Şimali Koreyanın təhlükəli nüvə tərəqqisi
- Stephen Evans
- BBC News, Seul

Şəklin mənbəyi, Ahn Young-joon
Şimali Koreyanın nüvə sınaqları onun qonşularını həyəcanlandırır
Bütün bu hərbə-zorba gəlməsinə və meydan sulamasına baxmayaraq, Şimali Koreyanın öz qonşuları və ya Birləşmiş Ştatlarının ərazisinə nüvə hücumu etmək qabiliyyətini alimlər necə qiymətləndirirlər?
Bu il həyata keçirilmiş dördüncü və beşinci nüvə sınaqları qorxulu ritorika burulğanı yaradıb - Seul və Pxenyan bir-birini yandırıb külə döndərməklə hədələyirlər.
Lakin biz bütün bunların arxasında əsl elmi vəziyyəti görə bilirikmi? Sinəsinə döyməkdən başqa Kim Jong-un hərbçiləri nəyə qabildirlər və ya gələcəkdə nəyə qabil ola bilərlər?
Nüvə cəbbəxanasının müxtəlif komponentləri var. Məsələn, raketlərin ucuna geyindirilməsi üçün nüvə başlıqlarının kifayət qədər kiçik olması lazımdır. Bu başlıq hədəfə dəyənədək öz tamlığını saxlamalıdır və əlbəttə, raketlər ideal olaraq kiçik və səyyar olmalıdır ki, onları önləyici zərbə ilə sıradan çıxarmaq mümkün olmasın. Elə sualtı gəmilərin əhəmiyyəti də bundadır.
"Hələ çox var"
Kaliforniyadakı Stanford Universitetindən professor Siegfried S Hecker ABŞ-ın Los Alamos Dövlət Laboratoriyasının keçmiş başçısıdır və Şimali Koreyanın nüvə qurğularına çox baş çəkib.
O cümə günü keçirilmiş beşinci nüvə sınağından sonra belə deyib: "Bu il keçirilmiş iki uğurlu nüvə sınağından sonra biz deyə bilərik ki, KXDR özünün yaxın və ya ola bilsin ortamənzilli raketlərinə taxıla biləcək nüvə başlıqlarını hazırlayib və nümayiş etdirib".
"Lakin buna baxmayaraq onun nüvə başlığı olan qitələrarası ballistik ICBM (inter-continental ballistic missile) raketlərlə Birləşmiş Ştatları vura bilmək qabiliyyətini əldə etməsinə hələ çox var. Əgər nüvə proqramı məhdudlaşdırılmasa Şimali Koreya bunu 5 ildən 10 ilədək müddətdə edə biləcək" - deyib ekspert.
Bu isə o deməkdir ki, alimin nəzərində artıq real təhlükə mövcuddur. Regiondakı vəziyyətin qiymətləndirilməsi Şimali Koreya, Yaponiya və Birləşmiş Ştatları belə bir nəticəyə gətirib ki, regionda nüvə hücumu mümkündür. Belə olduqda önləyici zərbələr olduqca real görünür.
Professor Hecker həm də narahatdır ki, "Şimali Koreyanın texnoloji qabiliyyəti nüvə silahlarının "qeyri-dövlət" vahidlərinə, terrorçulara, lap elə sizə, mənə yayılması ehtimalını artırır".
Şəklin mənbəyi, Geoeye
Şimali Koreyanın nüvə sınaqları Punqe-ridə, yerin altında keçirilir
O deyib: "İndi ən çox narahatlıq yaradan budur ki, bu yaxınlarda əldə etdiyi nüvə və raket uğurları Pxenyanda özündən mütəbehlik yarada bilər və bu, regionun təhlükəsizlik dinamikasını dramatik şəkildə dəyişər."
Alim deyir ki, biz pulsuzluğun Şimali Koreya liderliyini parçalanma materiallarını və ya başqa nüvə avadanlığını qeyri-dovlət subyektlərinə satmağa məcbur edə biləcəyini istisna etməməliyik.
Şimali Koreyanın nə qədər döyüş başlığı var?
Professor Hecker Yonqbyon sentrifuq qurğusunda (materiallar burada hazırlanır) 2010-cu ilin noyabrında olub. Onun gördüyü avadanlıq və uran və plutonium ehtiyatını qiymətləndirməsindən gəldiyi nəticə budur ki, Şimali Koreyanın bu ilin sonunadək 20 bombaya doldurulacaq qədər parçalanan materialı var. Bundan əlavə onun hər il 7 yeni bomba yaratmaq qabiliyyəti ola bilər".
Səmərəli nüvə cəbbəxanasının ən zəruri keyfiyyətlərindən biri də onun önləyici zərbə ilə məhv edilməməsi üçün gizlədilə bilməsidir. Buna görə də sualtı qayıqlarda yerləşdirilən raketlər Şimali Koreyanın düşmənlərini xüsusilə narahat edir.
Raket texnologiyaları üzrə ixtisaslaşmış aerofəza mühəndisi John Schilling deyib ki, Şimali Koreyanın sualtı qayıqdan atılan sonuncu ballistik raketinin sınağı Pxenyanın nüvə proqramının əvvəllər düşünüldüyündən daha sürətlə inkişaf etdiyini göstərir.
"Lakin bu o demək deyildir ki, belə bir ballistik raket gələn həftə, gələn ay, hətta gələn il hazır olacaq. Əksinə, Şimali Koreyanın sualtı qayıq bazalı raket sınaqlarının sürəti və metodologiyası göstərir ki, o, ilkin əməliyyat əhəmiyyətli zərbənin endirilməsi qabiliyyətinə ən tezi 2018-ci ilin ikinci yarısında yetişə bilər" - deyir John Schilling.
Şəklin mənbəyi, EPA
Şimali Koreya ballistik raketlərin sınaqlarını müntəzəm olaraq keçirir
Şimali Koreya qurudan atılan raketlər sahəsində də tərəqqiyə nail olub. Sınaqlar tez-tez keçirilib və hədəf məsafələri daim genişlənib.
Məsələn Şimali Koreya iyun ayında uçuş yüksəkliyi 1000 metrə çatan raket buraxıb. Görünür raket daha çox göyə tuşlanıb ki, Yaponiyanın üzərinə düşməsin. Bu həddən artıq böyük təxribat olardı. Lakin raketin uçuş məsafəsi Kaliforniyadakı Middlebury Beynəlxalq Tədqiqatlar İnstitutundan Jeffrey Lewis-i təəccübləndirib.
"Bu o deməkdir ki, raket mükəmməl işləyib. Əgər normal bucağı ilə atılsaydı, raket tam mənzil məsafəsində hərəkət edə bilərdi" - deyir ekspert.
Lakin bu şəkilli quramanının başqa parçaları da var. Bunlardan biri də istiyədavamlı materialların hazırlanmasıdır. Bu materiallardan döyüş başlıqları hazırlanır ki, raketlər təkrar atmosfer qatlarına daxil olarkən yanmasın və başlıq yalnız hədəfə dəydikdə partlasın. Şimali Koreya iddia edir ki, belə materialları hazırlaya bilir.
Beləliklə, elmi nəticələrə görə Şimali Koreya hazırda ən azı regionda nüvə hücumu həyata keçirməyə qabildir. Lakin o daha uzağı, məsələn Birləşmiş Ştatları vura bilməz.
Lakin Şimali Koreya bu istiqamətdə inkişaf edir və ola bilsin ki, 2020-ci ildən və ya bir qədər gec zərbə məsafəsini uzada biləcək. Hər halda alimlər deyirlər ki, həmin gün artıq elə də uzaqda deyil.
Bu sahədə ən böyük nüfuz sahibi sayılan professor Hecker məsələnin siyasi tərəfi ilə əlaqədar da öz baxışlarına malikdir.
"Sonuncu nüvə sınağı göstərir ki, KXDR-i sanksiyalarla buxovlamaq və ya Çinin Pxenyanın nüvə proqramına təsir etməsini gözləmək siyasəti işləmir, - deyib alim, - Sanskiyaların çoxaldılması və Cənubi Koreyanın raket müdafiəsinin gücləndirilməsi Çinin əməkdaşlıqdan daha çox çəkinməsinə səbəb olacaq".
"Washington-un Kim rejimi ilə birbaşa danışqılardan nə dərəcədə iyrənməsinə baxmayaraq, burada çatışmayan məhz elə diplomatiyadır" - deyib professor Hecker.