ABŞ-Türkiyə: gərgin müttəfiqlik

Fotonun müəllifi AP
Image caption Prezidentlər Obama və Erdoğan arasında gərgin münasibət var

Bu, dərin bir böhranda olan diplomatik münasibətlərdir, lakin eyni zamanda bu münasibətlər hər iki tərəf üçün həyati əhəmiyyət daşıyır.

Çox nadir hallarda ABŞ və onun müttəfiqləri arasında, hazırda Washington və Ankara arasındakına bənzər münasibətlər olur.

Məhz buna görə də Türkiyə prezidenti Recep Tayyip Erdoğanın bu həftə ABŞ-a səfərini “ziyanın məhdudlaşdırılması” cəhdi adlandırmaq az olardı.

Bu iki prezidentin bir-biri haqqında daxildə nə düşündüyü getdikcə daha çox aşkar olur.

Amerikanın qocaman siyasət jurnallarından biri olan “The Atlantic” məcmuəsinin müxbiri Jeffrey Goldberg ABŞ prezidenti ilə çoxsaylı müsahibələrin təhlilindən ibarət araşdırmasında belə bir nəticəyə gəlir ki, Obamanın öz türkiyəli həmkarına münasibətini “məyusluq gətirən gözləntilər” adlandırmaq olar.

Goldberg yazır ki, “erkən mərhələdə” Obama Erdoğanı bir növ Şərq və Qərb arasında körpü yaradacaq mötədil müsəlman lideri kimi görürdü. Lakin Obama indi ona tam bir iflas, Suriyaya stabillik gətirəcək qədər böyük ordudan istifadə etməkdən imtina edən avtoritar kimi baxır.

Obamanın öz türkiyəli həmkarı barədə nə düşünməsindən asılı olmayaraq, Erdoğan ictimaiyyət qarşısında həmişə açıq danışıb.

Bircə misal gətirək. Bu ayın əvvəllərində o, Obama administrasiyasının Suriyadakı kürd döyüşçülərə dəstəyini pisləyib və israr edib ki, Washington-un kürdləri əsl təbiətini anlamaması regionu “qan dənzinə” döndərib.

Suriya böhranı

Washington və Ankara arasında fikir ixtilafları müxtəlifdir. Burada ABŞ-ın Türkiyənin daxilində baş verənlərdən məyusluğu heç də ən böyük ixtilaf deyil.

Lakin Suriya münaqişəsi, xüsusilə də kürd silahlıların İslam Dövləti (İD) adlandırılan təşkilata qarşı döyüşdəki rolu ABŞ-Türkiyə gərginliyini kristallaşdıran amil olub.

Image caption Bir çox miqrantlar Avropaya səfər etmək üçün Türkiyəyə gəlməkdə davam edirlər

ABŞ və Türkiyə arasında Suriyaya dair fundamental fikir ixtilafı həm strategiyaya, həm də məqsədlərə aiddir.

Türkiyə Suriyada Əsədə qarşı çıxış edən qiyamçı qrupları bir kənardan dəstəkləyib. Əlbəttə Əsədin devrilməsi Türkiyə hökuməti üçün strateji zərurətə çevrilib. Ankaranın fikrincə, Suriyada stabillik yalnız bu yolla bərpa edilə bilər.

Bu böhranın birbaşa zərbəsi Türkiyəyə də dəyib. Söhbət heç də təkcə terrorizmin onun sərhədlərini aşmasından getmir. Ölkə çox sayda Suriya qaçqınını qəbul etməli olub.

Türkiyənin Suriya ərazisində “salamat zonaların” yaradılmasına can atmasının bir səbəbi də bu idi. Bu ərazilər havadan ABŞ və müttəfiqləri və yerdəki qüvvələrin köməyi ilə mühafizə olunmalı idi.

Obama administrasiyası kəskin şəkildə bu ideyanın əleyhinə olub.

ABŞ, əlbəttə, Əsədin dostu deyildir, lakin onun Suriya və İraqda İD-ə qarşı mübarizə kimi daha ciddi məsuliyyəti var.

Suriyanın idarə olunmasına heç bir alternativ görməyən Washington üçün İraq prioritetə çevrilib. ABŞ-ın eyni zamanda Suriyadakı qiyamçı qruplaşmalara göstərdiyi dəstək isə lazımi nəticəni verməyib.

Strateji əhəmiyyət

Türkiyə özünün Suriya və İraqla uzun quru sərhədinə görə ABŞ-ın anti-İD kampaniyasında həmişə strateji əhəmiyyətə malik olub.

ABŞ Türkiyənin hərbi hava bazalarından istifadə etmək istəsə də, türklər uzun müddət buna könülsüz yanaşıblar.

Ankara nəhayət buna icazə verəndə, bəlli olub ki, təklifin astarı üzündən baha başa gəlir, çünki bu halda ABŞ Türkiyənin kürdləri bombalamasına göz yummalı idi.

Ankarada siyasi düşüncənin mehvərində İD yox, daha çox kürdlər yer tuturlar. Kürdlər reallıqda İD-ə qarşı döyüşən ən uğurlu quru qüvvəsinə çevriliblər.

Bu prosesdə onlar həm də Washington-dan dəstək alırlar.

Bu, türk mənliyi üçün “öküzə qırmızı yaylığın” göstərilməsi kimi bir hərəkətdir.

Image caption Kürdlər İD-ə qarşı mübarizədə ABŞ koalisiyanın əsas müttəfiqinə çevriliblər

Ölkə daxilində artıq kürd qiyamı ilə hərbi çarpışmada olan Türkiyə kürd milli gözləntilərini ürəkləndirəcək hər hansı uğurlardan qorxur.

Beləliklə, Ankara və Washington müttəfiqdirlər, lakin eyni zamanda Suriya məsələsində barışmaz fərqli mövqe tutublar.

Rusiyanın münaqişəyə prezident Əsədin tərəfində müdaxiləsi vəziyyətə yeni mürəkkəblik gətirib.

Türkiyənin, onun hava məkanına çox qısa müddətdə daxil olmuş Rusiya hərbi təyyarəsini vurub salmasına NATO müttəfiqlərinin reaksiyası ikibaşlı olub. Hərçənd sözdə onların hamısı Türkiyəni dəstəkləyib.

Lakin müttəfiqlər şəxsi söhbətlərində Ankaranın davranışındakı məsuliyyətsizlik elementlərindən narahatlıq ifadə ediblər.

ABŞ qırıcıları Türkiyənin hava məkanının keşiyinə başlasa da, bu patrul uçuşları çox tez də dayandırılıb.

ABŞ-Türkiyə münasibətlərində Suriyaya dair strateji fikir ayrılığı çətin bir məsələdir, lakin hər iki hökumət bu kampaniyanı davam etdirmək üçün kafi ortaq məxrəc tapmalıdır.

İD tərəfindən Türkiyəyə təhlükənin artması Ankaranı bir qədər üzüyola edə bilər.

Türkiyə kürdlərin Suriyadakı nailiyyətlərini yenidən heçə endirməyi çox istərdi, lakin Ankaranın istədiyi başqa şeylər də var.

Məsələ burasındadır ki, Türkiyənin vəziyyəti göründüyü qədər də yaxşı deyil. İndi onun regionda çox az dostu qalıb.

Ovaxtkı xarici işlər naziri cənab Davutoğlunun Türkiyənin qonşulara münasibətdə yeni xarici siyasətinin “sıfır problem” prinsipinə söykənəcəyini elan etdiyi zamanlar çoxdan keçib.

Siyasətin təzələnməsi

İndi Türkiyənin bütün cəbhələrdə problemi var. Ankaranın “yeni osmançılıq” siyasəti – yəni Yaxın Şərqdə böyük oyunçuya çevrilmək cəhdi, ola bilsin ki, əhəmiyyətini itirib.

Image caption Türkiyənin kürd əhalisi hökumətin onlarla rəftarından narazıdır

Suriya münaqişəsi Türkiyənin kürd muxtariyyətindən qorxularını daha da kəskinləşdirib. Hökumət Türkiyənin sərhədləri içərisində kürd silahlılara qarşı hərbi kampaniyanı bərpa edib. Türkiyə indi də İD təhlükəsi ilə üzləşib, onun istər Suriya, istərsə də İraqla sərhədlərində gərginlik var.

Türkiyənin Washington-la münasibətləri də sadə deyil, Moskva ilə münasibətləri dəhşətlidir, bir vaxtlar yaxın müttəfiqi olan əsas regional oyunçulardan biri – İsraillə arası dəyib.

Türkiyənin öz xarici siyasətini yenidən qurmasına ciddi ehtiyac var. Washington bu işdə Türkiyəyə kömək edə bilər.

Lakin Suriya məsələsində fərqlər o dərəcədə fundamentaldır ki, hər hansı kompromisin əldə ediləcəyinə ümid azdır.

Bu barədə daha geniş