Britaniya mətbuatı: Berlinin Gülen məktəbləri

"The Telegraph" qəzetinin Berlin müxbiri Justin Huggler yazır ki, Wilhelmstadt Almaniya paytaxtında ən uğurlu türk məktəbidir.
Hər sinfində cəmi 15 şagird olan və əla imtahan nəticələrinə malik bu məktəbi Almaniyada uğurlu inteqrasiyanın nümunəsi hesab edirlər.
Lakin son həftələrdə məktəb ikiyə bölunmuş Almaniya türkləri icması arasındakı cəbhə xəttinə düşüb.
Bunun səbəbi məktəbin Gülen hərəkatçıları tərəfindən idarə olunmasıdır.
"The Telegraph" yazır ki, deyəsən, prezident Recep Erdoğanın Gülen hərəkatına qarşı kampaniyası Almaniyaya da gəlib çatıb.
Məqalədə deyilir ki, sosial medialarda sahibləri Fethullah Gülen tərəfdarı sayılan mağaza və bizneslərin boykot siyahıları dolaşır. Berlin şəhərinin meri isə bildirib ki, Türkiyə hökumətindən ondan Wilhelsmtadt kimi məktəblər barədə tədbir görülməsini istəyiblər.
Qəzet yazır ki, məsələn Gülen tərəfdarı olan Osman Örs adlı imamı Göttingen şəhərinin məscidinə buraxmayıblar.
Ona deyiblər ki, bu məsciddə satqınların namaz qılmasına icazə verilmir.
Ən böyük etnik azlıq
Şəklin mənbəyi, Sean Gallup/ Getty
Almaniyada 4 milyonadək türk yaşayır
"The Telegraph" yazır ki, türklər Almaniyanın ən böyük etnik azlığıdır. Almaniyada 4 milyonadək türk yaşayır. Onlardan 1, 5 milyonu bu ölkənin vətəndaşlarıdır.
Məqalədə deyilir ki, Almaniya boyunca bütün məscidlərdə cümə namazından sonra dindarlar arasında ən çox dolaşan "Gülen söhbətidir".
Dindarlardan bir çoxu deyirlər ki, Fethullah Gülen terrorçudur, öz xalqına qarşı F16 qırıcılarından istifadə edib və sair. Lakin bu söhbətlərə qoşulmaq istəməyənlər də az deyil.
"The Telegraph" yazır ki, Almaniyadakı məscidlərin əksəriyyəti Türkiyənin hökumət qurumu olan din işləri idarəsi tərəfindən tikilib. İmamları da bu qurum təyin edir.
Cənab Örs deyir ki, məhz buna görə də Almaniyada Gülen hərəkatına divan tutulması üçün Türkiyənin dini işlər idarəsinin məscidlərindən istifadə edilir.
"Erdoğanın 6 min xəbərçisi"
Örsün özünə gəlincə isə, o Almaniyada Türkiyə hökumətinə bağlı olmayan azsaylı imamlardan biridir.
Berlində xristian, yəhudi və müsəlmanların birlikdə ibadət etdikləri məbəddə müsəlman imamıdır.
Özünü türkdən çox alman kimi hiss edir. O, fethullahçı QHT-lərdən biri olan Forum Dialoqda çalışır.
"The Telegraph" yazır ki, indi bu təşkilatın davamçıları Almaniyada fəaliyyət göstərməkdən çəkinirlər.
Məqalədə deyilir ki, bu yaxınlarda Almaniya millət vəkilləri Türkiyə Milli İnformasiya Təşkilatının (MİT) Almaniyada böyük xəbərçilər şəbəkəsinə malik olduğu barədə iddiaların araşdırılmasına çağırıblar.
Almaniya mətbuatı yazır ki, MİT-in bu ölkədə 6 minədək xəbərçisi var və onlar yerli türk icmasını təhdid etməklə məşğuldurlar.
"The Telegraph" yazır ki, fethullaçılıqda ittiham edilənlər hər hansı təşkilatın mövcudluğunu inkar edirlər. Onlar deyirlər ki, heç bir ayrıca təşkilat yoxdur, sadəcə olaraq cənab Gülenin təlimlərinə davaçmçılıq edənlər var.
Onların sözlərinə görə, Fethuillah Gülenin Hizmet hərəkatında hətta müsəlman olmayanlar da var.
"Türklər arasındakı çəkişmənin bizə dəxli yoxdur"
Lakin hərəkatın keçmiş üzvləri alman mediasına bunun tamamilə əksini deyirlər. Onlar deyirlər ki, Hizmet çox sərt qaydaları olan təşkilatdır və üzvlərinin bütün həyat sahələrinə fəal surətdə müdaxilə edir. Onlar deyirlər ki, hərəkat özünə yeni üzvləri "İşıq evi" adlanan tələbə yataqxanaları vasitəsilə cəlb edir.
Keçmiş üzvlər bunu da vurğulayırlar ki, gülençilər hakimiyyət təşnəsidirlər.
Onlar bunu əsaslandırmaq üçün Gülenin moizələrindən birini misal gətirirlər. Bu moizədə Gülen deyirdi: "Siz sistemin bütün qan damarlarına axmalısınız və hakimiyyət mərkəzlərinə çatmamış kimsə sizin varlığınızdan xəbər tutmamalıdır".
"The Telegraph" yazır ki, "məscid yox, məktəb tikin" deyə nəsihət edən Gülenin hərəkatına bağlı təkcə Almaniyada yüzədək məktəbin olduğuna inanılır.
Lakin Wilhelmstadt kimi məktəblər bildirirlər ki, onlar ümumi Almaniya tədris planına uyğun olaraq dərs keçirlər. "The Telegraph" yazır ki, əslində bir neçə təftişlər bunun doğrudan da belə olduğunu göstərib.
Berlin meri Michael Müller "Bild" qəzetinə deyib ki, Türkiyə hökuməti ondan Gülen məktəblərinə qarşı tədbir görməyi rica edib.
"Mən onları rədd etdim və başa saldım ki, türklərin arasındakı çəkişmənin bizə heç bir dəxli yoxdur. Bizə demokratiya və insan haqlarından cənab Erdoğanın dediyi dərslər lazım deyil" - deyib mer.
"Südçünün uşaqları" qanunu
Şəklin mənbəyi, Sean Gallup/ Getty
Almaniyadan başqa bir xəbəri "The Guardian" dərc edib.
Məqalədə deyilir ki, Almaniyada anaların uşaqları kimdən doğduqlarını söyləmələri icbari olacaq.
Yerli mediada "südçünün uşaqları" kimi ad çıxarmış qanun layihəsinə bu çərşənbə günü hökumət kabinetində baxılacaq.
Bundan sonra qanun layihəsi parlamentin müzakirəsinə çıxarılacaq.
Yeni qanun layihəsinə görə arvadlarının uşaqları ondan doğmadıqlarından şübhəli olan ərlər müavinət üçün müraciət edə bilərlər.
"The Gurdian" yazır ki, məhz buna görə də analardan uşaqların bioloji atalarının kimliyini bildirmələri tələb olunacaq.
"Ədliyyə naziri Heiko Maas bəyan edib ki, özgə kişinin uşağına atalıq edən kişilərin hüquqlarını müdafiə etmək vaxtı çatıb.
"Ana uşağın əsl atası barədə yalnız o halda susa bilər ki, bioloji atanın adlandırılması ciddi nəticələrə səbəb ola bilər" - deyib nazir.
Yeni qanun layihəsinə görə "yanlış atalardan" aliment yalnız iki il müddətində alına bilər. Əvvəllər buna müddət qoyulmamışdı.
"The Guardian" yazır ki, Almaniyada nə qədər uşağın öz atasından xəbərsiz olduğu barədə dəqiq statistika yoxdur, lakin ən müxtəlif mənbələr bunu 4-10 faiz arası olaraq göstərirlər.
Əsl atanın adını demək istəməyən qadınlar üçün nəzərdə tutulmuş cəzalardan yeni qanun layihəsində söz açılıb-açılmadığı bilinmir.
323 maralı ildırım necə vurub?
"The İndependent" yazır ki, mərkəzi Norveçdə ildırım vurması nəticəsində 300-dən çox maral tələf olub.
Ətraf mühit rəsmiləri bunu qeyri-adi tələfata səbəb olmuş qəribə hadisə adlandırıblar.
Norveç Təbiəti Mühafizə Nazirliyi Hardangervidda dağ platosunda kiçik bir ərazidə səpələnmiş çox sayda maral cəsədlərinin şəklini dərc edib.
Nazirlik bildirir ki, 70-i dişi olmaqla 323 maral tələf olub.
Nazirliyin sözçüsü Kjartan Knutsen deyib ki, heyvanların ildırım vurmasından ölməsi nadir hadisə deyil, lakin belə kütləvi qırğın indiyədək qeydə alınmayıb.
Sözçü bunun mümkün səbəbini də izah edib. O deyib ki, marallar pis havalarda bir-birlərinə sığınırlar.
Rəsminin sözlərinə görə, çox sayda maralın bir ildırım zərbəsindən ölməsini yalnız bununla izah etmək olar.
"The İndependent" yazır ki, maral sürüləri hər il Hardanangervidda platosundan keçərək mövsümi köç edir.