Əsəd: Suriyanın yeganə ümidi Rusiya-Türkiyə yaxınlaşmasıdır

Şəklin mənbəyi, AFP
Bəşər Əsəd Rusiyanın Komsomolskaya Pravda qəzetinə müsahibə verib
Komsomolskaya Pravda qəzetinə müsahibə verən Suriya prezidenti Bəşər Əsəd Rusiyanın, Türkiyənin Suriya siyasətini dəyişdirə biləcəyinə ümid etdiyini deyib.
"Suriyanın yeganə ümidi Rusiya ilə Türkiyə arasında yaxınlaşmadır", cənab Əsəd deyib.
Qəzet Suriya prezidenti ilə müsahibənin tam mətnini cümə günü dərc edəcək.
Şəklin mənbəyi, AFP
Türkiyə Respublikasının prezidenti Recep Tayyip Erdoğan və Rusya dövlət başçısı Vladimir Putin son dəfə İstanbulda görüşüblər
Əhəmiyyətli görüş
Şənbə günü İsveçrənin Lozanna şəhərində Türkiyənin də iştirakı ilə Suriyaya dair görüş keçiriləcək.
Bu görüşdə Rusiya ilə yanaşı ABŞ və Səudiyyə Ərəbistanının da iştirak edəcəyi gözlənilir.
Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılması yolunda atılan addımlar hələ ki Suriyanın gələcəyi ilə bağlı razılığın əldə olunmasına gətirib çıxarmayıb.
Bəşər Əsədə müxalif olan qrupları dəstəkləyən Türkiyə, Suriyanın siyasi gələcəyində cənab Əsədin yerinin olmadığını bildirir.
Suriya ordusu ilə birgə müxalifətə qarşı hava zərbələrini həyata keçirən Rusiya isə Suriyanın gələcəyinə suriya xalqının qərar verə biləcəyini deyir.
“Fərat qalxanı” əməliyyatının Türkiyə üçün perspektivləri
Avqustun sonlarında Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” adlı hərbi əməliyyat çərçivəsində və Azad Suriya Ordusu döyüşçülərinin də iştirakı ilə Suriyanın Cərablus şəhərinə qoşun yeridərək, bu bölgədəki "İslam Dövləti"nin (İŞİD) dayaq məntəqələrinə çox ciddi zərbələr endirdi.