Cavid Ağanın bloqu: Azərbaycan roku, niyə bu vəziyyətə gəldik?

Fotonun müəllifi Courtesy Photo

Azərbaycanda rok musiqinin hardasa yarım əsr yaşı var. Azərbaycan rokunun tarixi ilə maraqlananlar bu barədə çox geniş məlumata sahibdirlər amma mən yenə də qısa bir xülasə vermədən keçə bilməyəcəm.

Bütün ölkələrdə olduğu kimi 1960-cı illərdə Azərbaycanda da ilk rok qrupları başqa qrupların – xüsusilə “Led Zeppelin”, “Jimi Hendrix” və “Beatles” kimi qrupların - musiqisini ifa edərək bu səhnəyə gəliblər.

Bu qruplar da əsasən universitetlərin tələbə birliklərində olub. 1970-ci illər və 1980-ci illərdə Azərbaycanda caz və rok birlikdə inkişaf edib.

Hətta B.B.King də Azərbaycanda konsert vermişdi. Lakin bütün müharibələr kimi, ermənilərlə müharibə də Azərbaycanda bu inkişafın qarşısını kəsdi.

Tarixin təzadı budur, AC/DC, Pantera, Metallicavə The Black Crowes 1991-ci ildə Moskvada musiqi tarixinin ən böyük ikinci konsertini (1.600.000 tamaşaçı) verəndə Azərbaycan müharibə vəziyyətində idi.

Lakin "inkişaf tam ölmüşdü" də demək olmaz, “Odlar Yurdu” və “Qızıl Payız” kimi musiqi festivalları hələ də keçirilirdi. Hətta “Youtube”da Almaniyanın “Ket Chup Boys” qrupunun 1990-cı ilin noyabrında Bakıda verdiyi konsertin videosu var.

Bəs nə oldu? Necə oldu ki, indi kiminsə akustik gitara çala bildiyini görəndə sevinəcək vəziyyətə gəldik? Bunun bir neçə səbəbi var.

Müharibə - Sözsüz ki, müharibə sənətin düşmənidir. Müharibə xüsusilə Bakı kimi çoxmillətli şəhərin sənəti üçün ağır zərbə idi. Məhz müharibə dövründə bir çox erməni və rus musiqiçi Azərbaycanı tərk etməli oldu. Bu ermənilər və ruslar öz ölkələrinə yox, ABŞ-a getdilər. Məsələn, Rafiq Babayevin qrupunun yeganə yaşayan üzvü - əslən erməni olan Yuri Sərdarov indi Çikaqo şəhərində yaşayır və orada musiqi ilə məşğul olur. Məşhur Əzizə Mustafazadənin öz karyerasını Azərbaycanda davam etdirməməyinə təəccüblənməmək lazımdır.

Fotonun müəllifi Firuze Nesibli

Rejim – Hər nə qədər gənc nəsil “92-93-də çölə çıxa bilmirdik” yalanına inansa da, faktlar bunu göstərir ki, elə məhz bu dövrdə rok festivallar, “Tac qrupu”, “Karvan” kimi qruplar yüksəlişdə olub. “Stabillik” bərqərar olandan sonra rok musiqisində də stabillik dövrü başlayıb. Çox güman ki, rok həm etiraz musiqisi olduğu üçün, həm də rejim dəyişikliyi ilə gələn yeni məmurlar hələ də kənd ab-havasından çıxa bilmədiyi üçün buna müəyyən çətinliklər yaradılırdı.

Maddi problemlər – Azərbaycanın əsas problemi sözsüz ki, Azərbaycan musiqisinin, Azərbaycan rokunun da əsas problemidir. Avadanlıq və studiya baha olduğu üçün konsertlər də baha olur. Konsertlər baha olanda musiqiyə maraq da azalır. Bundan əlavə yeni musiqiçilər Spotify, iTunes, Amazon kimi onlayn musiqi platformalarındakı satış qabiliyyətindən nədənsə istifadə etmirlər. Çıxardıqları albomlar isə CD və DVD formatında sadəcə müəyyən mağazalarda satılır və ya əldən paylanır. Əgər mümkün olsaydı, mən çox istərdim bir Azərbaycan rok qrupunun albomunu internet üzərindən ala bilim. Əslində 90-cı illərdən sonra rep musiqisinin inkişafının bir səbəbi də bu idi. Musiqi alətlərindən istifadə olunmurdu, beat yazılırdı və şeir deyilirdi – bu da olurdu rep. Çox pul xərclənmirdi.

Piratçılıq – Bir rok qrupu və ya musiqiçisi yuxarıdakı fazalarda problem yaşamasa belə, axır-əvvəl piratçılıqla mübarizə aparmalı olur. Sözün düzü, əvvəl mən də pirat yükləməyə üstünlük versəm də, artıq istər xarici, istər yerli musiqiçilərin albomlarını pulla – Spotify vasitəsilə – dinləyirəm. Youtube məşhurlaşmaq, tanınmaq üçün yaxşıdır amma bütün albomun Youtube-da yerləşdirilməsi sadəcə musiqiçiyə zərər vurur. Söhbət əlbəttə yeni qruplardan və müasir musiqiçilərdən gedir. Mən Sovet dövründəki rock qruplarının konsert video və səs yazılarının Youtube-da yerləşdirilməsinin tərəfdarıyam. Bu sadəcə inkişafa təkan verər.

Təbliğat və təşviqat – Maddi problemlərdən sonra ikinci ən böyük problemdir. Anar Nağılbazın bir zamanlar dediyi kimi, “bu xalqın sevdiyi repdir, muğamdır, sazdır”. Azərbaycanda Bakı, Sumqayıt və Gəncə şəhərləri xaricində təbliğat sıfırdır. Əlbəttə, mən demirəm ki, hansısa rayon yerində heç məktəbə getməyə pulu olmayan bir yeniyetmə hökmən rok dinləməlidir. Amma Sovet dövründə Vyetnamdan bir qrup gəlib Zaqatalada konsert verə bilirdisə, niyə də olmasın? Rok musiqiçilərin və təşkilatçıların özü birbaşa rayonlarda konsertlər versə heç də pis olmaz. Bununla həmçinin xaricdəki ən məşhur qrupları da Azərbaycana gətirə bilərik.

Bu barədə təhsilin də danılmaz rolu var. Mən məktəbdə oxuyanda bizə guya “musiqi” dərsi keçilirdi. Tək etdiyimiz ilin hər 5-ci günü “Akt zalı”na gəlib şeir oxumaq idi. Bəli, sadəcə oxumaq – nə nota, nə musiqi aləti, heç nə barədə anlayışımız yox idi. Azərbaycanda nədənsə elə düşünürlər ki, musiqi ilə maraqlanan insan hökmən konservatoriyada oxumalıdır.

Uzun sözün qısası, rok musiqimizə yenidən can verməli, onu diriltməliyik. Lazım gəlsə, Mədəniyyət və Turizm Nazirliyi də dəstək verməyə borcludur.