Britaniya mətbuatı: Hamiləlik haqqında heyrətamiz bilgilər

Angela Merkel Fotonun müəllifi Getty Images
Image caption Almaniya kansleri Angela Merkelin sağ-mərkəzçi Xristian-Demokrat Partiyası 18 faizlə ikinci yerdədir

"The Guardian" yazır ki, Almaniyanın paytaxtı Berlinin tarixində ilk dəfə ona solların üçtərəfli koalisiyası rəhbərlik edə bilər.

Hələlik bəlli olan budur ki, Almaniya kansleri Angela Merkelin sağ-mərkəzçi Xristian-Demokrat Partiyası (CDU) paytaxtda keçirilən seçkilərdə ağır məğlubiyyətə uğrayıb.

"The Guardian" yazır ki, ilkin nəticələr mərkəz-solçu Sosial Demokratların (SPD) 24 faizlə irəlidə olduğunu göstərib. Merkelin CDU partiyası 18 faizlə ikinci yerdədir. Yaşıllar və solçu Die Linke hərəyə 16 faizlə üçüncülük uğrunda mübarizə aparır.

Lakin təhlilçilərin fikrincə özünün əsas nailiyyətini antimühacirət, millətçi Alternative für Deutschland (Almaniya üçün Alternativ) partiyası qazanıb. Partiya proqnozlaşdırılan 11, 8 faizlə tarixdə ilk dəfə olaraq Berlin məclisində təmsil olunacaq.

Bundan bir neçə gün əvvəl Berlin meri Michael Müller xəbərdarlıq etmişdi ki, AfD-nin on faizi keçən uğuru kənardan ifrat sağçıların və nasistlərin qayıdışı kimi görünəcək.

"Berlin başqa qədim şəhərlərə bənzəmir, - yazıb Müller özünün Facebook səhifəsində, - Berlin özünü Hitlerin nasist Almaniyasının paytaxtı olmaqdan azadlığın, dözümlülüyün, fərqliliyin və sosial birgə yaşayışın sütununa çevrilib".

2,48 milyon insanın iştirak etdiyi bu seçkidən az əvvəl Müller işarə etmişdi ki, o şəhərin solçu və sağçılardan ibarət "böyük koalisiya" ilə idarə olunmasını istəmir və əvəzində Yaşıllar Partiyası ilə koalisiyaya üstünlük verir. Lakin belə bir koalisiya üçüncü partiyanın da müttəfiqliyini tələb edir.

Merkel Berlini itirir

Belə bir müttəfiq olaraq seçkidə 6, 5 faiz səs toplayacağı gözlənilən liberal Azad Demokratları görürlər.

Bir vaxtlar keçmiş mer Klaus Wowereitin "yoxsul amma işvəli" adlandırdığı Berlində son zamanlar işsizlik 10 faizdən də aşağı düşmüş və şəhərlilərin gəlirləri xeyli artmışdı.

Lakin əhalinin ildə 40 min nəfər artması şəhər bürokratiyasının qol-qanad açmasına səbəb olmuş və ucqar məhəllələrin törəməsi təhlükəsini yaratmışdı.

Maraqlıdır ki, Berlinin şərqində və qərbində aparılmış rəy sorğularında adamlar əsas problem olaraq qaçqın böhranından da əvvəl sosial ədaləti, yerli iqtisadiyyatı və təhsil sistemindəki böhranı göstəriblər.

Seçki kampaniyası dövründə şəhərdə kirayə haqlarının artması müşahidə edilirdi.

Avropanın əksər paytaxtlarından fərqli olaraq, Berlin Münhen və Hamburqla müqayisədə daha böyük dotasiya alır.

Şəhər merinin partiyası olan sosial-demokratlar son 15 ildə populyarlıqlarını bir xeyli itiriblər. Keçmiş mer və keçmiş kansler Willy Brandtın vaxtında bu partiya səslərin az qala 70 faizinə sahib idi.

Lakin burası da var ki, hazırkı son dərəcə aşağı fəallığı ilə fərqlənib. Almaniya tarixində hələ heç bir siyasi partiya bu qədər az səslə qələbə qazana bilməmişdi.

Bütün bunlara baxmayaraq, Berlin seçkisində ən böyük uğursuzluğa xanım Merkelin xristian-demokratları düçar olublar. Halbuki bu partiya cəmi üç il əvvəl federal miqyasda mütləq çoxluğa malik idi.

Bundan əvvəl partiya Meklenburq-Verpommern, Reynland-Vestfaliya və Baden-Vürtemberqdəki seçkilərdə məğlub olmuşdu.

Bütün bu seçkilərdə itirilən səsləri 2013-cü ildə təsis edilmiş millətçi AfD qazanıb.

Xristian-demokratlar özlərini kanslerin qaçqın siyasətindən kənar tutmağa çalışsalar da, bu, onları xilas etməyib.

Ruhani inqilab keşikçilərini buxovlayır?

Fotonun müəllifi AFP
Image caption 3 il əvvəl hakimiyyətə gəlmiş mötədil prezident Həsən Ruhani məhz İnqliab Keşikçiləri Korpusunun iqtisadi təsir və nüfuzunu buxovlamağa çalışıb

"The Financial Times" yazır ki, 1980-ci illərdə baş vermiş İran-İraq müharibəsinin, habelə son vaxtlarda Suriya və İraq münaqişələrinin qəhrəmanı sayılan İnqliab Keşikçiləri Korpusu uzun illər ölkə iqtisadiyyatında aparıcı rol oynayıb.

Məqalədə deyilir ki, üç il əvvəl hakimiyyətə gəlmiş mötədil prezident Həsən Ruhani məhz bu təsir və nüfuzu buxovlamağa çalışırdı.

"The Financial Times" yazır ki, son vaxtlar prezidentin cəhdləri bəhrə verməyə başlayıb. Beləki ölkə bankları keşikçilərlə bağları məlum olan Xatəm əl-Ənbiya tikinti şirkətinə kreditlər verməkdən boyun qaçırıb.

Məqalədə deyilir ki, İran və Qərb arasında bağlanmış nüvə sazişinə baxmayaraq məhz bu şirkətin üzərindən beynəlxalq sanksiyalar qaldırılmayıb.

"The Financial Times" yazır ki, bu hadisə çox güman mühafizəkarları qəzəbləndirəcək və Ruhani tərəfdarları ilə inqilab keşikçiləri arasında hakimiyyət çəkişməsinin şiddətini artıracaq.

"Bu "bank təslimçiliyi" və "özünəsanksiyadır" - deyib mühafizəkar ruhani Əhməd Aləmolhoda.

Kredit verməkdən imtina etmiş iki özəl bank isə Mellat və Sepah banklarıdır.

İlanı Seyid Əhməd əli ilə

Prezidentin tərəfdarları Parisdə mənzillənmiş Maliyyə Hərəkəti Əməliyyat Qüvvəsi ilə İran arasında ötən iyunda imzalanmış sazişi alqışlayıblar. Bu təşkilat çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə aparır.

Təhlilçilər bidirirlər ki, Ruhani inqilab keşikçiləri ilə çəkişmədə məhz bu təşkilatla pərdələnir.

Məhz buna görə də mühafizəkarlar ölkənin Maliyyə Hərəkəti Əməliyyat Qüvvəsi təşkilatı ilə sazişdən çıxmasını tələb edirlər.

Hazırda Ali Milli Təhlükəsizlik Şurası iki tərəf arasında vasitəçilik edir.

İran bankirlərinin əksəriyyəti bu qənaətdədir ki, İran bu sazişdən çıxa bilməz və çıxmayacaq. Onların fikrincə belə bir hərəkət ölkənin bank sisteminin qlobal maliyyə sisteminə inteqrasiyasını əngəlləyə bilərdi.

Totaldan qüdrətli

"The Financial Times" yazır ki, keşikçilər xaricdəki hərbi əməliyyatlarla yanaşı ölkənin iqtisadiyyatında nəhəng maliyyə maraqlarına malikdirlər.

Təhlilçilərin təxminlərinə görə İnqilab Keşikçiləri Korpusunun toplam aktivlərinin dəyəri 100 milyard dollardır.

İnqilab keşikçilərinə bağlı şirkətlər yol, körpü və su bəndlərinin tikintisində, neft və qaz sənayesində və milli telekommunikasiya sistemində çalışır.

Onların Ənsar və Mehr adlı ən azı iki bankı var.

"The Financial Times" yazır ki, belə maliyyə qüdrətinə malik keşikçilər asanlıqla təslim olmayacaqlar.

Məsələn neft naziri elan edib ki, ölkənin nəhəng Azadeqan yatağı tenderə çıxarılacaq. Bu tenderdə Fransanın Total şirkəti iştirak etsə də, bəzi şayiələrə görə İnqilab Keşçikçiləri Korpusu Totaldan daha sərfəli saziş təklif edə bilər.

"Keşikçilərin mentaliteti girov götürənlərin mentaliteti kimidir. Onlar nəhəng layihələri nəzarət altına alaraq hökuməti girov edirlər" - deyib bir keçmiş hökumət üzvü.

Ana bətnindəki uşaq nə edir?

Fotonun müəllifi Thinkstock
Image caption Əksər qadınların hamiləliyi 9 ay çəkmir

"The İndependent" qadın və kişi fertilliyi, ana bətnində uşaq barədə maraqlı faktlarla zəngin məqalə dərc edib.

Milyonlarla spermdən biri

Məsələn məqalədə deyilir ki, kişilər bir cinsi akt zamanı 100 milyon sperm buraxırlar.

Lakin bunlardan yalnız bir neçə yüzü qadının yumurtasına çata bilir. Yumurtanın üst səthindəki xüsusi reseptorlar isə bunlardan da yalnız birini içəri buraxır.

Çağaların yaşı hamiləlikdən 15 gün az olur

1836-cı ildən bəri həkimlər qadın hamiləliyinin başlanğıcı olaraq onun son menstruasiyasını götürürlər.

Beləliklə, uşağın yaşı sperm yumurtaya daxil olandan hesablanmır.

Ovulyasiya, yəni yumurtaların yetkinləşməsi adətən menstruasiyadan iki həftə sonra baş verir.

Mayalanma isə 24 saat ərzində yer alır. Bu isə o deməkdir ki, hamiləliyin müddəti səkkiz həftədirsə, bətndəki uşağın yaşı bundan 15 gün azdır.

Həkimlər dölün yaşını ona görə belə hesablayırlar ki, mayalanma anını dəqiq müəyyən etmək mümkün olmur, lakin menstruasiyanın vaxtı tamamilə bəlli olur.

Əksər qadınların hamiləliyi 9 ay çəkmir

Hamiləlik üçün 9 ay təxmini hesablanmış vaxtdır. Məhz buna görə də bu məsələdə bəzi anlaşılmazlıqlar və yanılmalar var.

Birincisi bu məqsəd deyil. Sağlam hamiləlik 5 həftə də ola bilər, 40 həftə də. Əslində qadınların yalnız 4 faizi 40 həftənin tamamında azad olur.

Əslində hamiləlik son menstruasiyadan yox, son ovulyasiyadan hesablanır ki, bu da təxminən 8 ay 24 gündür. Yəni tam 9 ay deyil.

Ürək döyüntüləri

Ana bətnində uşağın ürəyi 6 həftəliyində döyünməyə başlayır.

Səkkiz həftədə uşağın ürəyi dəqiqədə 160 dəfə vurur.

Uşaqlar ana bətnində səsləri eşidirlər

Uşaqlar ana bətnində səsləri eşidə bilirlər və ümumiyyətlə uşaqlıq çox hay-küylü yerdir.

Əksər səsləri tutan qulaqlar uşağın 16 həftəliyində formalaşır.

Bundan sonra uşaq anasının ürək döyüntüsünü, yeməsini, nəfəsini, gəzməsini, söhbətlərini və qarın qurultularını eşidir.

Məhz buna görə də uşaqlar hay-küylü yerlərdə daha sakit olurlar.

Bu həm də o deməkdir ki, uca səslər dölün eşitmə orqanını zədələyə bilər.

Buna görə də hamilə qadınlara atəş açılan yerlərdə olmaq, səsi yüksək musiqiyə qulaq asmaq məsləhət görülmür.

Uşaqlar ana bətnində görürlər

Fotonun müəllifi Getty Images
Image caption Uşaqlar ana bətnində təxminən 16 həftədən sonra işığı görə bilirlər.

Uşaqlar ana bətnində təxminən 16 həftədən sonra işığı görə bilirlər. Lakin onların gözləri 26-28 həftədən sonra tam açılır.

İlk vaxtlar onların görməsi bulanıq olur, lakin çox günəşli havalarda onlar ananın dərisindən sızan işığı görür və buna tərpənməklə reaksiya verirlər.

Hamilə qadınların ürəyi niyə bulanır?

Bir çox hamilə qadınlarda kənar şəxslərə, əşyalara, qoxulara qarşı ürəkbulanması olur.

Alimlərin fikrincə, bu bəlkə də yaxşıdır, çünki ana qeyri-ixtiyari bətnindəki balanı ətraf təsirlərdən qorumuş olur.

Uşaq öz sidiyində üzür və onu içir

Ana bətnindəki uşaq amniotik kisənin içərisində 25 həftə öz sidiyində üzür.

Uşaqlar sidik ifrazına 13-16 həftəliyində başlayırlar. Lakin uşaqların əksəriyyəti nəcislərini doğuşa qədər saxlayırlar.

Uşaq ananın yediklərinin dadını və iyini bilir

Ana bətnindəki uşağlın dadbilmə qabiliyyəti 11 həftəliyindən formalaşır. 28-29-cu həftələrdə uşağın dadlar və iylər barədə məlumatı olur.

Bir çox alimlər inanırlar ki, məhz buna görə də ananın yedikləri uşağın gələcək qidalanma preferensiyalarında böyük rol oynayır.

Bu isə o deməkdir ki, uşaq da anasının xoşladığı yeməkləri xoşlayır.

Bir də çoxlarının bildiyi bir xüsusiyyət var: uşaq gülməyi və ağlamağı hələ ana bətnində öyrənir.

Əlaqəli mövzular