Haqqımızda

BBC Azərbaycan xidməti yayımlarına 1994-cü il noyabrın 30-da başlayıb.

Həmin andan bəri BBC Dünya xidmətinin dalğalarında o vaxtadək eşidilməyən yeni bir radio çağırışı - “Danışır London. Efirdə Bi-Bi-Si-nin Azərbaycan xidmətidir!” - səsləndi. Azərbaycan dili isə Bi-Bi-Si Dünya xidməti verilişlərinin dünyaya yayımlandığı 43 dildən biri oldu.

Verilişlərimiz bir müddət Azərbaycanda ARAZ və ANS-ChM radioları vasitəsilə orta və FM dalğalarında yayımlandı.

2000-ci ildə isə “BBC-Bakı” 103.3 FM dalğası 24 saat ərzində Azərbaycan dinləyicilərinə Azərbaycan xidmətindən savayı, Rus və Türk xidmətləri, eləcə də BBC Dünya xidmətinin ingilis dilində müxtəlif çalarlı proqramlarını dinləməyə imkan yaratdı.

Azərbaycan hökumətinin FM dalğalarında xarici radioların yayımı dayandırmaq qərarından sonra - 2009-cu il yanvarın 1-dən etibarən Bakı və onun ətrafında yaşayan dinləyicilərimiz BBC Azərbaycan, BBC English, BBC Rus və BBC Türk xidmətlərinin proqramlarını FM tezliyində dinləmək imkanından məhrum oldular.

Mərkəzi Asiya və Qafqaz Departamentinin tərkibində olan Azərbaycan xidməti qısa dalğalarda və Hotbird 8 peykində yayımını davam etdirdi.

2011-ci martın 25-dən isə BBC Azərbaycan xidmətinin radiosu BBC Dünya xidmətini maliyyələşdirən Britaniya hökumətinin ictimai sektorda xərcləri azaltması nəticəsində fəaliyyətini dayandırmalı oldu.

Amma BBC Azərbaycanca öz fəaliyyətini İnternet səhifəsində davam etdirir. Səhifəmizdə xəbərlər, təhlillər, video və audiolar, şəkillər, sosial şəbəkələrə linklər yerləşdirilib.

BBC Dünya xidmətinin Londondakı baş qərargahında yerləşən Azərbaycan xidməti artıq BBC Dünya xidmətinin Avropa bölümünün bir hissəsidir.

BBC-nin Azərbaycan xidməti dünyanın ən qocaman və mötəbər teleradio yayımçılarından biri olan Dünya xidmətinin ən dəyərli ənənələrini özündə yaşadır və bitərəflik, neytrallıq, doğruçuluq və qərəzsizlik kimi dəyərlərdən bir an da sapmır.

Bizim bitərəfliyimiz laqeydliyimiz deyil.