Trump indi də "gözəllik kraliçası" Alicia Machado ilə çəkişir

Alicia Machado

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Xanım Macado Trump-ın qadınlara nifrət ifadə edən bəzi bəyanatlarını 'iyrənc' adlandırmışdı.

ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Trump keçmiş "gözəllik kraliçası" Alicia Machado-nun onun haqqında bəzi açıqlamalarını kəskin tənqid atəşinə tutub.

Xanım Macado Trump-ın qadınlara nifrət ifadə edən bəzi bəyanatlarını "iyrənc" adlandırmışdı.

Özünün tvitlərində Trump amerikalıları Alicia Macado-nun keçmişinə və onun "seks videosuna" nəzər salmağa çağırır.

Trump həm də işarə edib ki, onun demokrat rəqibi Hillary Clinton Venesuelada doğulmuş Macado-nun ABŞ vətəndaşlığı almasında ona kömək edə bilərdi.

Bunun cavabında xanım Clinton yazır: "Bu hətta Trump üçün də artıq tam sarsaqlamadır".

Macado iddia edib ki, Trump "Dünya gözəli" yarışını maliyyələşdirdiyi vaxtlarda çəkisi artdığına görə onu "Miss Piggy" - yəni "'Miss çoşqa" adlandırıb. Macado 1996-cı ilin yarışmasında "Dünya gözəli" titulunu qazanıb.

Macado bunu da bildirir ki, onun Latın Amerikası mənşəyinə sataşmaq məqsədilə Trump ona "Miss evdar qadın" da deyərmiş.

Bu həftə prezident debatlarının birinci raundunda xanım Clinton Trump-ın qadınlara pis münanasibətinin nümayiş etdirmək üçün xanım Maçadonun əhvalatını misal çəkmişdi.

Gecələr yatmayan Trump

Elə həmin gün gecədən xeyli keçmiş Trump Twitterdə yazırdı ki, Macado-nu mələk kimi görən Clinton onun "qaranlıq keçmişinə" diqqət eləməlidir.

O əlavə etmişdi: "Bəlkə ikiüzlü Hillary öz debatında istifadə etmək üçün mənfur Alicia M-ə ABŞ vətəndaşlığı almaqda kömək edib?"

Bundan başqa Hillary Clinton Twitter hesabından yazmışdı: "Bu necə adamdır ki, qadını yalanları və qəsd nəzəriyyələri ilə ləkələmək üçün bütün gecəni yatmır".

"Kimsə zərif dərili Trump-ın xətrinə dəyəndə, o, bunun üstündən keçə bilmir, dərhal hücuma atılır. Prezident üçün təhlükəli xasiyyətdir" - yazmışdı Hillary Clinton.

Bundan sonra artıq gündüz saatlarında bütün telekanallar gecə baş vermiş tvit atışmasından danışırdı. Trump isə Twitter deyişməsinə qayıdaraq Clinton-a cavab yazmışdı: "Məni gecə 3-də yatmadığıma görə bəzi qınayanlar bilsinlər ki, mən burdayam, yatmıram və cavab verməyə hazıram".

Associated Press agentliyi xəbər verir ki, Trump Macado-nun "seks videosu" deyəndə yəqin ki, onun 2005-ci ildə İspaniya realiti teleçousundakı iştirakına işarə edir. Bu şouda Macado başqa bir iştirakçı ilə yataqda görüntülənmişdi. Bu epizoddan fotolar ABŞ-ın bir sıra qəzetlərində dərc edilib.

Özünün Instagramdakı hesabında xanım Maçado onun haqqında bütün ittihamları onu qorxutmaq məqsədilə uydurulan yalan və böhtan kimi rədd edib.