Britaniya mətbuatı: Kim Kardashian qarət ediləndə cangüdəni harda olub?

British press

Sərxoş edən, meyxoş etməyən

"The Daily Mail" qəzeti yazır ki, Kim Kardashian West-in cangüdəni özünün Almaniyada yerləşən təhlükəsizlik şirkətini on həftə bundan əvvəl 1 milyon avro borcla müflis elan edibmiş.

43 yaşlı Pascal Duvier xanım Kardashianın ən yaxın adamlarından biri sayılır.

Məqalədə deyilir ki, Duvier, xanım Kardashianı Parisdə keçirilən moda həftəsində müşayiət edirdi.

Lakin bazar ertəsi səhər Kim Kardashian kirayə etdiyi mənzildə qarət olunarkən Duvier şəhərin başqa bir tərəfində xanın Kardashianın gecə klubunda olan bacıları Kendall və Kourtney-ni mühafizə edirdi.

Qarətçilər Kim Kardashian-a aid ümumi dəyəri 10 milyon dollar olan cəvahirat oğurlayıblar.

Qəzet yazır ki, cənab Duvier bu qarətlə əlaqədar şübhəli şəxs hesab olunmur.

Lakin "The Daily Mail" qəzeti aşkar edib ki, onun Epelhaym şəhərində mənzillənmiş təhlükəsizlik firması ötən iyul ayında 1 milyon avro borcla müflislik barədə müraciət edib.

Deyilənlərə görə 35 yaşlı Kim Kardashian cangüdəninin bu qarətə görə günahkar olmadığını söyləyib.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı,

Kim Kardashian West qarətdən üç gün əvvəl böyük brilyantla çəkdirdiyi şəkli Twitterə qoymuşdu

Cənab Duvier 2012-ci ildən Kimin əri Kanye West-ə cangüdənlik edib.

O 19 illik iş təcrübəsinə malikdir və Black Eyed Peas, Fergie, will.i.am, Pussycat Dolls, Justin Timberlake, Christina Aguilera, Lana Del Rey və Katy Perry kimi məşhurlarla işləyib.

Bu da deyilir ki, cənab Duvier qarətçilər qaçıb getdikdən iki dəqiqə sonra gəlib çıxıb.

Fransa polisi hələ ki, qarətçilərin izinə düşə bilməyib.

Arsenalın türk oyunçusu maaş artımı tələb edir

"The İndependent" yazır ki, Arsenal klubunun iki futbolçusu ilə ötən yayda yeni kontraktlar imzalaya bilməməsi komandaya 36 milyon funt sterlinqə başa gələ bilər.

Mesut Özil və Alexis Sanchez yeni kontraktlarda əlavə olaraq həftəyə 250 min funt sterlinq tələb edirlər.

Məqalədə deyilir kİ, buna səbəb qismən də Britaniyanın Avropa İttifaqından ayrılmasına dair referendumun nəticələri olub.

Hər iki futbolçunun kontraktları 2018-ci ildə bitir, lakin komanda onlarla 2020-ci ilədək işləmək niyyətindədir.

Buna baxmayaraq, Brexit-dən sonra hər iki futbolçu ilə kontrakt danışıqlarında problem yaranıb.

"Times" qəzetinin yazdığına görə iki fotbolçunun tələb etdiyi həftəyə 250 min funt sterlinq köhnə müqavilədən 70 min funt sterlinq çoxdur.

Şəklin mənbəyi, Paul Gilham/Getty Images

Şəklin alt yazısı,

"The İndependent" yazır ki, 27 yaşlı Özil Arsenal klubunun onsuz da ən bahalı oyunçusudur.

Məqalədə deyilir ki, futbolçuların tələbinə həm də milli valyuta olan funt sterlinqin ucuzlaşması və onu gözləyən qeyri-müəyyənlik də səbəb ola bilər.

"The İndependent" yazır ki, 27 yaşlı Özil hazırda klubun onsuz da ən bahalı oyunçusudur. O həftədə 140 min funt sterlinq maaş alır.

Sanchezin maaşı bundan 10 min funt strelinq azdır.

Futbolçuların həftəyə 250 min funt istəməsi klubun maliyyə vəziyyətini çətin duruma sala bilər.

Bununla belə Özil və Sanchez heç də Premyer Liqanın ən çox qazanan futbolçuları deyillər.

Manchester United və İngiltərə yığmasının kapitanı Wayne Rooney həftəyə 260 min funt qazanır.

Buna baxmayaraq Arsenal ümid edir ki, Özil və Sanchezi dilə gətirmək mümkün olacaq.