Cavid Ağanın bloqu: Azərbaycanın "gizli kurrikulumu"

Cavid Ağa Fotonun müəllifi Courtesy photo
Image caption "... Vaxtında məlumatlanmasam mən də artıq İD kimi bir qruplaşma üzvü ola bilərdim" - Cavid Ağa

Azərbaycan təhsili ağır mövzudur. Dünyadakı ən xarab təhsil sistemlərindən birinə sahib ölkələrdən birinin vətəndaşı sayıla bilərik.

Söhbət burda təkcə Sovet dövründən qalma uçulmuş, sökülmüş kənd məktəblərindəki qırıq oturacaqlardan, rüşvət alan müəllimlərdən, pulsuz verilməli olan dərs vəsaitlərinin satılmasından getmir. Təhsilin effektivliyi ilə yanaşı konteksti də xarabdır.

1763-cü ildə, Prussiya kralı Böyük Frederikin əmri ilə 8 illik məktəblər açıldı. Bundan əlavə universitetə hazırlıq üçün gimnaziyalar açıldı.

Prussiya təhsil sisteminin əsasında dövlətdən maliyyələşən, pulsuz və icbari təhsil, din və əsas texniki anlayışların təlimi var idi.

Gimnaziya və universitetlərin bahalı, orta məktəblərin isə pulsuz olması bir yüksək və aşağı gəlirli ailələr arasında sinfi fərqlər yaradırdı.

Beləliklə, imkanı daha çox olan ailələr - yəni əsilzadələr - daha yaxşı təhsil aldıqları, fəlsəfə və riyaziyyat öyrəndikləri halda (riyaziyyat ilk öncələr vacib deyildi və öyrənmək üçün əlavə pul ödənilməli idi), kasıb təbəqə sadəcə dövlətin onlara məcbur etdiyi təhsili ala bilirdi.

Bu sistem daha sonra 1774-cü ildə Avstriyaya və lap sonralar Rusiya ilə Böyük Britaniyaya yayıldı. Böyük Britaniya və Fransanın bu sistemə gec keçməsinin səbəbi, birincidə əyan sinfinin öz təhsil üstünlüklərini aşağı siniflərlə paylaşmaq istəməməsi, ikincidə isə kilsənin təhsildə öz payının azalacağından qorxması idi.

İcbari təhsil bir tərəfdən kasıbların övladlarına heç vaxt verə bilməyəcəyi bilikləri versə də, bir tərəfdən onların ölkənin müti vətəndaşları olmağına təkan verən propaqandanı yeridirdi. Bu "gizli kurrikulum" kimi də bilinir. Gizli kurrikulumu müəllim yox, məktəb yeridir.

Fotonun müəllifi Thinkstock

Azərbaycanın gizli kurrikulumu varmı? Əlbəttə var. Bu kurrikulumun içində nələr olduğunu çox gözəl bilirik - Mişel Fukonun dediyi kimi - ölülərə ibadət, irqçilik və fanatizm. Bizə bunlar lazım deyil, çünki xalqımızın özündə bu yoxdur.

Bir hadisədən danışım: 2013-cü ildə, Qəbələ-Oğuz-Şəki turu etmişdim. Əsas məqsədim etnik azlıqlardan biri olan Udinlər ilə əlaqədə olmaq, araşdırma aparmaq idi.

Nic kəndinə daxil olarkən özümü bambaşqa bir dünyaya düşmüş hiss etdim. Mağaza vitrinlərində açıq-aydın "donuz əti" elanları, maşınların qabaq şüşələrindəki "Ətağa" fotoları yerinə "Bakirə Məryəm" rəsmləri ilə birlikdə fərqli bölgəyə gəldiyin hiss olunurdu.

Nicdən Oğuza keçdikdən sonra şəhərin şimal tərəfində bir alaqapıya xaç işarələrinin çəkildiyini gördüm. Düşündüm ki, hansısa varlı bir Udinin şəxsi mülküdür.

Körpünün yanındakı yerli əhalidən oranın nə olduğunu soruşdum, mənə verilən cavabı isə ömrüm boyu unudacağımı düşünmürəm: "Ora erməni qəbirstanlığıdı qardaş, onlar bizimkiləri sökür, amma biz onlarınkını qoruyuruq". Ən maraqlısı isə nə idi bilirsiniz? Orda erməni qəbri görmədim. Nə "yan"la bitən bir soyad, nə də ermənicə qəbirüstü mətnlər. Onlar, ya udin, ya gürcü, ya da rus qəbri idi. O sadə xalq üzvləri onları erməni bilsələr belə, qəbirstanlığa toxunmurdular.

Bizim xalqımızda olmayan bu ksenofobiyanı "gizli kurrikulum" bizə aşılayır. BDU Tarix fakültəsi korridorunda bir-birini görəndə bozqurd işarəsi ilə salamlaşan professorlar, Çin imperiyası tarixi salnamələrinə "reallığı əks etdirmir" deyib Roma imperatorlarının türk olduğunu uyduran tarix üzrə fəlsəfə doktorlarından tutmuş 2-ci sinif şagirdlərinə "siz olsanız prezident seçkilərində kimə səs verərdiniz?" deyə sual ünvanlayan ibtidai sinif müəllimlərinəcən hamı bu kurrikulumun əsarətindədir.

Düşünürəm ki, təhsil sistemində din və ya ən azından ibtidai teoloji biliklərin verilməsi lazımdır ki, şagird ağı qaradan seçə bilsin və ekstremist dini qruplara qoşulmasın. Sözün düzü, vaxtında məlumatlanmasam çox güman mən də artıq İD kimi bir qruplaşma üzvü ola bilərdim.

Təhsil sistemimizin tək problemi rüşvət deyil, həm də kontentdir. Onun şagirdə çatdırılmasıdır. Məni bağışlayın, ədəbi ifadə bacarmıram. Məktəbdə yaxşı öyrənməmişəm.

Cavid Ağadan hansı mövzuda bloqlar oxumaq istərdiniz? Bizə yazın: azeri@bbc.co.uk

Həmçinin izləyin: Cavid Ağa və Şəbnəm Nəcəfova ilə Google Hangout