Aİ görüşü: Tusk deyir ki, blokun "problemlərə ayıq gözlə baxmasına" ehtiyac var

Şəklin mənbəyi, AP
Bratislav qalası Aİ liderlərinin görüş məkanı olacaq
Avropa Şurasının prezidenti Donald Tusk, Aİ liderlərini Böyük Britaniyanın birlikdən çıxmasına şok səsverməsindən sonra blokun problemlərinə "ayıq və ədalətlə" baxmağa çağırıb.
Bu dəfə Böyük Britaniya olmadan Bratislavada toplaşan birlik üzvləri Aİ-na etibarı yenidən qazanmağın yollarını müzakirə edəcəklər.
Rəsmilər deyir ki, cənab Tusk miqrasiyanı əsas həll olunmalı məsələ kimi önə çıxarır.
Sammit öncəsi yayılan açıqlamada cənab Tusk deyib ki, bir qədər əvvəl Avropa "böhranın bütün növü" ilə sarsılıb və indi heç nə olmamış kimi davrana bilməz.
"Mən düşünürəm ki, Bratislava görüşü üçün ən yaxşı şüar o olmalıdır ki, biz bu böhranların boşa getməsinə icazə verməmələyik", o deyib.
O əlavə edib ki, Aİ "Brexit-in səbəblərinə real diaqnoz" qoymalıdır.
Cənab Tusk Aİ liderlərinə çağırış edərək deyib ki, onlar insanları əmin etməlidirlər ki, "Brexit-dən dərs alıblar" və "stabilliyi və təhlükəsizlik hissini" geri gətirməyə qadirdilər.
Sammitə ev sahibliyi edən Slovakiya baş naziri Robert Fico, deyib ki, Slovakiya "bir nəfər də olsun müsəlman miqrant" qəbul etməyəcək və bunun hüquqi sxemini hazırlayıblar.
Çərşənbə axşamı, Lüksemburq xarici işlər naziri Jean Asselborn isə çağırış edib ki, Aİ-nın fundamental dəyərlərini "kütləvi pozulması", xüsusilə hökumətin qaçqınlarla münasibətinə görə Macarıstanın Avropa İttifaqına üzvlüyü dayandırlımalı və ya hətta çıxarılmalıdır.
Bir günlük Bratislava görüşü, mart ayında Romada keçiriləcək sammitdə əsas götürüləcək "yol xəritəsi"nin hazırlanması üçün etimad yaradacaq ilk görüş kimi olacaq.