Suriya münaqişəsi: Suriyanı bombalayanlar "Allah qarşısında cavab verməlidir" - Roma Papası Francis

Roma Papası

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Roma Papası mülkilərin müdafiəsinə səsləyib

Roma Papası Francis Suriyanın Hələb şəhərinin bombalanmasını pisləyərək buna görə məsuliyyət daşıyanların Allah qarşısında cavab verəcəklərini bildirib.

Romanın Müqəddəs Pyotr meydanında çıxış edən pontifik Suriya müharibəsinə aidiyyatı olan bütün tərəfləri dinc əhalinin qorunması üçün bütün imkanlardan istifadə etməyə səsləyib.

"Mən bombardmanlara görə məsuliyyət daşıyanların, bir gün Allah qarşısında hesabat verəcək insanların vicdanına səslənirəm", Roma Papası deyib.

Rusiyanın dəstəklədiyi Suriya hökumət qüvvələri üsyançıların əlində olan Hələbin şərqindəki rayonlara yeni hücumlar həyata keçirir.

Hələb

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Hələb müntəzəm hava zərbələrinə məruz qalır.

Gecə ərzində buradakı hədəflər şiddətli hava zərbələrinə məruz qalıb.

Suriyanın ən böyük şəhəri olan Hələb uğrunda müharibə 2012-ci ildə başlayıb.

Hazırda şəhərin şərq hissəsindəki ərazilər üsyançı qüvvələrin əlindədir. Şəhərin qərbindəki ərazilərə isə hökumət qüvvələri nəzarət edir.

Yardım qruplarına əsasən ara kəsilmədən aparılan əməliyyatlar və yardım karvanlarına hücumlar nəticəsində Hələb şəhəri humanitar fəlakət astanasındadır.