Hələb yenidən bombardman və hava zərbələrinə məruz qalıb

Sentyabrın 27-də çəkilən şəkil.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Döyüşlər Hələbin böyük hissəsini xarabalıqlara çevirib.

Suriyanın Hələb şəhəri yenidən hava zərbələrinə məruz qalıb. Məlumatlara əsasən həmlədə istifadə olunan çəllək bombaları ötən həftə bombardman edilmiş xəstəxanaya da düşüb.

Gecə ərzində hökumət qüvvələrilə üsyançılar bir-birlərinin mövqelərini ağır sılahlardan atəşə tutublar.

Ötən ay Rusiya ilə ABŞ arasında əldə olunmuş atəşkəs razılaşmasının pozulmasından sonra hökumət qüvvələri şəhərin şərqindəki üsyançı mövqelərinə həmlələrini gücləndirir.

ABŞ Dövlət departamenti həmlələrə görə prezident Bəşər əl-Əsədə dəstək göstərməkdə təqsirləndirdiyi Moskvanı tənqid edib.

Rusiyanın hərbi əməliyyatları Suriyadakı mötədil silahlı müxalifəti esktremist qüvvələrə doğru yönləndirir, ABŞ bildirib. Dövlət Departamentinə əsasən Moskvanın addımları onsuz da qarışıq vəziyyəti daha da mürəkkəbləşdirir.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Ötən həftə ərzində 400 Hələb sakini həlak olub, BMT bildirir.

Bundan əvvəl ABŞ Suriya məsələsində Rusiya ilə əməkdaşlığı dayandıra biləcəyinə dair xəbərdarlıqla çıxış edib. Öz növbəsində Moskva Washingtonu razılaşmalara əməl etməməkdə ittiham edir. Rusiya bildirib ki, ABŞ Bəşər əl-Əsədə qarşı vuruşan cihadçılara hücum etmir.

Bu arada Hələbdə döyüşlərin şiddətlənməsi nəticəsində dinc əhali arasında qurbanların sayı artmaqdadır. BMT bildirir ki, ötən həftə, uşaqlar da daxil olmaqla, 400 yerli sakin həyatını itirib.

2011-ci ildə başlanan münaqişə nəticəsində 230 min min suriyalı həlak olub. 4.8 milyondan artıq adam ölkəni tərk edib. 6.5 milyona yaxın insan didərgin düşüb, BMT bildirir.