Hindistanda həkim pasientini zorladığına görə həbs edilib

Şəklin mənbəyi, AFP
Son illərdə Hindistanda zorlama əleyhinə bir sıra etirazlar həyata keçirilib
Hindistanın Qucarat ştatında həkim pasientini zorlamaqda ittiham edilərək həbs edilib.
Həkim bazar günü Əhmədabaddakı xəstəxanada 21 yaşlı qadına hücum edib, polis deyir.
Xəstəxananın digər əməkdaşı isə həkimə kömək etmək ittihamı ilə saxlanıb.
Polis bildirib ki, həkim cinsi təcavüzdən əvvəl pasienti uyuşdurmaq üçün ona güclü dərmanlar verib.
Xəstəxanadan bildiriblər ki, "onlar polislə əməkdaşlıq edirlər".
"İstintaq getdiyi üçün, hadisə ilə bağlı şərh vermək istəmirik," NDTV saytı xəstəxananın rəsmisi Sandeep Joshi-ə istinadən bildirib.
Həkim Pakistan əsillidir və keçən ildən Hindistanda işləyir, NDTV bildirib.
Son illər ərzində Hindistanda zorlama və cinsi cinayətlər diqqət mərkəzində olub.
2012-ci ildə paytaxt Dehlidə tələbə qız kütləvi zorlandıqdan sonra qətlə yetirilmişdi.
Cavabında isə ölkədə zorlama əleyhinə sərt qanunlar təqdim edilib.
Lakin buna baxmayaraq ölkə boyu qadın və uşaqlara qarşı zorakı cinsi hücumlar davam etməkdədir.