Cavid Ağanın bloqu: Özümüzü görə bilirikmi?

Fotonun müəllifi Courtesy photo

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev bu yaxınlarda Milli Məclisə "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsi təqdim etdi. Bu qanun layihəsi əlbəttə virtual və real həyatda gülüş doğurdu - bəlkə də, ilin ən gülməli hadisələrindən biri oldu.

Bu vəziyyəti izah edən bir çox atalar sözlərimiz var, bu situasiyaya ən uyğunu yəqin ki, "meymun baxar güzgüyə, adını qoyar özgəyə" məsəlidir.

Lakin, Mavrikili böyük ədib Malkolm de Şazalın sözləri ilə ifadə etsək, “meymun insandan daha üstündür, çünki o güzgüyə baxanda təkcə meymun görür”.

Özümüzü görə bilirikmi?

Həqiqətən də, "güzgü testi" adlı geniş yayılmış bir eksperiment ta 70-ci illərdən bəri heyvanların üzərində istifadə olunur.

Fildən tutmuş kiçik quşlaracan tətbiq olunan bu güzgü testi həmin heyvanların özlərini tanıma qabiliyyətlərini, sosial davranışlarını və varsa şüurunun izlərini görmək üçündür. İnsanlar isə güzgüyə hardasa 18 aylıq olanda reaksiya verməyə başlayırlar. Psixoanalitik Jak Lakan bu dövrü “güzgü etapı” adlandırır. Onun fikrincə insanlar öz varlıqlarının fərqinə məhz güzgüyə baxandan sonra varmağa başlayırlar. Yəni güzgüyə baxmaq bilavasitə insanın özünü dərk etməsinə səbəb olur.

Bəs biz necə? Özümüzü görə bilirikmi? Mən inanmıram. Milli Məclisə təklif olunan qanun layihəsində bir çox məsələlər qaldırılıb. Xüsusilə ABŞ-da seçkilərin, korrupsiyanın olmasından, dövlətin öz vətəndaşlarını izləməyindən danışılır. Bax, bu nüanslar millət vəkillərimiz "güzgü etapı"na hələ gəlmədiyini göstərir.

Fotonun müəllifi AFP
Image caption Psixoanalitik Jak Lakanın fikrincə insanlar öz varlıqlarının fərqinə məhz güzgüyə baxandan sonra varmağa başlayırlar

Edvard Snouden həqiqətən də ABŞ-ın vətəndaşlarının bir çox hüquqlarını necə pozduğunun üstünü açmışdı. Kəşfiyyat orqanlarının dövlət vətəndaşlarının elektron məktublarını oxuduğu üzə çıxmışdı. Eləcə də, 2000-ci ildəki seçkilərdəki Florida qalmaqalı həqiqətən də səs salmışdı.

Bəs millətvəkillərimizin görmədiyi nədir? Birincisi bəlkə də elə bu postlara özlərinin seçki saxtakarlığı ilə gəldiklərini görmürlər. Bundan əlavə olaraq, hələ iyul ayında Wikileaks "Hacking Team" şirkətinin Azərbaycan keçmiş Milli Təhlükəsizlik Nazirliyinə Azərbaycan dövlətinin öz vətəndaşlarını izləmək imkanı verən proqram satdığı barədə maillər yaymışdı. Bu məktubların toplam sayı bir milyondan çoxdur. Bu fakt dura-dura Edvard Snouden-dən bizə nə?!

Korrupsiya məsələsinə heç girməyəcəyəm, çünki elə millətvəkillərinin özlərinin çox yaxşı bildiyi “Gülərgate” hadisəsi korrupsiyanın bariz sübutudur.

Tənqidə yer varmı?

Gəldik məqalənin əsas mövzusuna – ABŞ-ı tənqid etmək olarmı? Cavab sadədir - əlbəttə, olar!

Amma onu amerikanlar bizim əvəzimizə onsuz da edirlər. Baltimor və Ferqusondakı Afrikan-Amerikanlara irqi ayrı-seçkilik davranışları, ABŞ-dakı mövcud olan absurd qanunlar və cərimələr, korrupsiya və lobbiçilik faktlarının hamısı ABŞ-dakı adi müxalif vətəndaşlar, ictimai-siyasi xadimlər, stendapçılar, musiqiçilər, aktyorlar və s. şəxslər tərəfindən daim tənqid edilir.

Stephen Colbert özünün “The Colbert Report”, “The Late Show with Stephen Colbert” tolk-şoularında, John Oliver, Trevor Noah, Craig Kilborn və John Stewart kimi bir çox aparıcı öz verilişlərində bizim geridəqalmış tabularımızı belə əzib keçərək hətta birbaşa prezident Obamanın özünü asıb-kəsirlər.

İndi isə sual olunur, bizdə bir-iki karikatürist istisna olmaqla, tənqidə yer varmı? Ümumiyyətlə tənqidə, yumora və sarkazma dözüm varmı? Yoxdur. Vəziyyət o yerdədir ki, artıq "Bakılı oğlanlar" (Parni iz Baku) belə ekranlara çıxa bilmir. Amerikanları istədiyimiz qədər tənqid edə bilərik, gülə bilərik. Amma özümüzü tənqid etməyi bacarmayandan sonra nə mənası?

Bu barədə daha geniş