Britaniya mətbuatı: Səudiyyə Qərb təqviminə niyə keçir?

British press

"The İndependent" yazır ki, Səudiyyə Ərəbistanı Nazirlər Şurasının elan etdiyi islahatlar çərçivində dövlət qulluqçularına maaşların ödənilməsi üçün Qərb Qreqorian təqviminə keçib.

Məqalədə deyilir ki, krallıq 1932-ci ildə yaradılandan bəri Hicri-Qəməri təqvimdən istifadə edirdi, lakin oktyabrın 1-dən Şəmsi əsaslı Qriqorian təqvimini qəbul edib.

İslami Qəməri təqvimdə hər biri 29 və ya 30 gündən ibarət 12 ay var. Beləliklə, müsəlman ili 354 gün olmaqla Qərb ilindən 11 gün qısadır.

"The İndependent" yazır ki, "təqvim islahatının" səbəbini də elə bunda axtarmaq lazımdır. Yeni təqvimlə dövlət sektorunda çalışanlar 11 günlük maaşlarını itirəcəklər.

Bununla da hökumət neft qiymətlərinin düşdüyü bir vaxtda xeyli vəsaitə qənaət edə biləcək.

"The İndependent" yazır ki, Nazirlər Şurasının daha bir qərarı ilə Həcc ziyarəti vizasının qiymətləri də qaldırılıb. İndi Həcc ziyarəti üçün vizanın qiyməti hər bir səfər üçün 527 dollar olacaq.

Adi səfərlər üçün iki aylıq vizanın qiyməti artırılaraq 52 dollara çatdırılıb.

Bundan əvvəl hökumət nazirlərin maaşalarını 20 faiz ixtisar edib, mükafatları isə ümumiyyətlə dayandırıb.

Azərbaycan fəalları Qərbin hökumətə "yumşaq münasibətindən" narazılıq edirlər

Şəklin alt yazısı,

Sentyabr ayında Bakıya səfər edən BMT-nin xüsusi məruzəçisi Michel Forst Azərbaycan hökumətini vətəndaş cəmiyyətinə qarşı yanaşmasına yenidən baxmağa çağırıb.

"The Guardian" qəzetində dərc olunmuş məqalə Azərbaycanın hazırkı siyasi vəziyyətinə həsr olunub.

Məqalənin müəllifi Joshua Kucera Azərbaycanda keçirilmiş konstitusiya referendumunun ardınca bir sıra təhlilçilər və siyasi fəallarla söhbət edib.

Bakıda yaşayan siyasi təhlilçi Fərid Quliyev deyib ki, Bakının ətrafları paytaxtın dəbdəbəli mərkəzi ilə bir ziddiyyət təşkil edir.

Məqalədə deyilir ki, iqtisadi böhran ölkə əhalisinə insan haqları verə bilməsə də də, maddi təminat verməyə çalışan hökumət üçün çətin durum yaradıb.

"The Guardian" BMT-nin insan haqları məruzəçisi Michel Forst-un Azərbaycana səfərinin ardınca etdiyi qeydlərə diqqət yetirir.

Məruzəçi Azərbaycana dair hesabatında yazırdı ki, ölkənin vətəndaş cəmiyyəti 1991-ci ildən bəri özünün "ən pis vəziyyətindədir".

Joshua Kucera yazır ki, son vaxtlar Azərbaycanda baş verən siyasi repressiyalar təəccüb doğurur, çünki bu ilin əvvəllərində Bakıdan ümidverici xəbərlər alınırdı.

Məqalədə deyilir ki, hökumət ötən yaz ölkənin onlarca tanınmış siyasi məhbusunu həbsxanadan azad etmişdi. Dövlət mediası və rəsmilər də Qərbin tənqidinə ara vermişdilər.

Azərbaycanın aparıcı ziyalılarından tarixçi Altay Göyüşov da müxbirlə söhbətində ilin əvvəllərində vəziyyətin ümidverici olduğunu təsdiq edib.

Lakin o əlavə edib ki, indi vəziyyət yenidən dəyişməkdədir.

Göyüşov bunu da əlavə edib ki, əslində dəyişikliklər kosmetik xarakter daşıyırdı və Qərbdən bəzi güzəştlərin qoparılmasına xidmət edirdi.

Müxbir Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin korlanmasını neft qiymətlərinin düşməsi ilə bağlı yaranmış iqtisadi tənəzüllə izah edir.

Aparıcı təhqiqat jurnalisti Xədicə İsmayılova "The Guardian" qəzetinıə bildirib ki, "hökumətin pula ehtiyacı var, amma bunu vermək iqtidarında olan təsisatlar öz şərtlərini irəli sürürlər".

Burada söhbət göstəriləcək maliyyə yardımından istifadənin şəffaflığının təminatından gedir.

"Odur ki, hökumət indi QHT-lərə bir qədər nəfəs yeri verib, lakin bu imitasiyadır. Onlar adamları həbsxanadan azad edirlər, lakin QHT-lərin fəaliyyətinə imkan vermirlər" - deyib jurnalist.

"The Guardian" yazır ki, İsmayılova həbsxanadan azad edilməzdən az əvvəl Washington Post qəzeti üçün məqalə yazmış və burada Qərb hökumətlərini Azərbaycan hökumətinin siyasi məhbusları "sövdələşmə predmeti" etməsinə yol verməməyə çağırmışdı.

İsmayılova bildirir ki, Azərbaycan hökumətinin imitasiya taktikası işləyir. Beləki bir sıra diplomatlar Azərbaycan hökumətinin mövqeyində yumşalma hiss etdiklərini deyirlər.

"The Guardian" yazır ki, yerli siyasi fəallar ABŞ-ın Azərbaycanda keçirilmiş referendumla bağlı açıqlamalarını yumşaq hesab edirlər.

Əsgər ölümləri ilə bağlı etirazların təşkilinə görə üç il həbsxanada keçirmiş fəal Rəşadət Axundov "The Guardian" müxbirinə Qərbin Azərbaycana münasibətinə dair şübhələrini bildirib:

"Mən əmin deyiləm ki, pərdə arxasında müəyyən bir sövdələşmə yoxdur".

Assange Clinton-u "bitirə" bilər?

Şəklin mənbəyi, EPA / AFP

Şəklin alt yazısı,

Son debatlar ardınca CNN telekanalının keçirdiyi sorğuya görə Hillary Clinton 62 faiz dəstəklə qalib gəlib, 27 faizi Trump-ın qalib olduğunu bildirib.

"The Express" yazır ki, WikiLeaks saytının yaradıcısı Julian Assange ABŞ seçkilərinə lap az qaldığı bir vaxtda demokrat namizəd Hillary Clinton-u "bitirə bilər".

Məqalədə deyilir ki, Assange oktyabrın 4-də WikiLeaks saytının on illiyinə həsr edilmiş konfransa videoəlaqə vasitəsilə müraciət etməlidir.

45 yaşlı Assange Berlində keçirilən konfransa dörd ildən bəridir ki, Ekvador səfirliyində tapdığı sığınacaqdan müraciət edəcək.

"The Express" yazır ki, Assange-ın müraciəti təhlükəsizlik mülahizələri ilə ləğv oluna bilər.

Məqalədə deyilir ki, Berlin tədbirinə yaxın mənbələr Assange-ın ABŞ Demokrat Partiyası ilə bağlı ifşaedici faktlar açıqlaya biləcəyini söyləyiblər.

Assange uzun müddətdən bəridir ki, xanım Clinton-a dair xoşagəlməz faktları açıqlayacağı ilə hədələyirdi.

Buna baxmayaraq sözü gedən informasiyalar hələlik açıqlanmayıb.

"The Express" yazır ki, Hillary Clinton-un rəqibləri belə bir informasiyanın açıqlanacağına ümid edirlər.

Bununla belə, bəzi təhlilçilər belə informasiyanın mövcudluğuna inanmırlar.

Donald Trump-ın tərəfdarı və siyasi müşaviri Roger Stone Twitter hesabından yazıb ki, açıqlamalar xanım Clinton-un seçki kampaniyasını məhv edə bilər.

Bu arada xanım Clinton ilk televiziya debatından sonra keçirilmiş rəy sorğularına liderlik edir.

CNN telekanalının keçirdiyi sorğuya görə Hillary Clinton debatda 62 faiz dəstəklə qalib gəlib. Rəyi soruşulanların yalnız 27 faizi Trump-ın qalib olduğunu bildirib.

"The Express" yazır ki, orta rəy sorğusu nəticəsinə görə keçmiş birinci ledi elektoratın 47, 5 faizinin, Trump isə 45 faizinin dəstəyinə malikdir.

Məqalədə deyilir ki, Assange və onun tərəfdarları xanım Clinton-un kampaniyasına təşkil etdikləri hədəyə görə təhlükə ilə üzləşdiklərini deyirlər.

WikiLeaks saytının redaktoru artıq dörd ildir ki, Ekvadorun London səfirliyində ekstradisiyadan gizlənir.