"Hər yeddi saniyədə" yaşı 15-ə çatmamış bir qız evlənir

Şəklin mənbəyi, Getty Images
Erkən nikah qızların həyatında dərin iz buraxır.
Save the Children humanitar təşkilatının yeni hesabatına görə hər yeddi saniyədə yaşı 15-dən az olan bir qız evlənir.
Araşdırmaya görə Əfqanıstan, Yəmən, Hindistan və Somali kimi ölkələrdə 10 yaşlı qızlar daha yaşlı kişilərlə evlənməyə məcbur edilir.
Save the Children bildirir ki, erkən nikahlar qızın həyatında bir sıra problemlərə səbəb ola bilər.
Münaqişə, yoxsulluq və humanitar böhranlar qızların uşaq yaşlarında evlənməsində əsas rol oynayır.
"Uşaq evliliyi qızların həyatında təhsil almaq, inkişaf etmək və uşaqlıqlarını yaşamaq kimi əsas haqlarından məhrum edir", Save the Children qrupunun icraçı direktoru Helle Thorning-Schmidt deyib.
"Erkən evlənən qızlar adətən məktəbə gedə bilmir və böyük ehtimalla məişət zorakılığı, təhqir və təcavüzlə üzləşirlər. Onlar hamilə qalır və cinsi yolla keçən xəstəliklərə qarşı həssas olurlar".
Hesabatda qızlar üçün ən çətin ölkələr sırasında Çad, Niger, Mərkəzi Afrika Respublikası, Mali və Somali kimi ölkələr yer alıb.
Şəklin mənbəyi, Getty Images
Hesabata əsasən qaçqın düşərgələrində olan qızların erkən nikaha girmək ehtimalı daha böyükdür
Hesabatda deyilir ki, münaqişələrdən əziyyət çəkən qızların uşaq ikən gəlin olma ehtimalı böyükdür.
Qeyd olunur ki, bir çox qaçqın ailələri qızlarını yoxsulluq və cinsi istismardan qorumaq üçün erkən evləndirirlər.
Save the Children hesabatı çərşənbə axşamı qeyd olunan Beynəlxalq Qız Gününə təsadüf edir.

Mükəmməl görünmək təzyiqi qızları ruhdan salır - Girlguiding xeyriyyə qrupu
Girlguiding qadın xeyriyyə cəmiyyətinin məlumatına görə Birləşmiş Krallıqda qızlar özlərinə beş il bundan əvvəl olduğundan daha az güvənirlər.