Suriya: qiyamçılar Dəbiq şəhərini "azad edib"

Müxalif qiyamçılar şənbə günü Dabıq uğrunda döyüşüb

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Müxalif qiyamçılar şənbə günü Dabıq uğrunda döyüşüb

Müxalif qiyamçılar Türkiyənin yardımı ilə Suriyada simvolik əhəmiyyət daşıyan Dəbiq şəhərini özünü İslam Dövləti adlandıran qrupdan "azad edib", qiyamçıların komandirləri və müşahidəçilər deyirlər.

Qiyamçılar qəsəbəni "İD-in oradan qaçmasından" sonra tutub, Britaniyada mənzillənən Suriya İnsan Haqları Müşahidəsi qrupu bildirib.

Kiçik şimal şəhəri olan Dəbiq İD-in təbliğində və axirət fəlsəfəsinin yayılmasında əsas yer tuturdu.

Dəbiqin alınması müxalif qiyamçıların Suriyanı İD-dən azad etməsi planının bir hissəsidir.

Sultan Murad qiyamçı qrupunun komandiri Əhməd Osman Reuters agentliyinə deyib ki, bazar günü səhəri qrup həmçinin qonşu Soran kəndini də azad edib.

Suriya İnsan Haqları Müşahidəsi qrupu deyir ki, Dəbiqi qorumaq üçün 1200 İD döyüşçüsü gətirilib.

Həmzə Briqadası adlı qiyamçı bir qrupun komandiri Associated Press agentliyinə deyib ki, İD-in müdafiəsi "az idi".

Saif Abu Bakr deyib ki, İD cənubda Əl-Bab şəhərinə doğru geri çəkilib.

2000-ə yaxın döyüşçünün iştirak etdiyi əməliyyat Türkiyə tankları və artilleriyası və beynəlxalq koalisiyanın hava hücumları ilə dəstəklənib.

Şəhər Türkiyə sərhədindən 10 km uzaqlıqda yerləşir.

Avqust ayında Türkiyə cənub sərhədlərini İD və İD-lə döyüşən kürd qiyamçılarından təmizləmə əməliyyatına başlayıb.

Sentyabr ayında Türkiyənin baş naziri deyib ki, sərhəd xəttinin 91 kilometri "tamamilə təhlükəsizdir" və "bütün terrorçü təşkilatlar geri çəkilib".

Təhlil: Sebastian Usher, BBC Ərəbcə redaktoru

Dəbiq uğrunda mübarizə həftələrdir gedir - Türkiyənin havadan dəstəyi ilə üsyançılar İD-in zəbt etdiyi kəndləri bir-bir azad edir. Nəticədə şənbə günü yekun hücumdan sonra şəhərin mühasirəsi yarılıb.

Strateji baxımdan bu böyük nailiyyət deyil. Lakin İD bu şəhəri özünün düşmənləri ilə böyük münaqişəsində axirət fəlsəfəsinin simvolu kimi qəbul etmişdi.

Şəhərin adı Məhəmməd Peyğəmbərin bir Hədisində keçir - bu şəhər dünyanın axırından əvvəl müsəlmanlarla kafirlər arasında son döyüşün məkanı olacaq. Qrup özünün internet saytını da Dəbiq adlandırıb, lakin şəhərin əhəmiyyətini son vaxtlarda azaldaraq deyib ki, bu müharibə bədii əsər deyil.