Cavid Ağanın bloqu: "Trollar, işiniz çətinləşir"

Fotonun müəllifi Wikimedia

Fransız filosof Mişel Fuko (Michel Foucault) ingilis hüquqşünas Ceremi Bentamın (Jeremy Bentham) "Panoptikon" dizaynını cəmiyyətin və iqtidarın möhtəşəm bir izahı kimi görürdü.

Onun sözləri ilə desək - "hər yerdə hakimlər var. Biz müəllim-hakim, həkim-hakim, tərbiyəçi-hakim, sosial işçi-hakimlərin cəmiyyətində yaşayırıq. Normativlərin hakimiyyəti bu şəxslərin üzərində qurulub".

Panoptikon - yəni cəmiyyət - bu hakimlərin yaratdığı bir həbsxananın simvoludur. Həbsxana kameraları sadəcə bir yerə baxır və hər şey bir mərkəzi qüllənin ətrafında üzük qaşı kimi düzülür.

Məhbus ona nəzarət edəni görmür, amma nəzarətçi daim hamını görür. Bununla belə, məhbus daim ona kiminsə baxdığından şübhələnir. Ona heç kim baxmasa belə, daim özünü "ağır" aparır, öz istədiyini etmir ki, birdən nəzarətçi ona cəza verər.

Dövlətlər bu panoptikonları cəmiyyətə mükəmməl şəkildə tətbiq edib. Panoptikon qanunlarına əməl etməyənləri isə dövlət həbsxanaya göndərir. Fuko bu həbsxanaları "təcridxana" adlandırmağın tərəfdarıdır.

Əvvəllər cinayətkarlar meydanlarda asılıb edam edilirdi.

Azərbaycan nağıllarında da var - padşah cinayətkarı edam edir, bədəninin bir şaqqasını şəhər girişində, o biri şaqqasını çıxışda asır. Orta əsrlərdə belə hərəkətlər xalqın qəzəbinə və üsyanına səbəb olurdu.

Ancaq indi hökümətlər "daha sivil" görünsələr belə daha qəddar davranırlar. Dövlətlər artıq bütün bu cəzaları insanların gözündən uzaqda verirlər, insanları hökümətə qarşı, haqsızlığa qarşı ayağa qaldırmamaq üçün təcridxanalarda yerləşdirirlər.

Sosial media panoptikonu və trollar

Məncə isə Panoptikonun başqa bir versiyası da mövcuddur - sosial media panoptikonu.

Sosial media panoptikonu bizim paylaşdıqlarımızdan ibarətdir. Bu panoptikonda istər nəzarətçi, istərsə də məhkum ola bilərik. Hansı mövqedə olacağımız isə sosial media yükümüzə görə dəyişir.

5000 dostu olan aktiv sosial media istifadəçisinin 200 dostu olan bir şəxsin paylaşımını tənqid etməsində bunu görə bilərik. 30 nəfər şəxs 5000 dostu olan şəxslə razılaşmaq üçün rəyini bəyənəcək, 200 dostlu şəxs isə əslində həqiqəti söyləsə belə avtomatik "səhv" çıxacaq.

Dövlətlər və siyasətçilər sosial media panoptikonunu hələ yeni kəşf etsələr də, effektiv istifadə edirlər. Bunun üçün "troll" adlı saxta profillərdən istifadə olunur. 100 dostlu bir şəxs bir siyasətçi və ya höküməti tənqid edərsə, 100 "troll" rəy gəlir və panoptikon işə düşür.

"Troll" profillərin məqsədi 100 dostlu şəxsə "həqiqəti" göstərmək deyil - həmin diskussiyanı oxuyan potensial 100 dosta təsir etməkdir.

Trollar ABŞ və Rusiya başda olmaqla bir çox dövlət tərəfindən istifadə olunur. 2012-ci ildə Anonymous xaker qrupunun yaydığı məlumata görə Rusiya höküməti trollara 600 000 rubla qədər maaş verir. John Snowdenin də ABŞ Milli Təhlükəsizlik Agentliyi haqqında yaydığı məxfi məlumatlarda oxşar tətbiqdən bəhs olunurdu.

Azərbaycanda da trollardan istifadə çoxalmağa başlayıb. Onlar hər sosial media səhifəsindədirlər. Profil rəsmləri yoxdur, haqlarında məlumat yoxdur, tək bildikləri isə höküməti tənqid edənləri "trollamaqdır".

İnternetə nəzarət çox çətin olduğu üçün dövlət, qəzetləri bağladığı kimi saytları bağlaya bilmir. Buna görə də trollara ehtiyac duyur.

Trolların işi artıq daha da çətinləşib. Facebook 17 oktyabrda elan etdiyi bir yeniliklə istifadəçiləri xəbərdar etdi. Belə ki, bundan sonra Facebook dövlət tərəfindən dəstəklənən kiberhücumlara məruz qalan istifadəçiləri xəbərdar edəcək.