Fələstin prezidenti Mahmud Abbas "KQB agenti olub"

Mahmud Abbas (2013) Fotonun müəllifi Reuters
Image caption Fələstin rəsmiləri Mahmud Abbasa aqrşı iddiaların İsrail tərəfindən uydurulduğunu bildiriblər

İsrailli tədqiqatçılar bildiriblər ki, Sovet dövrünə məxsus sənədlərə görə Fələstin prezidenti Mahmud Abbas 1980-ci illərin əvvəlində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə işləyib.

Qüdsdəki Yəhudi Universitetindən araşdırmaçıların sözlərinə görə, Sovet dövrünə məxsus sənəddə onun adı agent kimi keçir.

Prezidentin sözçüsü iddiaları "cəfəng İsrail böhtanı" adlandırıb.

O deyib ki, bu, İsrail-Fələstin sülh danışıqlarına yenidən başlamaq üçün cəhdləri pozmaq üçün atılmış addımdır.

Tədqiqatçılar Gideon Remez və İsabella Ginor bildirib ki, Cambridge Universitetinin arxivindəki sənəddə cənab Abbasın hələ Suriya paytaxtı Dəməşqdə yaşayarkən KQB casusu olduğu göstərilir.

Cambridge Universiteti Churchill Arxiv Mərkəzinin orijinallığını təsdiqlədiyi sənəd, Britaniyaya Vasili Mitroxin adlı siyasi mühacir tərəfindən gətirilib.

"KQB hadisələri - 1983-cü il" adlı sənəddə cənab Abbas "Krotov" və ya "köstəbək" kimi təqdim edilir.

"Krotov" - Abbas, Mahmud, 1935-ci ildə Fələstində doğulub, Fatah, Fələstin Azadlıq Təşkilatı, Dəməşq idarə heyətinin üzvü, KQB agenti," girişdə deyilir.

Prezidentin məsləhətçisi BBC-ə deyib ki, iddialar İsrail tərəfindən uydurulub.

O bildirib ki, İsrail baş naziri Benyamin Netanyahu keçmiş KQB üzvü olmuş Rusiya prezidenti Vladimir Putinin təşkilatçılığı ilə mümkün yeni sülh danışıqları çərçivəsində cənab Abbasla görüşməyə istəksizdir.

Fələstin lideri bu həftənin əvvəli demişdi ki, o, cümə günü Moskvada cənab Netanyahu ilə görüşməyə hazırdır, lakin İsrail rəsmiləri görüşün vaxtının dəyişdirilməsi ilə bağlı müraciət ediblər.

Hər iki siyasətçi keçən il Parisdə keçirilmiş beynəlxalq iqlim dəyişikliyi konfransında əl-ələ görüşmüşdülər.

Fotonun müəllifi Israel Channel 1
Image caption Kanal 1 TV cənab Abbasın KQB agenti kimi göstərildiyi sənədin şəklini nümayiş etdirib

Cənab Abbas 1936-cı ildə, o vaxtlar Britaniyanın nəzarətində olan Fələstində doğulub. 1948-ci ildə İsrail Dövlətinin yaradılmasıyla onun ailəsi Suriya paytaxtına köçüb və o, təhsilini orada alıb.

O, mərhum Yasir Ərafatla Fatah hərəkatının əsasını qoyub və Fələstin Azadlıq Hərəkatının (PLO) əsas üzvlərindən birinə çevrilib.

BBC-nin Qüdsdəki müxbiri Thomas Fessy bildirib ki, sənəddə cənab Abbasın necə və nə vaxt agent olduğu, maaş alıb-almadığı, nə qədər KQB üçün işlədiyi qeyd olunmur.

Fələstin rəsmiləri həmçinin bildiriblər ki, PLO 1980-ci illərin əvvli açıq şəkildə Moskva ilə əməkdaşlıq edib və onların bildirdiyinə görə cənab Abbasın agent olmasına ehtiyac olmayıb.

Əlaqəli mövzular