Səudiyyə Yəməndəki hücumu araşdıracaq

Şəklin mənbəyi, AFP
Hücum hutilərin təyin etdiyi daxili işlər nazirinin atasının yas mərasimi zamanı edilib.
Səudiyyə Ərəbistanının liderliyi altında yəmənli qiyamçılara qarşı döyüşən koalisiya bildirib ki, paytaxt Sanada yas mərasimində 140-dan çox insanın ölümü ilə nəticələnmiş hava hücumunu araşdıracaq.
Hadisə ABŞ-dan mütəxəssislərlə birgə "təcili surətdə" araşdırılacaq, koalisiya bəyan edib.
Səudiyyə Ərəbistanı bundan əvvəl koalisiyanın hücumda məsuliyyəti olmadığını bildirib.
Yəməndə qiyamçı hutilərin nəzarətində olan hökümət hücuma görə koalisiyanı ittiham edib.
Hücum hutilərin təyin etdiyi daxili işlər nazirinin atasının yas mərasimi zamanı edilib.
Səudiyyənin liderlik etdiyi koalisiya deyib: "Koalisiya bu hadisəni Yəməndə Hadisələri Birgə Qiymətləndirmə Komandası və ABŞ-lı mütəxəssislərlə birgə təcili araşdıracaq".
"Koalisiya təsdiq edir ki, qoşunların məskunlaşmış və mülki vətəndaşların yaşadığı əraziləri hədəfləməməyə dair aydın qaydaları mövcud olub", bəyanatda deyilir.
ABŞ bildirib ki, koalisiyaya onsuz da azaltdığı dəstəyini "təcili nəzərdən keçirəcək".
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Ned Price bildirib ki, ABŞ-Səudiyyə Ərəbistanı koalisiyası "boş kağız deyil".
Hutilərin sözçüsü Mohammed Abdul-Salam deyib ki, hücum "soyqırım" hadisəsi olub.
BMT-nin Yəməndəki humanitar koordinatoru Jamie McGoldrick hadisəni pisləyərək "dəhşət" adlandırıb.
Onun sözlərinə görə, hadisə yerinə gəlmiş xilasedicilər "şok keçirib".
Beynəlxalq Qırmızı Xaç bildirib ki, 300 meyit daşıma ləvazimatı hazırlayıb.
Səudiyyə Ərəbistanının liderliyi altındakı koalisiya Yəmənin beynəlxalq tanınmış hökümətini dəstəkləyir.
Burada 2014-cü ildə başlayan müharibədən sonra minlərlə dinc sakin həyatini itirib.