Futbol bloqu: Premyer Liqada derbilər günü

Londondakı yaxın dostlarımdan biri, Rory ilə tez-tez görüşməsəm də, ildə bir dəfə onun harada olduğunu dəqiq bilirəm.

Elə bilməyin ki, bu hansısa tarixlə bağlıdır. Xeyr, bu hadisə ilin istənilən vaxtı baş verə bilər.

Və bu hadisə baş verəndə, mən bilirəm ki, Rory bütün işlərini kənara qoyub, qatara bir xeyli pul xərcləyib (burada qatarlar bahadır) Londondan İngiltərənin şimalına, doğma Sunderland şəhərinə gedəcək.

Getməyinin məqsədi isə Sunderland – Newcastle oyununu canlı izləyərək, öz həmşəhərlilərinə onların ən acı rəqibinə qarşı döyüşündə dəstək verməkdir.

Bu oyunu Sunderland-ın heç bir azarkeşi, harada olmasından asılı olmayaraq, buraxa bilməz! Və sözün düzü, bu məsələyə Newcastle tərəfkeşlərinin də yanaşması eynidir.

Böyük şimal derbisi

Bu hadisəni “Böyük Şimal Derbisi” adlandırırlar.

Bu iki şəhər bir-birindən cəmi 15 kilometr aralıda yerləşsə də onların futbol rəqabəti haqqında əsl dastanlar yazmaq olar və azarkeşlər arasında doğrudan da belə rəvayətlər gəzir.

Sunderland klubunun muzeyində olanda isə məndə elə təsəvvür yarandı ki, orada klubun nailiyyətlərindən (Sunderland altı dəfə İngiltərə çempionu olub - onlardan üçünü 19-cu əsrdə, sonuncusunu isə 80 il bundan əvvəl əldə edib) daha çox onun Newcastle-la rəqabətinə diqqət ayrılıb.

Bir neçə il bundan əvvəl mənim Sunderland-ə səfərim derbi ilə üst-üstə düşmüşdü və mən onun mühitini hiss elədim.

Oyundan əvvəl şəhərin küçələri bom-boş idi. Hansısa bəxtəvərlər stadionda, əhalinin qalan hissəsi isə pablarda və evlərdə toplaşaraq televiziya yayımını gözləyirdi.

Oyundan sonra isə şəhərin vağzal meydanı polislə dolu idi və onlar Newcastle-dan gələn azarkeşləri əhatə edərək, onların metroya (Sunderland-lə Newcastle-ı metro xətti birləşdirir) sağ-salamat daxil olmasına nəzarət edirdilər.

Sözün düzü, mən Britaniyanın başqa yerlərində o qədər polisin yığışdığını görməmişəm. Bəlkə də ona görə ki, Newcastle həmin oyunda qalib gəlmişdi və polis yerli azarkeşlərin əsəbi olacağından çəkinirdi.

Əminəm ki, həmin gündən fərqli olaraq, bu bazar Sunderland-də bayram idi. Klub bu mövsümdə ilk qələbəsini qazandı, özü də 3:0 hesabı ilə, özü də nə az nə çox, Newcastle üzərində! Sunderland azarkeşi üçün bundan artıq sevinc ola bilərdi mi?

Düzdür, Rory ilə oyundan sonrakı yazışmalarımızda o qeyd etdi ki, “Qara pişiklər” (Sunderland klubunun ləqəbi) birinci hissədə dəhşətli dərəcədə pis oynadılar.

Şimallılar sözün düzünü deməklə İngiltərədə özlərinə ad qazanıblar və həqiqəti deməkdən heç zaman çəkinmirlər.

Rory haqlı idi. Newcastle bütün birinci hissəni meydanın rəqibə aid hissəsində keçirərək, bir çox qol imkanı yaratdı, lakin onlardan istifadə edə bilmədi.

Hissənin sonunda isə Sunderland-li Steven Fletcher əks-hücumda cərimə meydançasına daxil olduqda qonaqların müdafiəçisi Fabricio Coloccini onu itələyərək, yerə saldı.

Hakim bir qədər mübahisəli penalti təyin edərək, bu azmış kimi, Coloccini-yə də qırmızı vərəqə göstərdi.

Nəticədə əsas müdafiəçisiz qalan qonaqlar ikinci hissədə daha iki qol buraxaraq, məğlubiyyətə uğradılar.

Sunderland isə nəhayət ki, Premyer Liqadakı sonuncu yeri tərk etdi. İndi o 18-ci yerdədir və top fərqinə görə 19-cu yerdəki Newcastle-ı qabaqlayır.

Manchester nəhənglərinin maraqsız toqquşması

Fotonun müəllifi AFP
Image caption Manchester United-lə Manchester City matçında yalnız son 10 dəqiqə ərzində müəyyən canlanma baş verdi.

Bu turun digər derbisində qarşılaşan komandalar isə yarış cədvəlinin digər qütbündə yerləşir.

Manchester-in nəhəngləri – United-lə City birinci pillə və ümumilikdə çempionluq uğrunda mübarizə aparır.

İş elə gətirib ki, iki il bundan əvvəl tale məni Manchester derbisi günü bu şəhərə gətirmişdi.

Və deyə bilərəm ki, oradakı mühit Sunderland-dəkindən daha yumşaq idi. Bəlkə də ona görə ki, mövsümün sonu idi və United artıq çempionluğunu təmin etmişdi, bəlkə də ona görə ki, iş günü - bazar ertəsi idi və camaat işdə-gücdə idi.

Təbii ki, oyunun keçiriləcəyi Old Trafforda getdim və hətta oyuna əldən bilet almağa çalışdım. Və burada başa düşdüm ki, əslində şəhərdə oyuna maraq çox böyükdir.

Belə ki, 75 min tutumlu stadiona mənə təklif olunan ən ucuz biletin qiyməti 250 funt sterlinq idi.

Yəni 400 manat. Fikirləşdim ki, yenə “Neftçi” ya “Qarabağ”a Avropa kuboklarının finalında baxmaq üçün bu pulları verməyə dəyər, belə isə bu mançesterlilər mənsiz də keçinərlər...

Keçindilər və indiyənə kimi də keçinirlər. Bu qarşılaşmada isə elə yaxşı ki, mən Old Traffordda yox idim.

Çünki ödəyəcəyim pullara görə çox heyfislənərdim. Elə onu demək kifayətdir ki, birinci hissədə komandaların heç biri qapı çərçivəsinə zərbə vurmamışdı. Daha burada nəyə baxasan ki?

İkinci hissə də elə şəkildə davam edirdi və yalnız son 10 dəqiqə ərzində oyunda müəyyən canlanma baş verdi. Buna baxmayaraq, hər şey elə 0:0 hesabı ilə bitdi.

Çoxları meydan sahibi olan United-in zəif oyununu onun kapitanı Rooney-nin formada olmaması ilə izah edirlər.

Bu oyunda o, topa toxunmaq və topu itirməyin ümumi sayı, habelə ötürmələrin dəqiqliyinə görə bütün komanda yoldaşları arasında (qapıçı istisna olmaqla) ən pis nəticə göstərmişdi.

Müasir futbolda isə hətta bir nəfərin pis oynaması bütün komandanın zəhmətini puç edir.

Qərbi London derbisindəki fırtınalar

Fotonun müəllifi Getty
Image caption Chelsea Qərbi London derbisində West Ham komandasına məğlub oldu.

Haqqında danışacağımız növbəti derbinin iştirakçılarından birində - Chelsea-də isə, belə oyunçuların sayı deyəsən daha çoxdur.

Chelsea Qərbi London derbisində West Ham-lə görüşürdü.

Londonda yaşadığıma görə, təbii ki bu şəhərdə baş verən çoxsaylı derbilər zamanı da onların ətrafındakı mühitin şahidi olmuşam.

Və deyə bilərəm ki, bu mühiti yalnız oyunun keçirildiyi stadionun sıx ətrafında hiss etmək olar.

Biraz aralı isə, heç deməzsən ki, buradan 500 metr məsafədə əzəli rəqiblər görüşürlər. Dediyim kimi, London böyük şəhərdir.

Amma bu görüşdə emosiyalar əsl derbiyə layiq idi. Birinci hissədə West Ham hesabı açdi və Chelsea cavab hücumlara atıldı.

Əvvəlcə Kourt Zouma-nın zərbəsindən sonra West Ham müdafiəçisi topu qapı xəttindən çıxardı. Qolun olduğunu iddia edən Chelsea oyunçularının etirazları eşidilmədi. Sonra Fabregas qol vurdu, lakin hakim onun oyundan kənar vəziyyətdə olduğunu bildirərək, qolu saymadı.

Oyundan sonra müasir texnologiyalar vasitəsilə sübut olundu ki, hər iki halda hakim haqlı idi. Lakin Chelsea-nın oyunçuları ilə rəsmiləri əks fikirdə idilər və əməlli başlı qəzəbləndilər.

Daha sonra, birinci hissənin sonunda hakim Chelsea-nin oyunçusu Nemanja Matic-ə və məşqçi Silvino Louroya qırmızı vərəqələr göstərərək onları müvafiq olaraq meydandan və ehtiyat skamyasından qovdu.

Fasilədə isə Chelsea-nin baş məşqçisi Jose Mourinho da hakimlərə təzyiq etdiyinə görə tribunalara göndərildi... Təbii ki, Chelsea 1:2 hesabı ilə məğlub oldu və həmin gün 49-cu doöum gününü qeyd edən komandanın sahibi Roman Abramoviçə arzuolunmaz bir hədiyyə bəxş etdi.

Və "qardaş qırğını"

Fotonun müəllifi AFP
Image caption Aston Villa yarış cədvəlinin son pilləsinə enməsindən sonra klubun məşqçisi Tim Sherwood vəzifəsindən azad edildi.

Bu turdakı daha bir qarşılaşmanı bir növ derbi adlandırmaq olar.

Belə ki, Aston Villa ilə Swansea-nin oyununda rəqib komandaların heyətlərində meydana iki qardaş çıxdı – Jordan (Swansea) və Andre (Aston Villa) Ayew-lar.

Qanalı qardaşların hər biri bu oyunda qol vursa da, məhz Andrenin vurduğu top həlledici oldu və Swansea 2:1 hesabı ilə qələbə qazandı. Nəticədə Aston Villa yarış cədvəlinin son pilləsinə endi və onun məşqçisi Tim Sherwood vəzifəsindən azad edildi.

Demək olar ki, Andre qardaşı Jordan-ın Premyer Liqadan aşağıya aparan yolu döşəməyə kömək etdi.

Birinci yeri isə Manchester City ilə, son turda Evertona 2:1 hesabı ilə qalib gələn Arsenal bölüşdürür.

Maraqlıdır ki, londonlular qolların ikisini də əsl İngiltərə üslubu - başla vurdular ki, bu da daha çox kombinasiyalı futbol oynayan Arsenal üçün xas deyil.

Amma necə deyərlər, qələbəyə aparan hər bir yol yaxşıdır...