Futbol bloqu: Azərbaycan - Italiya 1:3

Fotonun müəllifi AFP
Image caption Italiya futbol yığmasının oyunçuları

İtaliyada ilk dəfə az qala 20 il bundan əvvəl olmuşam, 1996-cı ildə.

Adriatik dənizinin sahilindəki kiçik kurort şəhərinin boş çimərliyində (aprel ayı idi) bir neçə nəfərin futbol oynadığını, daha doğrusu topla məzələndiklərini gördüm.

70-80-ci illərin Bakısında böyümüş hər bir uşaq kimi, top görəndə dözə bilmədim və top qovanlara yaxınlaşıb, mənə də onlarla oynamağa icazə verməyi xahiş etdim. İcazə verdilər və təxminən yarım saat yaxşıcana oynadıq.

Oyunu bitirəndən sonra onlardan biri məndən soruşdu “Almaniyadansan?”

Bu yaxınlarda Londondakı italyan dostum Matteoya həmin hadisəni danışanda o dedi ki, əslində mən tərifə layiq görülmüşəm.

Sən demə italyanlar özlərini dünyada ən yaxşı futbol oynayan millət hesab edirlər və onlardan başqa bu işi ancaq almanların yaxşı bacardığını düşünürlər.

Güman ki, mən o şəhərciyin məhəllə futbolçularına yaxşı təəssürat bağışlamışdım.

Nə isə, mən onlara haradan olduğumu söylədim.

“Azərbaycan” sözü onlarda təəccüb doğurdu və görünürdü ki, onlar nəinki Azərbaycan futbolu, hətta bu ölkənin özünün mövcudluğu barəsində xəbərsiz idilər.

Əminəm ki, indi bu ad italyanlara daha çox tanışdır. Ən azı ona görə ki, bu ölkədə demək olar ki, hər bir adam milli futbol komandasının oyunlarını izləyir və bu dəfə onun məhz Azərbaycana qarşı oynadığı barədə xəbərdar idi.

Bu görüşdən əvvəl onun mümkün nəticəsi barədə proqnozlar Azərbaycan milli komandası üçün o qədər də nikbin deyildi.

Düzdür, oyunda işitirak edəcək hər iki tərəfin nümayəndələri Prosineçkinin gəlişindən sonra Azərbaycan millisinin oyununda keyfiyyət irəliləyişinin olduğunu qeyd edirdilər, lakin... Bakıya nə az nə çox, İtaliya komandası gəlirdi.

Dünya futbolunun əjdahası olan və bu oyunda üç xal alıb, Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmək əzmində olan İtaliya.

Oyundan əvvəl qonaqların baş məşqçisi Antonio Konte oyunçuları qarşısında çıxış edərək, onlardı rəqibə ciddi yanaşmağa çağırdı: “Azərbaycan komandası üzərində sürüşə biləcəyimiz banan qabığı ola bilər”.

Nədənsə mənə onun sözləri müəyyən dövlətlərlə bağlı istifadə olunan “banan respublikası” ifadəsini xatırlatdı, amma bu tamam başqa söhbətin mövzusudur...

Oyun başlanan kimi Xorvatiya millisinin (artıq keçmiş) baş məşqçisi Niko Kovaçın sözləri yadıma düşdü: “Azərbaycan futbolçuları daha əvvəlki kimi topu hara gəldi vurmurlar”.

Bu oyunda da meydan sahibləri hətta öz cərimə meydançalarında, ən çətin məqamlarda belə topu doğrudan da hara gəldi vurmur, bir birlərinə ötürürdülər. Komanda topa nəzarət etməyə çalışırdı. Prosineçkinin Azərbaycan millisinə gətirdiyi bu oyun üsulu buna qədərki görüşlərdə özünü doğrultmuşdu və rekord olan dörd oyunluq məğlubiyyətsiz seriyasının əsas təzminatşısı oldu. Lakin həmin oyunlardakı rəqiblər olan Malta, Norveç və hətta Xorvatiya İtaliyanın tayı-bərabəri deyildi. İtaliya tamam başqa səviyyəli rəqibdir.

Qonaqlar Azərbaycan komandasının oyununu yaxşı öyrənmiş kimi görünürdülər və görüşün ilk dəqiqəsindən yüksək pressinq tətbiq etməyə başladılar.

Nəticədə qısa ötürmələr vasitəsilə topu özündə saxlamağa çalışan meydan sahibləri çox zaman təzyiqə dözməyərək, səhvlərə yol verirdilər.

Bu səhvlər nəticəsində topu əldə edən italyanlar isə özlərinin ən sevimli silahı, İtaliya futbolunun rəmzi olan sürətli əks-hücumlar üçün imkanlar əldə edirdilər.

Və oyunun başlanmasından on dəqiqə keçmiş onlardan biri klassik qaydada həyata keçirildi - Verrattinin uzun ötürməsindən sonra Eder qapıçı ilə üzbəüz çıxıb, hesabı açdı.

Azərbaycan komandası isə öz oyun üslubunun tətbiqini davam etdirdi.

Gəl ki, bu qısa ötürmələr və italyanların pressinqi meydan sahiblərinə çox zaman hətta meydanın rəqibə aid olan hissəsinə keçməyə belə imkan vermirdi.

Birinci hissədə italyanların qapısı qarşısında cəmi iki dəfə müəyyən gərginlik yarandı və onların hər ikisi yeganə hücumçu Ruslan Qurbanova ünvanlanan uzun ötürmələr nəticəsində oldu.

Birinci dəfə Ruslan qarşısıda olan iki müdafiəçinin üstünə getməyə cürət etmədi və komanda yoldaşlarını gözləməyə üstünlük verdi. Həmin yoldaşlar hücuma gələnə qədər isə artıq bütün İtaliya komandası geriyə çəkilib, müdafiə istehkamlarını qurmuşdu.

Təbii ki, bütün bu bəkləntilər topun itirilməsilə bitdi. İkinci dəfə isə Ruslan top uğrunda mübarizə apardı, nəticədə top Nazarova gəlib çıxdı və o, çox yaxşı zərbə ilə hesabı bərabərləşdirdi.

Lakin bu bərabərlik də təxminən on dəqiqə davam etdi və qonaqlar yenə də meydanın mərkəzində topu əldə edib, bir uzun ötürmə ilə qapı qarşısına iki oyunçularını çıxartdılar ki, vurulan qol artıq həmin hücumun formal bir yekunu oldu.

İkinci hissədə vurulan üçüncü qol da belə bir səhvin nəticəsi oldu ki, ondan sonrakı Azərbaycan komandasının 10-15 dəqiqəlik fəal oyunu artıq heçnəyi dəyişə bilməzdi.

Bu görüşdə Prosineçkinin Azərbaycan komandasına aşıladığı oyun üsulu işləmədi.

Əslində hətta görüşdən əvvəl də aydın idi ki, italyanlara qarşı belə oynamaq olmaz. Hər halda alman deyilsənsə, olmaz.

Alman demişkən, mənə elə gəlir ki, Berti Foqtsun Azərbaycan millisində tətbiq etdiyi “bütün komanda müdafiədə, top gələn kimi isə onu var gücünüzlə irəliyə vurun, bəlkə orada nəsə baş verdi” sistemi məhz bu oyunda işləyərdi.

İtaliya futbolçuları özləri bu sistemlə oynadığına görə (düzdür, onun daha təşkilatlanmış, ağıllı və səviyyəli növü ilə) kütləvi müdafiəni qırmaqda həmişə çətinliklər çəkirlər. Əminəm ki, Prosineçki bunu bilir, amma nədənsə o, komandasının oyununda dəyişikliklər etmədi.

Amma digər tərəfdən, bəlkə də bu, düzgün bir addım idi.

Azərbaycan bu oyunda Foqts sistemi ilə oynasaydı, bəlkə də bir xal qopara bilərdi. Amma məncə komandanın özünə olan inamı və əminliyini itirməməyi bu bir xaldan daha vacibdir.

Meydan sahibləri İtaliyaya kimi güclü rəqibdən çəkinmədən oynayırdılar ki, əvvəllər belə bir şeyi görmək çətin idi. Və bu dəfə uduzsalar da, bilirlər ki, bu rəqibə uduzmaq ayıb deyil. Hər halda Azərbaycan futbolunun indiki halında.

Bu oyunda qazanılan özünə inam isə, gələcəkdə Azərbaycan futboluna çox xal gətirə bilər. Və ola bilsin ki həmin xallar Bakının Olimpiya stadionunun meydanında keçirilən ilk rəsmi oyunda qazanıla bilən bir xaldan daha vacib olsun. Onda özümüzü almanlarla da müqaisə edə bilərik...

Bu barədə daha geniş