Suriyada atəşkəs: "heç bir ölüm qeydə alınmayıb"

Şəklin mənbəyi, AP
Azad Suriya Ordusu atəşkəsdən ehtiyatlansa da, onu qəbul edib
Suriyada bazar ertəsinin qürub çağı qüvvəyə minmiş atəşkəsin ilk günü yaxşı keçir, məlumatlarda deyilir.
Böyük Britaniyada mənzillənmiş Suriyada insan haqları üzrə monitorinq qrupu bildirib ki, atəşkəsin ilk 15 saatı ərzində heç bir ölüm halı qeydə alınmayıb.
Şimalda yerləşən Hələb şəhərinin sakinləri də sakitliyin hökm sürdüyünü qeyd edib.
ABŞ-ın dövlət katibi John Kerry sövdələşməni "Suriyanı xilas etmək üçün bəlkə də son şans" adlandırıb.
Bəzi məlumatlara görə, atəşkəs qüvvəyə mindikdən sonra hökumət qüvvələri və üsyançılar arasında ara-sıra hücumlar baş verib.
Monitorinq qrupu bildirib ki, onlar Həma əyalətindəki bəzi kəndlərə hava hücumları və Dəməşqin yaxınlığında atışma barədə məlumatlar alıb.
Suriya ordusu bəyan edib ki, atəşkəs Suriyada yeddi gün ərzində tətbiq olunacaq, eyni zamanda, silahlı dəstələr tərəfindən atəşkəsin pozulmasına cavab vermək hüququnu özündə saxlayır.
Bir sıra qiyamçı qruplaşmaların atəşkəsə əqdlər versə də, onun həyata keçirilməsi ilə bağlı iradlar da bildirib.
Atəşkəs cümə günü Cenevrə şəhərində Rusiya və ABŞ arasında aylarla davam etmiş danışıqlardan sonra mümkün olub. Razılaşma, həmçinin mühasirədəki ərazilərə humanitar yardım edilməsini də nəzərdə tutur.
Atəşkəs 7 gün davam edərsə, ABŞ və Rusiya qiyamçı qruplara - özünü İslam Dövləti adlandıran qruplaşmaya və əvvəllər Nüsrə Cəbhəsi kimi tanınan Cəbhət Fatah əş-Şam qruplaşmasına qarşı birgə hücumlar edəcək.
BBC Orta Şərq redaktoru Jeremy Bowen: ABŞ və Rusiya üçün böyük sınaq
Şəklin mənbəyi, AP
Bu müqavimət, başqa sözlə, atəşkəs ABŞ və Rusiyanın xarici işlər nazirləri arasında daha işlək və az qıcqırmış münasibətlər baxımından böyük bir sınaqdır.
Müharibənin böhranlı, ilk illərində diplomatiya uğursuz olmuşdu. Ən böyük səbəb isə Rusiyanın prezident Bəşər Əsədin müttəfiqi olması, ABŞ-ın isə onun istefaya getməsini tələb etməsi idi.
Həmin vaxtdan Rusiya Suriyada təsirli kənar qüvvəyə çevrilib. ABŞ və onun qərbli müttəfiqləri onunla güclə ayaqlaşırdı.
Güman ki, Moskva indi atəşkəs üçün hazırdır, əgər o davamlı olarsa, bu, prezident Əsədi müharibənin sonlanmasına gətirmə ehtimalı olan siyasi dəyişikliyə yönəldə bilər.
Və ya prezident Əsədin düşmənləri və rusiyalıların düşündüyü kimi, atəşkəs yeni qrupların yaranmasına və silahlanmasına gətirə bilər.
Atəşkəs davam edərsə...
Şəklin mənbəyi, GEORGE OURFALIAN
Cihadçı qruplar - özünü İslam Dövləti adlandıran qruplaşma və əvvəllər Nüsrə Cəbhəsi kimi tanınan Cəbhət Fatah əş-Şam qruplaşması birləşmiş ABŞ - Rusiya hava qüvvələrini qarşılarında görə bilərlər.
Mötədil qiyamçılar və mülkilər hava hücumlarına məruz qalmayacaq, hərçənd Suriya hava qüvvələri hələ yerə enməyib; mühasirədə olan ərazilərə humanitar yardımlar çatdırılacaq.
Prezident Əsəd daha güclü mövqeyə malik olacaq. Çünki ABŞ və Rusiya onun iki ən güclü hərbi rəqibini məhv etmək üçün birləşəcək, mötədil qruplar isə atəşkəs dövründə onun qüvvələri ilə həmfikir olacaq.

Suriya müharibəsi: Atəşkəs qüvvəyə minir
Razılığa yeddi gün ərzində əməl olunarsa, ABŞ və Rusiya cihadçı silahlılara qarşı koordinasiya edilmiş hava hücumları həyata keçirəcəklər.