Cavid Ağanın bloqu: Suriyalı miqrantlar üçün hər şey çox sadədir?

Fotonun müəllifi Courtesy photo

Təxminən 2 həftə əvvəl avtobusla universitetə gedirdim. Səhər saatlarındakı ənənəvi sıxlığa alışqın halda avtobusun bir-bir dayanacaqlarda verəcəyi "tormoz"lara hazırlaşırdım.

Birdən-birə avtobusa bir qrup suriyalı mindi. Uzun saqqalları və sadəcə səyahət verilişlərində gördüyüm ənənəvi geyimləri ilə suriyalı ərəb olduqları məlum idi.

Ankarada bələdiyyə avtobuslarına minəndə pulu əvvəlcədən verirsən. Onlar da pulu vermək üçün avtobusun ortasındakı kassaya yaxınlaşanda, o cürə sıxlığın içində bir-birinin üstünə dırmaşan türklər tələsik yeni gələn sərnişinlərdən qaçdılar. Hələ yanımdakı bir kişi də telefonda danışarkən "vallahi bıktık bu suriyelilerden" (vallah bezdik bu suriyalılardan) deyirdi.

Azərbaycanla əlaqəm sadəcə virtualda - sosial şəbəkələr vasitəsilə - qalıb. Buna görə də Azərbaycanda gedən prosesləri izləmək üçün xəbər saytları və agentliklərinin Facebook və Twitter səhifələrini izləyirəm. Bu vaxt da insan rəyləri oxumadan keçə bilmir.

Bəlkə də "qonşuların fikirlərinə həddən artıq dəyər vermə" adlanan trivial instinktin təsiri ilə dəhşətə gəlirəm.

Bir qrup suriyalı qaçqın Avropaya çatmaq üçün dənizləri keçməyə riskə gedir, vətənindəki həyatını geridə qoyaraq daha yaxşı həyat ümidilə Qərbə köçür. Buna görə isə qaçaqçılara ölkələrə qeyri-qanuni keçmək üçün minlərlə dollar verməli olurlar. Bunun üçün hətta Facebook-da reklam verilir, Whatsapp və Viber nömrələri elan edilir.

Bu videonu da izləməyə dəyər: Miqrant qaçaqçıları BBC müxbirinin gizli kamerasında.

Bəs nədir bu Suriya məsələlərində Azərbaycan xalqını səhərdən-axşamacan narahat edən? Gündüz Ağayev niyə Avropada sekulyarizminin təhlükəsizliyini avropalılardan daha çox dərd edir?

Səbəb sadədir - paxıllıq.

İnsanlar daha yaxşı bir həyat yaşamaq üçün illərlə oxuyur, işləyir, rüşvət verir, hərbi xidmətdə alçaldılır, işlədiyi yerin müdiri deputatlığa namizəddirsə, Facebook profilində onu 24/7 reklam edir. Onu bu qədər əziyyətə qatlaşdıran şey isə ümididir. Nə vaxtsa rifahla yaşamaq ümidi.

Amma bu suriyalılar vizaya müraciət etməmiş, qruplar halında qaçırlar Avropaya, Almaniyada yaşamağa başlayırlar. Burda "Kərəmi ağlamaq tutur".

Bəs Avropaya çoxdan getmiş bəzi azərbaycanlılar niyə belə dərdlidir? Bəlkə də ən dərdli olanlar onlardır. Axı onlar neçə il mitinqlərə özlərini göstərməyə gedib, müxalif görünən QHT-lərin 2 aylıq funksioneri olmaq üçün saxta həyat yaşayıb, sonra sənəd düzəldib Avropaya qaçmaq üçün bu qədər əziyyət çəkiblər. Hər şey bu qədər sadə olmamalıdır.

Bundan sonra isə başlayır "əcəb olub" fazası. İnsanların bir-birinə onsuz da nifrət etməyə səbəb axtarmağı bəs deyilmiş kimi, hansı ölkədə nə fəlakət olsa insanlar çox ürəkdən bir "əcəb olub" deyir.

Fransada qırğın? Əcəb olub! Türkiyədə partlayış? Əla, onlara bu da azdır! Rusiya İŞİD-dən əlavə iqtidara əks olan qrupların idarə etdiyi şəhərləri də bombalayır? Eşq olsun Putinə! İsrail Fələstinliləri qırır? Möhtəşəm. Günahsız bir insanı sırf etiraz etdi deyə cibinə marixuana atırlar? Əcəb olub!

Sanki Qarabağ və Ermənistan qaçqını olduqlarını hər yerdə deyən insanları görmürük. Sanki ADNSU (keçmiş ADNA) qırğınını hər il yad edən biz deyilik. Sanki aylar öncə paytaxtımızın düz ortasında bütöv bir binanın yanmasına, körpələrin ölməsinə anbaan şahidlik edən biz deyildik.

Bəlkə də bizim azca dəyişməyimiz üçün daha çox fəlakət, qırğın, yanğın lazımdır? Qonşumuzun gözümüzün önündə yanmağını görsək bəlkə qana susamışlığımız azalar? "Əcəb olub" fazasını keçərik.

Həmçinin izləyin -

Sizin sözlərinizlə: Azərbaycanlılar miqrant böhranını şərh edir

Bu barədə daha geniş