Britaniya mətbuatı: İslamı qəbul edən keçmiş “çılpaq model” həbs olunub

Putin Erdoğana həqiqətən də kömək edə biləcəkmi?
"The İndependent" yazır ki, Birləşmiş Ştatların başının prezidentliyə namizəd Donald Trump barədə yeni açıqlamalara qarışdığı bir vaxtda İstanbulda Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Recep Tayyip Erdoğan arasında görüş olacaq.
Məqalədə deyilir ki, bu görüş çox güman əhəmiyyətli və strateji beynəlxalq nətiələrə səbəb ola bilər.
Rusiya prezidentinin Türkiyəyə səfərinin rəsmi məqsədi orada bazar ertəsi, oktyabrın 10-da keçiriləcək Dünya Enerji Konqresində iştirak olsa da, əlbəttə, Ankara və Moskvanın müzakirə ediləcək ciddi enerji məsələləri var.
Qəzet yazır ki, Türkiyə ötən noyabrda Rusiyanın hərbi təyyarəsini vurub salanda "Türk axını" layihəsi dayandırılmışdı, lakin indi bərpa edilib və böyük bir səylə davam etdiriləcək.
Bu layihədən məqsəd ildə 63 milyard kubmentr Rusiya qazını Avropaya nəql etməkdir.
Ukraynaya alternativ
Məqalədə deyilir k, Rusiyanın Ukrayna ilə tranzit sazişinin müddəti iki il yarımdan sonra bitir və Ukrayna Rusiyanın separatçılara dəstəyinə görə bu ölkə ilə siyasi qarşıdurmadadır. Belə bir vaxtda Moskva, əlbəttə ki, öz qazının nəqli üçün alternativ marşrutlar axtarır.
"The İndependent" yazır ki, Rusiya ilə qaz sazişi Türkiyə prezidenti Erdoğana Avropa İttifaqına yeni təzyiq vasitəsi verə bilərdi.
Lakin Rusiya və Türkiyə liderlərinin müzakirə edəcəkləri daha təcili bir məsələ də var. Bu, Suriya və İraqda İŞİD-ə qarşı kampaniya məsələsidir.
Məqalədə deyilir ki, Ankaranın Washington-la münasibətləri sərinləşib, Moskva ilə münasibətləri isə ilıqlaşıb. Üstəlik Moskva ilə Washington arasındakı münasibətlər də pisləşib. ABŞ Rusiyanın Hələbdəki qiyamçıları bombardman edən Əsəd rejiminə dəstəyindən narazıdır.
Rza Zərrabın Erdoğan ailəsi ilə nə əlaqəsi var?
Şəklin mənbəyi, Anadolu Agency/ Getty
Rza Zərrab İrana qarşı beynəlxalq sanksiyaları pozmaqda ittiham olunur
Türkiyə ilə Amerika arasında münasibətlər xüsusilə də iyul ayında Türkiyədə baş vermiş uğursuz çevriliş cəhdindən sonra gərginləşib. Erdoğan hökumətində belə bir şübhə var ki, Amerika ən azı bu çevrilişin hazırlanmasından xəbərdar olsa da, informasiyanı Ankaraya ötürməyib.
ABŞ-Türkiyə münasibətlərinin daha da korlanmasının digər bir səbəbi amerikalıların müsəlman vaiz Fethullah Güleni Ankaraya təslim etməməsidir.
"The İndependent" yazır ki, türk mənşəli İran qızıl taciri Rza Zərrabın Mayamidə həbs edilməsi də Türkiyə prezidentini qıcıqlandırıb.
Rza Zərrab İrana qarşı beynəlxalq sanksiyaları pozmaqda ittiham olunur, lakin Erdoğan bu qənaətdədir ki, onun ABŞ-da həbs edilməsi ona və ailəsinə qarşı təxribat cəhdidir, beləki Zərrabın Türkiyədəki Toğem təhsil xeyriyyəsinə ianələr verməsi və bu xeyriyyə fondunun Erdoğanın arvadı ilə bağlılığı barədə iddialar mövcuddur.
Məqalədə deyilir ki, Türkiyənin Suriyaya hərbi müdaxiləsi məhz belə bir şəraitdə baş verib. Erdoğan bəyan edib ki, hərbi müdaxilənin əsas məqsədi Türkiyə sərhədini İŞİD-dən, habelə Suriya kürdlərinin YPG və Suriya Demokratik Qüvvələrinin döyüşçülərindən təmizləməkdir.
Türkiyə-Rusiya-ABŞ - çətin üçbucaq
"The independent" yazır ki, sözü gedən Suriya kürd qüvvələrini ABŞ özünə müttəfiq hesab edir və Ankaraya bu qüvvələri hədəfləməməsi üçün dəfələrlə xəbərdarlıq etsə də, Türkiyə hərbiyyəsi bu xəbərdarlıqları qulaqardına vurub.
Bundan başqa prezident Erdoğan işarə edib ki, Azad Suriya Ordusu döyüşçüləri ilə birlikdə İŞİD-in istehkamı olan Raqqaya gedən yolun üstündəki əl-Bab məntəqəsini zəbt etmək niyyətindədir.
Washington əl-Babda nə türk əsgərlərini, nə də Azad Suriya Ordusu döyüşçülərini görmək istəmədiyini açıq bildirib.
Cənab Erdoğansa bildirib ki, Türkiyə ordusu Raqqanın alınmasında ABŞ-a dəstək verə bilər, lakin bu əməliyyatda kürd qüvvələri iştirak etməməlidirlər.
"The İndependent" diqqəti belə bir məqama cəlb edir ki, indiyədək Moskva Türkiyənin Suriyadakı hərbi əməliyyatlarına etiraz etməyib, əksinə Ruisya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov bu yaxınlarda Ankarada öz həmkarı general Hulusi Akarla görüşüb.
Məqalədə deyilir ki, ən azı ilkin mərhələdə Moskva və Ankara Suriyadakı əməliyyatlarını əlaqələndiriblər.
Höcət
Türkiyədə hökumətyönlü SETA analitik mərkəzinin vəzifəli alimi Talha Kose deyib ki, ruslar Türkiyənin Suriyanın şimalındakı əməliyyatlarına etiraz etmirlər, çünki bu əməliyyatlar Rusiyanın maraqlarına ziyan vurmur.
"Amma Türkiyə hesab edir ki, amerikalıların Suriyadakı əməliyyatları Ankaranın maraqlarına ziyan vurur" - deyib ekspert.
"The İndependent" yazır ki, İraqda Mosul üzərinə hazırlanan hücum əməliyyatlı da Moskva, Ankara və Washington arasında yeni gərginliyə səbəb ola bilər.
9 gün ərzində başlanacaq bu hücum əməliyyatında da amerikalılar türklərin iştirakını istəmirlər, amma Erdoğan deyib ki, Türkiyə ordusu bu əməliyyatlarda rol oynayacaq və onu bu niyyətdən kimsə çəkindirə bilməz.
Amerika rəsmiləri deyirlər ki, Türkiyə ordusunun İraqda olması məqsədəuyğun deyil, o burada koalisiya üzvü kimi fəaliyyət göstərmir və onu İraq hökuməti buralara dəvət etməyib. Türkiyə lideri deyib ki, azad ediləndən sonra Mosulda yalnız sünni türkmənlər, ərəblər və kürdlər yaşaya bilərlər.
"The İndependent" yazır ki, Tehran tərəfindən dəstəklənən şiə qüvvələri Erdoğanın sözü ilə ortalıqdan yox olmayacaqlar. Bax bu məsələdə isə Putin Erdoğana çətin ki kömək edə bilsin" - yazır "The İndependent".
Britaniyanın dağları niyə təpəyə çevrilir?
Şəklin mənbəyi, Jeff J Mitchell/ Getty
Şotlandiyadakı Buachaille dağı
"The Guardian" yazır ki, Britaniyanın bir neçə dağı təpə kateqoriyasına endirilə bilər. Buna səbəb dəniz səviyyəsinin yüksəlməkdə olmasıdır.
Məqalədə deyilir ki, burada söhbət, həm də, elə bir neçə həftə bundan əvvəl "dağ statusu" qazanmış Dales dağından gedir.
Məlumdur ki, dağların hündürlüyü bir qayda dəniz səviyyəsi ilə ölçülür. Məsələn, hər hansı yüksəkliyin dağ statusu qazanması üçün onun dəniz səviyyəsindən azı 609, 6 metr hündürdıə olması şərtdir. Lakin İngiltərə, Şotlandiya və Uelsdə bir neçə "dağ" bu hündürlükdən cəmi bir neçə santimetr yüksəkdir.
Orta dəniz səviyyəsi isə dəniz səviyyəsinin qabarma və çəkilmə zamanı götürülən iki səviyyəsi arasında müəyyən edilən orta rəqəmdir.
Deməli, elə bir vəziyyət yarana bilər ki, Britaniyanın bəzi dağları qabarmalar zamanı təpə, çəkilmələr zamanı isə dağ hesab olunar.
Maraqlıdır ki, Britaniyada dağların və təpələrin yüksəkliyini ölçən həvəskar alpinistlər bu iş üçün maaş almırlar.
Bunlardan biri də həvəskar dağ səyyahı Myrddyn Phillips-dir.
"The Guardian" yazır ki, məsələn Kumbriya əyalətindəki Tak Mur təpəsi Phillips və dostlarının sayəsində bir neçə həftə əvvəl dağ kateqoriyasına keçirilib. Dostlar isbat ediblər ki, Tak dağı həlledici 609, 6 metrdən 2 santimetr hündürdür.
"The Guardian" yazır ki, Britaniyada dağlar məskəni sayılan Şotlandiya yaxın gələcəkdə öz dağlarını "itirməyəcək", çünki onların hamısı 912 metrdən hündürdür.
Məqalədə deyilir ki, əslində yüksəkliyin dağ və ya təpə sayılması insanların gündəlik yaşayışına təsir etmir, amma burda bir psixoloji qürur faktoru var. Biri var deyəsən, "mən filan təpənin yanındakı kənddənəm", bir də var əsl dağlı sayılasan.
İllah da nəzərə alınsa ki, Britaniyada dağ səyahəti ilə müntəzəm məşğul olan 6 min nəfərlik gəzinti icması var.
Çılpaq şəkil çəkdirirdi, müsəlman olub hicablandı, amma…
Şəklin mənbəyi, Christopher Furlong/ Getty
Model İslam Dövləti ilə bağlılıqda şübhəli bilinir
"The Sun" qəzeti yazır ki, jurnallar üçün çılpaq şəkillərini çəkdirən keçmiş qlamur modeli İslam Dövləti ilə bağlılıqda şübhəli bilinənlərin siyahısına daxil edildikdən sonra Britaniya antiterror polisi tərəfindən həbs olunub.
Məqalədə deyilir ki, Kimberley Miners terror aktlarının hazırlanmasında faydalı ola biləcək materialları saxladığına görə həbs edilib.
"The Sun" qəzeti üçün çılpaq şəkillər çəkdirən 27 yaşlı model İslamı 2010-cu ildə atasının vəfatından sonra qəbul etmişdi.
Bundan əvvəl polis ona internetdə cihadçılarla əlaqə qurmağa çalışdığı barədə xəbərdarlıqlar etmişdi.
Polislər keçmiş modelin Bradforddakı evində axtarış da aparıblar. Bundan sonra o, şəhərdən çıxmamaq barədə iltizam verdikdən sonra məhkəməyə qədər həbsxanadan buraxılıb.
Onun ötən ay Suriyadakı bir cihadçı ilə əlaqə qurduğu aşkar olunmuşdu. Həmin cihadçı onun Suriyaya gəlməsini istəyirdi.
"The Sun" yazır ki, Miners sosial mediada özünü Ayişə Lauren əl-Britaniyyə adı ilə təqdim edirdi.
O sosial mediadakı şəkillərdə tam hicablanmış vəziyyətdə əks olunub və yalnız mavi gözləri görünür.
"The Sun" yazır ki, buna baxmayaraq Miners real həyatda dar cins şalvarda və uzun sarışın saçları açıq şəkildə gəzirdi.
Qonşuları bildirirlər ki, Miners İslamı atası mənasız bir insident nəticəsində həlak olduqdan sonra qəbul edib. Onların sözlərinə görə qız ata itkisinin öhdəsindən heç cür gələ bilmirdi.