində bunu xatırlayaraq Alisondan üzr istəyib.

Image caption Hər iki aparıcı proqrama başlayandan sonra bədənləri haqqında daha güclü və daha müsbət hiss etdiklərini deyir

Proqram evdə yazılırdı

Bütün bu çətin müzakirələr və səmimi etiraflar Jenny və ya Kat-ın evində və ya qonağın özünü rahat hiss edə biləcəyi başqa məkanda baş tuturdu.

Jenny gülərək "danışdığımız bütün qadınlar beş dəqiqə sonra çılpaq olduqlarını unutduqlarını bildirir" deyib və çılpaq olmağın bütün iştirakçılara inanılmaz dərəcədə müsbət təsir etdiyini əlavə edib.

Jenny və Kat bu proqramdan sonra özlərinin də dəyişdiyini deyirlər.

"Bu layihəyə bir ildir ki, başlamışıq. İndi mən bədənim haqqında ikiqat daha yaxşı fikirdəyəm", Jenny əlavə edib.

Bu barədə daha geniş