Britaniya mətbuatı: Trump irəliləyişlər edir, amma...

Britaniya mətbuatı

"The İndependent" yazır ki, Donald Trump ölkə boyunca aparılan rəy sorğularında irəliləyişə nail olsa da, ştatlar üzrə aparılmış daha mükəmməl araşdırmalar onun, rəqibi Hillary Clinton-dan çox geridə qaldığını göstərib.

Məqalədə deyilir ki, cənab Trump hələlik ağdərili və ali təhsilli seçicilərin, ələlxüsus da qadınların rəğbətini cəlb edə bilməyib. Lakin ən maraqlısı budur ki, Trump-ın mövqeyi, bir qayda olaraq respublikaçıların istehkamı sayılan Texas, habelə Arizona və Georgia ştatlarında zəifdir.

"The İndependent" qəzetinin yazdığına görə "The Washington Post" və SurveyMonkey firmasının apardığı bu araşdırma bir daha təsdiq edib ki, 8 noyabrda kimin qalib gəlməsindən asılı olmayaraq, qalibi xalqın səsləri yox, ölkə boyunca 270 seçki kollegiyasının səsləri müəyyən edəcək.

ABŞ-da seçki kampaniyasının kəlləçarxa çatdığı son iki gün ərzində aparılmış rəy sorğusu öz miqyasına görə misilsizdir. Bu rəy sorğusunda bütün ABŞ boyunca hər bir ştatda qeydiyyatda olan 74 mindən çox seçici iştirak edib.

Seçki kollegiyaları

Fotonun müəllifi Scott Eisen/ Getty
Image caption Texas kimi sırf respublikaçı ştatda rəy sorğusu Clinton-un 1 xal irəlidə olduğunu göstərib

Məsələyə bu prinsipdən yanaşanda hazırda 20 ştatda rəqibindən ən azı 4 xal irəlidə gedən demokrat namizəd Hillary Clinton-un qələbəsinin tam təmin oluinduğu görünür. O, 270 seçki kollegiyasından 244-nün səslərini təmin edə bilər.

Cənab Trump da 20 ştatda eyni fərqlə irəlidədir, lakin bu ştatların əhalisinin az olması o deməkdir ki, o, kollegiyalarda yalnız 168 səsə bel bağlaya bilər.

"The İndependent" yazır ki, demokratların Filadelfiyada keçirilən qurultayının ardınca Hillary Clinton rəy sorğularında Trump-ı 10 xal geridə qoyurdusa, indi bu fərq 4-ə düşüb.

Məqalədə deyilir ki, Ohio ştatı da daxil, orta qərb regionu Trump-ın ən çox rəğbət qazandığı məkandır. Burada əhalinin əksəriyyəti ali təhsili olmayan ağdərililərdən ibarətdir.

Lakin Trump-ın mövqeləri adətən respublikaçıların bazası sayılan ştatlarda zəifdir. 8 noyabr seçkisində qalib gəlmək üçün Trump bu ştatlarda udmaya bilməz.

Hətta Texas kimi sırf respublikaçı ştatda rəy sorğusu Clinton-un 1 xal irəlidə olduğunu göstərib.

Texas ştatında son dəfə, yəni 1976-cı ildə qələbə qazanan demokrat, əslən cənublu Jimmy Carter olub.

Ağdərili, amma həm də ali təhsilli

"The İndependent" yazır ki, Trump prezident seçkilərində həqiqətən də uğur qazanmaq istəyirsə, onsuz da onu dəstəkləyən ali təhsilsiz ağları yox, ali təhsili olan ağdərililəri cəlb etməyə çalışmalıdır.

Lakin bir çox yüksək ranqlı respublikaçılar Trump-ın namizədliyini dəstəkləmədiyindən bunu etmək o qədər də asan olmayacaq.

Rəy sorğusu göstərir ki, bu seçkidə gender fərqi də əvvəlki seçkilərlə müqayisədə xüsusi əhəmiyyət daşıyacaq. Çünki bu seçkidə real namizədlərdən biri qadındır.

Sorğu göstərib ki, Clinton-u 50 ştatda kişilərdən daha çox qadınlar dəstəkləyirlər. Cənab Trump isə 16 ştatda qadınlardan daha çox kişilərin dəstəyinə malikdir.

Keçmiş seçkilərdə respublikaçı namizədləri adətən ağdərili universitet məzunları daha çox dəstəkləyirdilər. Amma hazırda xanım Clinton 50 ştatdan 31-də ali təhsillilər arasında daha populyardır.

Trump bu sahədə yalnız 13 ştatda üstündür. Lakin bu ştatlarda adamlar bir qayda olaraq respublikaçılara səs verirlər.

Dünya qaçqınlarının yarısı uşaqlardır

Fotonun müəllifi BULENT KILIC/ Getty

"The Guardian" yazır ki, UNİCEF-in ən son hesabatına görə dünya qaçqınlarının tən yarısını uşaqlar təşkil edir. Halbuki bütün planet əhalisinin yalnız üçdə birindən azı uşaqlardır.

Məqalədə deyilir ki, qaçqın uşaqların yarısı Suriya və Əfqanıstandan olanlardır. Bununla yanaşı qaçqın uşaqların 4-də 3-ü 10 müxtəlif ölkəni təmsil edir.

Son beş ildə yeni alovlanmış və davam edən münaqişələr qaçqın uşaqlaın sayını 75 faiz artıraraq 8 milyona çatdırıb.

UNİCEF-in hesabatında deyilir ki, 50 milyon uşaq dünya boyunca mühacirət etməyə məcbur olub və ya didərgin düşüb. Bunun 28 milyonu bilavasitə münaqişə zonalarından qaçanlardır.

Hesabatda deyilir ki, qaçqın uşaqlar gələcək həyatlarında başqa uşaqlarla müqayisədə daha çox yoxsulluq və ehtiyaca düçar olurlar.

"Halbuki balaca qaçqınlara bu gün sığınacaq verilərsə və onlar oxumaq və boya başa çatmaq imkanına malik olarlarsa, habelə öz potensiallarını işkişaf etdirə bilərlərsə, bu stabillik və iqtisadi tərəqqinin mənbəyi ola bilər" - deyib UNİCEF-in icraçı direktioru Anthony Lake.

31 miyon miqrant uşaq

2015-ci ilin məlumatına görə bu gün uşaqlar beynəlxalq miqrantların səkkizdə birini təşkil edirlər. Bu, 244 milyon miqrantdan 31 milyon uşaq deməkdir.

"Hesabatda deyilir ki, qaçqın uşaqlar ən çox ABŞ-da məskunlaşıblar (3, 7 milyon nəfər). Amerikanın ardınca bu siyahıda Səudiyyə Ərəbistanı və İordaniya gəlir. Avropada isə ən çox qaçqın uşağa Birləşmiş Krallıqda sığınacaq verilib. Britaniyada yaşı 18-dən az olan 750 min nəfər yerləşdirilib.

Dünyada miqrant uşaqların böyük əksəriyyəti Asiya və Afrikada yaşayır.

Bütün dünya miqrantlarının 43 faizi Asiyada doğulub. Lakin bu miqrantlardan 60 faizi regionda hərəkət edir.

Asiyanın əksər miqrant uşaqları Səudiyyə Ərəbistanında məskunlaşıb. Bu ölkəyə həm də ən çox sayda miqrant gəlir.

Hesabat müəllifləri bildiriblər ki, bu iki faktor arasındakı bağlılığın öyrənilməsi üçün daha çox araşdırma aparılmalıdır.

Böyüklərlə birlikdə qaçqınların ən çox yerləşdirildiyi ölkə qlobal miqyasda Türkiyədir.

Afrikada hər üç miqrantdan biri uşaqdır.

Balaca Korsika da burkinini qadağan etdi

Fotonun müəllifi FETHI BELAID/ Getty

"The Express" yazır ki, Fransada Ali Məhkəmə müsəlman qadınlar üçün çimərlik geyimi burkiniyə qoyulmuş qadağanın qanunsuz olduğu barədə hökm çıxardıqdan sonra ölkənin kiçik Korsika adasının hakimi qadağanın qanuniliyini təsdiq edən əks-hökm çıxarıb.

Fransa Ali Məhkəməsinin hökmündə deyilirdi ki, burkininin qadağanı "təməl azdlıqların - hərəkət, etiqad və şəxsi azadlıqların ciddi şəkildə pozulması deməkdir".

Buna baxmayaraq Korsika adasının hakimi yeni hökmlə Sisko şəhərinin meri Ange-Pierre-nin qoyduğu qadağanı qüvvədə saxlayıb.

Məhkəmənin hökmündə deyilir ki, "Sisko şəhərinin dəniz sahilində burkini geyinmiş hər hansı bir qadın ictimaiyyətin asayişi üçün risk təşkil edir".

Şəhər meri hökmdən razı qalıb və deyib ki, inidi o və yerli sakinlər rahat nəfəs ala bilərlər.

Mer deyib ki, burkininin qadağanı mühümdür, çünki o "öz əllərinin heç kimin qanına bulaşmasını istəmir".

Ötən ay Sisko çimərliyində bir qadının burkinidə olması böyük toqquşmaya səbəb olmuşdu.

Bunun ardınca 200-dək korsikalı Şimali afrikalıların yaşadığı məhəllədə yürüş keçirmiş və "bura bizim evimizdir" şüarlarını səsləndirmişdi.

İndiyədək Fransanın 20 şəhərində burkiniyə qadağa qoyulub, lakin Pierre belə bir qadağanı qoymuş ilk solçu merdir.

Əlaqəli mövzular

Bu barədə daha geniş