İD Suriya və İraqda "ərazilərin 1/4-ni itirib"

Şəklin mənbəyi, AFP
İD-in Suriya və İraqdakı mövqeləri hərbi birləşmələrin hücumlarına məruz qalır
Özünü İslam Dövləti (İD) adlandıran qrup nəzarətdə saxladığı ərazilərin bir çoxunu itirib, yeni rəqəmlər göstərir.
İHS təhlükəsizlik və müdafiə təhlilçiləri deyirlər ki, 2015-ci ilin yanvarından bəri qrupun nəzarətində olan torpaqların sahəsi 28 faiz azalıb.
İlin ilk 9 ayı ərzində İD-in nəzarətində olan ərazilərin sahəsi 79 min kvadrat kilometrdən 65.500 kvadrat kilometrə düşüb.
Hərçənd ki, İD-in itkiləri oktyabr ayında bir qədər səngiyib.
İyuldan bəri qrup cəmi 2800 kvadrat kilometr ərazi itirib.
İHS bildirib ki, bu səngimə Rusiyanın İD-ə qarşı hava hücumlarını azaltması ilə bağlı ola bilər.
İD-ə qarşı hücumlar ilin əvvəlində 26 faiz təşkil edirdisə, indi bu rəqəm 17-dir.

"Ötən sentyabr prezident Putin deyib ki, Rusiyanın missiyası beynəlxalq terrora, xüsusilə İD-ə qarşı döyüşmək olub", İHS-də rusiyalı təhlilçi Aleks Kokçarov deyir, "Bizim rəqəmlərimiz göstərir ki, bu belə deyil".
"Rusiyanın prioriteti Əsəd hökümətinə hərbi yardım göstərmək və güman ki, Suriyada vətəndaş müharibəsini çoxtərəfli münaqişədən birtərəfliyə- Suriya höküməti və İD kimi cihadçı qruplar arasında mübarizəyə çevirmək olub. Bu da müxalifətə beynəlxalq yardımı kölgədə qoyur".
Qrup itkilər versə də, əlində qalan əraziləri hələ də əhəmiyyətlidir, ekspertlər bu qənaətdədirlər. İD Türkiyə sərhədindən 10 kilometr uzaqlaşdırılıb, İraq qüvvələri İD-in nəzarətində olan Mosul şəhərindən 60 km uzaqlıqda yerləşən Qayyara hərbi hava bazasını ələ keçirib.
Qrup, həmçinin Suriyanın Mənbic şəhərini itirib - bura İD-in de-fakto paytaxtı Raqqa ilə Türkiyə sərhədini birləşdirirdi.