Britaniya mətbutatı: Pendir yemək xeyirlidir, ya yox?

cheese

Britaniya mətbuatından seçmələr: "İran generalı Süleymani ABŞ kəşfiyyatının başçısını "saymır", Avropa İttifaqı film və idman yarışlarına piratlıqla baxanları "tutacaq", Pendir yemək xeyirlidir, ya yox?"

Fotonun müəllifi Getty Images
Image caption ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mike Pompeo İran hərbiyyəsinin ən rütbəli generallarından birinə xəbərdarlıq məktubu göndərib

İran generalı Süleymani ABŞ kəşfiyyatının başçısını "saymır"

"The Guardian" yazır ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mike Pompeo İran hərbiyyəsinin ən rütbəli generallarından birinə xəbərdarlıq məktubu göndərib.

Bu məktubda Pompeo Tehranı İraqdakı hər hansı ABŞ maraqlarına mümkün hücumlardan çəkindirib.

İrana qarşı kəskin mövqeyi ilə fərqlənən Pompeo deyib ki, məktub İslam İnqilabı Keşikçilərinin (İİK) rəhbəri general Qassem Süleymaniyə göndərilib.

Seçmə Qüds qüvvələrinin komandanı bu məktubu heç oxumadığını bildirib.

"Mən ona mesaj göndərmişəm. Ona görə göndərmişəm ki, o, öz nəzarətində olan qüvvələrin ABŞ-ın İraqdakı maraqlarına hədə yarada biləcəyinə işarə edib. Onun məktubu heç açmaq belə istəməməsi, deyim ki, çox da xətrimə dəyməyib" -Pompeo Kaliforniyadakı Simi vadisində yerləşən Ronald Reagan Fondunun keçirdiyi müdafiə forumunda deyib.

MKİ rəhbəri deyib ki, o bu məktubda Süleymaniyə şəxsən onun və Tehranın mümkün hədələrə görə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edib.

"Biz istədik ki, bu xəbərdarlıq ona və Tehrana büllur kimi aydın olsun" - deyib Pompeo.

Pompeo bildirib ki, İran hazırda öz nüfuzunu bütün Yaxın Şərq boyunca yaymağa çalışır.

Kanzas ştatından respublikaçı konqresmen Mike Pompeo İranla dünya gücləri arasında imzalanmış nüvə sazişindən narazıdır.

Bu sazişə uyğun olaraq, İranın öz nüvə proqramını məhdudlaşdırması müqabilində onun üzərindəki beynəlxalq sanksiyaların qaldırılması barədə qərar qəbul edilib.

İranda ali rəhbər ayətüllah Əli Xameneyinin administrasiya başçısı Məhəmməd Məhəmmədi Qolpayeqan deyib ki, Süleymani sözü gedən məktuba əhəmiyyət verməyib.

"Bu yaxınlarda MKİ özünün regiondakı kontaktlarından birinin vasitəsilə general Süleymaniyə məktub göndərib. Süleymani bizə dedi ki, nə belə məktub alıb, nə də onu oxuyub. General deyib ki, onun bu adamlara deyiləcək sözü yoxdur" - deyə Qolpayeqan məlumat verib.

Fotonun müəllifi Film company
Image caption "Excipio"nun araşdırmasına görə, "Interstellar" 47 milyon dəfə "yüklənib"

Avropa İttifaqı film və idman yarışlarına piratlıqla baxanları "tutacaq"

"The Independent" yazır ki, Avropa Komissiyasının tətbiq edəcəyi "yeni texnologiyalar" tezliklə müəllif hüquqları sahəsində piratlığa son qoyacaq.

Komissiya elan edib ki, internet piratlığının qarşısının alınması üçün bir sıra tədbirlər nəzərdən keçirilib. Bu, hazırda getdikcə artan problemdir.

Əgər bu tədbirlər uğurla həyata keçirilərsə, canlı televiziya şoularına, idman yarışlarının translyasiyalarına və kinofilmlərə qanusuz, yəni havayı baxılmasına son qoyulacaq.

Avropa Komissiyasının yeni İntellektual Mülkiyyətin Qorunması xidmətinin məlumatında ən maraqlı məqamlardan biri də " translyasiya zəncirlərinin IP ünvanlarına müdaxiləni kompleks bloklayan potensial yeni texnologiyalardır".

Məqalədə deyilir ki, bu, kifayət qədər yayğın müddəadır və görüləcək tədbirlərin konkret nədən ibarət olacağına aydınlıq gətirmir.

Lakin Avropa Parlamentinin millət vəkillərindən Brando Benifei bu həftə Euractiv saytında yazdığı məqalədə kompleks bloklama texnologiyasının necə olacağına aydınlıq gətirməyə çalışıb.

O deyib ki, bu texnologiya yaradıcı birliklərə özlərinin intellektual mülkiyyəti üzərində daha güclü nəzarət verəcək və bundan sonra vasitəçiyə ehtiyac qalmayacaq.

Avropa Komissiyası bildirib ki, o, əsasən, böyük piratları ovlayacaq və buna görə də ölkələrin hökumətlərini əməkdaşlığa çağırır.

Komissiya bildirib ki, onun hədəfində xırda piratlar yox, IP-lərə kommersiya səviyyəsində müdaxilə edən və bundan mənfəət götürən cinayətkar qurumlar olacaq.

Komissiya bildirir ki, yeni texnologiyalar sözü gedən sistemin qlobal miqyasda fəaliyyət göstərməsinə imkan yaradacaq.

Avropa Komissiyası gələcəkdə mümkün məhkəmə çəkişmələrinin ola biləcəyini nəzərə alaraq, hakimləri IP sahəsində ixtisaslarını artırmağa çağırıb.

Bundan başqa, Avropa Komissiyası artıq gələn ilin ikinci yarsında "IP bazarı nəzarət siyahısının" dərcini təşkil edəcək. Bunu piratların qara siyahısının tutulması kimi də başa düşmək olar.

Fotonun müəllifi Getty Images

Pendir yemək xeyirlidir, ya yox?

"Metro" qəzeti yazır ki, pendir ümumən sağlamlıq üçün o qədər də xeyirli qida sayılmır. Yəni ən azı artıq çəki yığmaq istəməyənlər ondan uzaq durmalıdırlar.

Amma pendirin xeyri onun ziyanından çoxdur. Məsələn, K12 vitamini ilə zəngin pendir dişlərimiz üçün xeyirlidir.

İndi isə alimlər bu nətcəyə gəliblər ki, günə 40 qram pendir yemək insanın müəyyən koronar xəstəliklərə tutulmasının qarşısını 14 faizədək ala bilər.

Çinin Suçou Universiteti Avropa və ABŞ-da 200 min insanın qidalanma və sağlamlıq məlumatlarını araşdıran 15-dək müxtəlif elmi-tədqiqat işini təhlil edib.

Alimlər bu qərara gəliblər ki, müntəzəm olaraq pendir yeyən şəxslrdə infarkt riski 10 faiz az olub.

Görəsən buna səbəb nədir? Tədqiqatçılar bildirirlər ki, pendirin tərkibində doymuş yağların yüksək konsentrasiyasına baxmayaraq, elə bu yağlardakı kalsium onların orqanizmə sorulmasının qarşısını alır və nəticədə "yaxşı" xolesterolun çəkisi artır.

Digər tərəfdən,pendirin tərkibindəki turşu arteriyaların kirəcləşməsini ləngidir.

Lakin bir sıra başqa ekspertlər bu qənaətdədirlər ki, bu araşdırmanın nəticələri o qədər də dəqiq olmaya bilər, çünki araşdırmaçılar konkret olaraq istehlakçıların qidalanmasını monitorinq etməyiblər.

Məsələn, nəzərə alınmayıb ki, daha çox bahalı ərzaq sayılan pendiri alıb yeyənlərin əksəriyyəti imkanlı adamlardır, onlarınsa orqanizmi başqa səbəblərlə, məsələn, həyat tərzi ilə bağlı pendirsiz də daha sağlam ola bilər.

"Həm də 40 qram pendir o qədər də çox deyil və əslində kibrit qutusu boydadır" -"Metro" yazır.

Əlaqəli mövzular