ABŞ niyə rus hakerlərinin seçkiyə müdaxiləsindən qorxur?

  • Gordon Corera
  • BBC News-un təhlükəsizlik üzrə müxbiri
Hillary Clinton and Donald Trump

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Bazar günü Hillary Clinton və Donald Trump arasında sayca ikinci televiziya debatları keçirilib

Prezidentliyə namizədlərin bazar günü keçən debatı zamanı qısaca da olsa hakerlərdən də söhbət düşdü. İki namizəd Rusiya hökumətinə bağlı hakerlərin seçki prosesinə təsir göstərməyə çalışması barədə iddia ətrafında mübahisə etdilər.

Debatdan iki gün əvvəl, cümə günü, ABŞ-ın milli kəşfiyyatının direktoru müdaxiləyə görə Rusiya dövlətinin ən yüksək mərtəbələrini ittiham etmişdi.

Rusiyanı tənqid edənlər iddia edirlər ki, onun bu işdə hər hansı rolu təkcə informasiyanın oğurlanması ilə bağlı böyüməkdə olan trendin bir hissəsi olmayacaq. Bu, həm də informasiyadan silah kimi istifadə edilməsi demək olacaq.

Əhvalat hələ may ayında başlayıb. Bu zaman Demokrat partiyasının Milli Komitəsi (DNC) öz kompüter şəbəkəsində baş verən şübhəli davranışdan narahat olmağa başlayır. DNC məsələni aydınlaşdırmaq üçün "CrowdStrike" təhlükəsizlik şirkətinə müraciət edir.

Sistemdə iki haker qrupu aşkarlanır. Onlardan biri sistemə təzəcə daxil olmuşdusa, digərinin artıq az qala bir ildir ki, orada olduğu üzə çıxıb.

"Biz aşkar etdik ki, sistemdə bu şəbəkəni hədəfə alan və yazışmalara və müxalifət namizədləri ilə bağlı tədqiqatlara baxan düşmən var," deyə "Crowdstrike"ın baş təhlükəsizlik əməkdaşı və FTB direktorunun keçmiş icraçı köməkçisi Shawn Henry BBC-yə danışıb.

"Biz bunu Rusiya hökuməti ilə əlaqələndirdik. Biz düşünürük ki, casusluq kampaniyası ilə məşğul olan Rusiya hökuməti olub. Onlar ABŞ preidentliyinə namizədlərə qarşı məlumat toplayıblar."

Ancaq DNC və "Crowdstrike" ittihamları ictimaiyyət qarşısında səsləndirəndə məlumat ictimailəşdi. Artıq müzakirə mövzusu ənənəvi casusluq - məlumat oğurluğu deyil, real dünyaya təsir göstərmək üçün düşünülmüş əməliyyatdır.

"Biz kiberməkandan daha açıq və daha aqressiv istifadənin şahidi oluruq. Artıq məlumat təsir silahına çevrilir," Britaniyanın xüsusi xidməti olan Hökumət Əlaqələri Baş Qərargahının keçmiş direktoru Ser David Omand BBC-yə deyib.

Cümə günü ABŞ-ın Milli Təhlükəsizlik Direktoru da ictimaiyyət qarşısında bununla bağlı narahatlığını dilə gətirib.

"Bu oğurluq və aşkarlamalar ABŞ-ın seçki prosesinə müdaxilə məqsədi güdür," deyə James Clapper Daxili Təhlükəsizlik Departamentinin Katibi ilə birlikdə verdiyi bəyanatda vurğulayıb.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Shawn Henry 20 ildən artıq FTB-də işləyib

"Bu növ fəaliyyət Moskva üçün yeni deyil. Ruslar Avropa və Avrasiyada ictimai fikrə təsir etmək üçün buna bənzər taktika və texnikalar istifadə ediblər."

"Bu səylərin həcmi və həssaslığını nəzərə alaraq, biz düşünürük ki, bu hərəkətlər yalnız Rusiyanın ən yüksək vəzifəli rəsmilərinin tapşırığı ilə edilə bilər."

Kreml bu ittihamları "cəfəngiyyat" adlandıraraq rədd edib.

Bir narahatlıq da ondan ibarətdir ki, məlumat sızdırılmazdan əvvəl dəyişdirilə və saxtalaşdırıla bilər.

Başqa sözlə, əsl məlumatın ortasına yanlış məlumat yerləşdirilə bilər. İnsanlar onun doğruluğunu araşdırmağa imkan tapmamış onu ortaya çıxararaq gündəmə gətirə bilərlər.

ABŞ-ın bir sıra ştatlarında da seçki ilə bağlı sistemlərə, o cümlədən seçici bazalarına müdaxilə qeydə alınıb.

ABŞ kəşfiyyatı bildirib ki, bu, Rusiya şirkəti tərəfindən idarə olunan serverlərlə bağlı ola bilər. Ancaq o, bu fəaliyyəti Rusiya hökuməti ilə əlaqələndirmək iqtidarında olmadığını da ifadə edib.

ABŞ kəşfiyyatı həmçinin bildirib ki, ölkədə seçki sistemi mərkəzsizləşmiş olduğuna və mühafizə olunduğuna görə kiminsə seçki bülletenlərinin sayını dəyişdirməsi çətin olardı.

Ancaq hətta müdaxilə cəhdi və onun mümkünlüyü seçki zamanı ictimai fikir baxımından problemlər yaratmağa kifayət edə bilər.

"Bunun törədilməsinin bircə səbəbini görə bilirəm. O da seçkinin nəticələri barədə şübhə toxumu səpməkdir," deyə Ser David Omand bildirib.

"Əgər siz yalnız səsvermə maşınlarına güvənməli olduğunuz seçki dairəsindəsinizsə, özünüz də maşına və məlumat bazasına müdaxilə olunduğunu bilirsinizsə, siz nəticələrə etibar edə bilərsinizmi? Seçkidən sonra çox tez zamanda bəzi dairələrdə nəticələrin şübhəli olması barədə şaiyələt yayılacaq. Mən bunun mümkün səbəbini anlaya bilirəm: Rusiya ABŞ-da belə bir narahatlığın yarandığını görməyə şad olardı."

Şəklin mənbəyi, VASILY MAXIMOV/AFP/Getty

Şəklin alt yazısı,

Rusiya son illərdə, o cümlədən Ukrayna və Gürcüstandakı münaqişələrdə hibrid müharibə üsulları və informasiya əməliyyatlarını sınaqdan keçirib.

Rusiya son illərdə, o cümlədən Ukrayna və Gürcüstandakı münaqişələrdə hibrid müharibə üsulları və informasiya əməliyyatlarını sınaqdan keçirib.

Rus kəşfiyyatı hələ Soyuq Müharibə vaxtından bəri "fəal tədbirlər" və "təsir əməliyyatları" kimi üsullardan istifadə edib. Ancaq kiberməkan bu üsullardan istifadə baxımından tamamilə yenidir.

ABŞ-ın baş verənlərə necə cavab verməli olduğu barədə müzakirələr zamanı bəzi ekspertlər narahatlıq ifadə edirlər.

"Dövlət səviyyəsində nəyin məqbul və nəyin qəbuledilməz olduğu barədə diplomatik müzakirə olmalıdır," deyə cənab Henry qeyd edib.

"Əks halda, biz bu məkanda artmaqda olan silahlanma yarışının şahidi olacağıq. Bu isə heç kimə sərf eləmir," deyə o bildirib.