Şimali Koreyanın raket mühərriki sınağı "uğurlu" olub

Şəklin mənbəyi, AFP
Məlumata görə Kim Jong-un sınaqlara nəzarət edib (foto arxivdəndir)
Şimali Koreya dövlət mediası yazır ki, kosmosa peyk buraxmaq üçün raket mühərriki testi "uğurlu" olub.
Ölkənin başçısı Kim Jong-un, alim və mühəndislərdən ən qısa müddətdə kosmosa peyk buraxmağa hazırlıq keçirmələrini tapşırıb, KCNA məlumat verir.
Bu il Şimali Koreya raketlərlə bağlı bir sıra sınaqlar həyata keçirib.
Bu arada, Şimali Koreyanın beşinci nüvə testinə cavab olaraq ABŞ və Çin BMT-də əməkdaşlıqlarını artırmağa razılaşıblar.
Bu ayın əvvəlində keçirilən yeraltı nüvə sınağı, ölkənin indiyədək keçirdiyi ən güclü test olub.
Şimali Koreya öz nüvə və raket proqramları barədə mütəmadi olaraq iddialar edir. Lakin təhlilçilər bildirirlər ki, bu iddiaları müstəqil şəkildə yoxlamaq mümkün deyil.
Reuters agentliyinin sitat gətirdiyi, adları açıqlanmayan diplomatların sözlərinə görə, ABŞ və Çin rəsmiləri Şimali Koreyanın sınağına cavab olaraq potensial BMT sanksiyaları qətnaməsini müzakirə etməyə başlayıblar.
Amma agentlik əlavə edib ki, Pekin Pxenyana qarşı daha sərt addımları dəstəkləyəcəyini hələ ki, açıq-aşkar deməyib.
Çin Simali Koreyanın ən böyük müttəfiqi və ticarət tərəfdaşıdır, amma ölkənin hərbi hərəkətləri və Kim Jong-unun aqressiv ritorikası Çini getdikcə dözümsüz hala salıb.
Daha sərt sanksiyaların təsiri olmaq üçün Çinin dəstəyi mühümdür, amma Beijing dəfələrlə deyib ki, bu addımlar problemə həlledici cavab deyil.
"Uğurlu Test"
KCNA deyib ki, Kim Jong-un olkənin Sohae raket-buraxılışı ərazisindəki sınağa nəzarət edib.

Şəklin mənbəyi, Reuters
Çinin Baş naziri Li Keqiang və ABŞ prezidenti Barack Obama New Yorkda görüşüb
Fevralda, məlumata görə peyk daşıyan raket, məhz bu ərazidən buraxılmışdı.
Deyilənlərə görə, raket mühərrikinin testi olkəyə "dünya səviyyəsində Yer kürəsinin müşahidəsi peyki də daxil olmaqla, müxtəlif peykləri buraxmaq qabiliyyətini" verəcək.
KCNA məlumat verir ki, cənab Kim ölkəsinin "bir neçə il ərzində geostasionar peyklərin sahibi" olması üçün daha çox raketlərin buraxılmasına çağırış edib.
Müşahidəçilərin təbirincə bu onu göstərir ki, Pxenyan tezliklə yeni uzun məsafəli raket buraxa bilər.
Şimali Koreya israr edir ki, onların kosmik proqramı tamamilə elmi xarakter daşıyır. Amma ABŞ, Cənubi Koreya və hətta Çin deyirlər ki, raketlərin buraxılışı qitələrarası ballistik raketlərin inkişafına yönəlib.
BMT Təhlükəsizlik Şurasının qətnamələri olkənin hər hansı nüvə və ballistik raket sınaqları keçirməsinə qadağa qoyub.