Premyer-Liqada bəxt məsələsi

Premyer Liqa cədvəli Fotonun müəllifi premierleague.com
Image caption Bu həftə Manchester United, iki illik fasilədən sonra yenə də İngiltərə futbolunun lider mövqeyinə qayıtdı

Hər şeyin sonu var. İstər xoş hadisələr olsun, istər məyusedici.

Bu turda Premyer-Liqada Leicester-in xoş, Manchester United-in isə bəd hadisələr silsiləsinə son qoyuldu.

Çempionatın əvvəlindən məğlub olmayan yeganə komanda olan Leicester 7-ci turda meydanı xal qazanmadan tərk etdi. Məğlubiyyətsizlik seriyası altı tur davam etsə də, Leicester kimi heç də böyük olmayan klubun həvəskarları üçün bu bir neçə həftə əməlli başlı nağıl kimi idi.

Lakin indi bu xoşbəxtliyə son qoyuldu. Lesterlilərdən fərqli olaraq, United azarkeşləri öz klubunun seriyasının bitməsini çox böyük səbirsizliklə gözləyirdilər. Özü də nə az, nə çox – iki il. Və nəhayət, bu uzunluğunda fasilədən sonra muradlarına çatdılar – United yenə də Premyer-Liqanın turnir cədvəlində birinci pillədədir!

Bu xəbəri onlar üçün daha da heyrətləndirici edən hadisə isə o oldu ki, United həmin mövqedən özünün əzəli rəqibi, Manchester-in digər klubu City-ni sıxışdırıb çıxartdı. United-in azarkeşləri üçün bundan heyranedici xəbər ola da bilməzdi.

Sanchez-in unikal nailiyyəti

Ümumiyyətlə bu tur çox maraqlı oldu. Elə onu demək kifayətdir ki, sonuncu dəfə Premyer-Liqada bir turda o qədər qol beş il əvvəl vurulmuşdu.

Fotonun müəllifi Getty
Image caption Alexis Sanchez İngiltərə, İspaniya və İtaliyanın yüksək liqalarının üçündə də het-trik yaratmağa bacaran tarixdə ilk oyunçu oldu

Qollara gəldikdə, bu turda yeganə het-trikin müəllifi olan Arsenalın çilili hücumçusu Alexis Sanchez ümumiyyətlə unikal bir nailiyyətə imza atdı. O, Avropanın üç aparıcı futbol çempionatı sayılan İngiltərə, İspaniya və İtaliyanın yüksək liqalarının üçündə də het-trik yaratmağa bacaran tarixdə ilk oyunçu oldu.

Elə Sanchez-in bu nailiyyəti idi ki, Leicester-in məğlubiyyətsiz seriyasına son qoydu. Lesterlilər Arsenala öz meydanında 2:5 hesabı ilə uduzdular.

Düzdür, oyun meydan sahibləri üçün çox yaxşı başlamışdı və demək olar ki, onların bir qədər bəxti gətirmədi. Jamie Vardy londonluların qapısına qol vurandan sonra, daha iki dəfə onun zərbələrindən sonra top qapı dirəyinə dəyib, meydana qayıdırdı. Arsenallı Walcott-un zərbəsindən sonra isə top qapı dirəyindən meydana deyil, tora sıçradı.

Doğrudan da, bizlərdə deyilmişkən, bəxtabəxtdir...

Təbii ki, bundan sonra Leicester futbolçuları ruhdan düşdülər, qonaqlar isə ən çox sevdikləri oyun üslubu – sürətli əkshücumlar üçün yaranan imkanı əldə edərək, rəqib qapısı istiqamətində yaydan buraxılan oxlar kimi uçmağa başladılar. Oxun iti ucu rolunda çıxış edən Sanchez isə meydan sahiblərini üç dəfə sancdı.

Böyük nailiyyətlər və rekordlar bax belə yaranır – bəxtabəxt!

Amma bir deyimi də unutmaq lazım deyil – bəxt həmişə daha güclülərin tərəfindədir. Axı bəxt sənə imkan yaradırsa, ondan istifadə etməyi də bacarmaq lazımdır.

Holland dostların İngiltərə qarşıdurması

İstifadə etmək bacarığına gəldikdə isə, bu məsələdə cari mövsümdə Manchester United-ə tay-bərabər yoxdur.

Fotonun müəllifi Man Utd via Getty Images
Image caption Sunderland-in baş məşqçisi Dick Advocaat və Manchester United-in çalışdırıcısı Louis van Gaal: bu iki holland vaxtıikən bir klubda oynayıblar və o vaxtdan dostdurlar

Premyer-Liqada son iki oyunun hərəsində üç qol vuran United-ə bunu etmək üçün rəqiblərin qapı çərçivələrinə cəmi altı zərbə vurmaq kifayət etdi. Yəni mançesterlilər hər zərbəni qolla nəticələndirirdilər. Bundan yaxşı bacarıq ola bilərmi?

United bu turda da rəqib qapısından üç top keçirə bildi. Özü də cavabsız. Gəl ki, görüşdən əvvəl meydan sahiblərinin belə inamlı qələbə qazanacağına ehtimal edənlərin sayı çox deyildi.

İş ondadır ki, qonaq Sunderland-in baş məşqçisi Dick Advocaat United-in çalışdırıcısı Louis van Gaal üçün ənənəvi olaraq çətin bir rəqibdir. Bu iki holland vaxtıikən bir klubda oynayıblar və o vaxtdan dostdurlar. Futbolçu karyeralarını bitirdikdən sonra hər ikisi məşqçi oldu və dostluqlarına baxmayaraq, rəhbərlik etdikləri komandaları bir birinə qarşı çıxarmalı oldular.

İndiyədək belə hadisə on dəfə baş vermişdi və van Gaal bu görüşlərin son doqquzunda qələbə qazana bilməmişdi. Onun bu qələbəsi isə bəlkə də ən vacibi oldu – United iki illik fasilədən sonra yenə də İngiltərə futbolunun lider mövqeyinə qayıtdı.

Oyundan sonra van Gaal dedi ki, "birinci pillədə olmaq təkraredilməz bir hissdir və özünə inamı xeyli artırır".

Bəxtəvər Tottenham

Amma United-in birinci pilləyə çıxması üçün "Qarabağ"ın rəqibi Tottenham də öz töhfəsini qoymalı oldu.

Londonlular bu tura qədər lider olan Manchester City-ni qəbul edirdilər və oyun heç kimin gözləmədiyi hesabla bitdi. Tottenham Premyer-Liqanın liderinin qapısından ötən həftə “Qarabağ”a vurduğundan daha çox top keçirərək, 4:1 hesabı ilə qalib gəldi.

Meydan sahibləri kifayət qədər sürətli və dəliqanlı oyun nümayiş etdirdilər. Bu da təsadüf deyil – axı Tottenham-in heyətində meydana çıxan futbolçuların orta yaşı 24-dən biraz çox idi ki, bu da onları hazırkı mövsümdə Premyer-Liqada oynamış ən gənc komanda etdi.

Amma onu da qeyd etmək lazımdır ki, 0:1 hesabı ilə geridə olan meydan sahibləri cavab, sonra isə üçüncü qolu da oyundan kənar vəziyyətlərdən vurdular. Burada da bəxt barədə danışmaq olardı. Amma bu günə bu barədə kifayətdir.

Bəxtsiz Mourinho

Çünki indi Chelsea-nin oyununa keçirik, onun məşqçisi isə xal itirəndə onsuz da həmişə bəxt, daha doğrusu bəxtsizlik barədə danışır.

Fotonun müəllifi Reuters
Image caption Newcastle Mourinho üçün "bəxtsiz" şəhərdir

Düzdür, bu oyundan sonra Mourinho jurnalistlərə dedi ki, "siz mənim daim şikayətləndiyim barədə danışa bilməzsiz. Mən buna gülürəm". Amma yanmayan yerdən tüstü çıxmaz axı?

Ötən həftə İngiltərə Futbol Assosiasiyası Mourinho-nun son turda komandasının ən yaxşı oyunçusu adlandıran Diego Costa-nın həmin görüşdəki hərəkətlərini bir qədər başqa cür qiymətləndirərək, onu meydançadan üç oyunluq kənarlaşdırdı.

Və Costa-sız Chelsea, Newcastle-ın meydanında kifayət qədər dişsiz görünürdü. Turnir cədvəlinin dibində qərarlaşan meydan sahibləri hətta 2:0 hesabı ilə irəliyə çıxa bildilər.

Amma Mourinho meydana Ramiresi buraxdıqdan sonra vəziyyət dəyişdi. Braziliyalı gözəl qol vuraraq, daha birini təşkil etdi, axırda isə az qala Chelsea-yə qələbə gətirəcəkdi.

Buna baxmayaraq, heç-heçə də çempionlar üçün pis nəticə olmadı. Ümumiyyətlə, Mourinho Chelsea-yə rəhbərlik etdiyi müddətdə bu onun Newcastle-da Premyer-Liqa çərçivəsində keçirdiyi artıq altıncı oyunudur və onların heç birində Chelsea qələbə qazana bilməyib. Üçünü isə ümumiyyətlə uduzub.

Doğrudan da bəxtsiz şəhərdir bu Newcastle Mourinho üçün...

Görürsünüz, bəxt elə şeydir ki, istər-istəməz qayıdırsan ona. Çünki Premyer-Liqa elə bir yarışmadır ki, burada hər şeyi santimetrlər və saniyələrin yüzdə bir hissələri həll edir.

Belə olan bir halda isə baş verənləri bəxtdən başqa nə iləsə izah etmək çətindir. Deməyəcəksən ki, "topa rəqibdən 0,01 saniyə tez çatıb qol vuran futbolçu hər gün başqalarından iki saat daha çox məşq edir". Maraqlı olmaz bu azarkeşlərin çoxu üçün.

Ona görə – elə bəxtabəxtdir bu futbol.

Bu barədə daha geniş