Ukraynalılar "Rusiya tərəfdarı" Inter TV binasını mühasirəyə alıb

Ukraynada etirazçılar Inter TV-nin studiolarını mühasirəyə alıb. Onlar bu xəbər kanalının rusiyayönlü olduğunu iddia edir.

Inter TV deyir ki, bundan öncə bazar günü şirkətin binasına od vurulması nəticəsində işçilərindən bəziləri xəstəxanada müalicə olunur, bir nəfərin isə yanğından qaçarkən ayağı sınıb.

Hazırda TV ofisinin ətrafındakı hasarın üzərinə "Yan, Inter, yan!" və "Rusiya buradadır!" şüarları yazılıb.

Etirazçılar həmçinin hasarın ətrafına rezin təkərlər yığıb, polis ətrafda onları seyr edir.

Etirazçıların çadırı

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Bəzi etirazçılar Inter TV binasının qarşısında çadır qurub.

Inter TV binasının girişi

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Inter TV-nin girişi hasar və polislə bağlanıb. "Yan Inter!" şüarları da görünür.

Inter TV binası qarşısında etirazçılar/şüarlar

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Fəallar deyir ki, Inter TV Rusiyanın maraqlarına xidmət edir və Ukraynanın müstəqilliyinə təhlükədir.

Ukrayna rəsmiləri Rusiyanı şərqi Ukraynanın bir hissəsinə nəzarət edən separatçıları dəstəkləməkdə və mediada anti-Ukrayna təbliğatı yaymaqda ittiham edir.

Inter TV-ə yanğın hücumunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və Beynəlxalq və Avropa Jurnalistləri Federasiyası (IFJ/EFJ) pisləyib.

Xəbər telekanalı 112 Ukrayina deyib ki, 50 etirazçı çərşənbə axşamı Inter TV-nin binası qarşısına toplaşıb.

Avqustun 31-də Ukrayna daxili işlər naziri Arsen Avakov dövlət təhlükəsizlik xidmətini Inter TV-nin baş redaktorlarından biri, Rusiya vətəndaşı İqor Şüvalovu ölkədən deportasiya etməyə çağırıb.

Cənab Avakov Inter TV-ni "anti-Ukrayna, anti-dövlət mövqeyinə görə" Facebook-da tənqid edib.