Ağ Dəbilqəlilər: "Hələbdə 14 nəfərlik ailə ölüb"

Ağ Dəbilqəlilər

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Ağ Dəbilqəlilər Suriyada 3 min könüllüdən ibarət xilasedici şəbəkədir

Suriyada 3 min könüllüdən ibarət xilasedici şəbəkə olan Ağ Dəbilqəlilər açıqlayıb ki, Hələb şəhərində bugün baş vermiş bir hava hücumunda 14 nəfərlik ailənin bütün üzvləri həlak olub.

Ağ Dəbilqəlilər bildirib ki, müxalifətin nəzarəti altında olan şəhərin şərq hissəsində həyatını itirənlərin ikisi 6 aylıq körpə, 6 nəfəri isə yaşı 8 yaşından aşağı olan uşaqlar olub.

Şəbəkə ailənin rus təyyarəsinin hava hücumu nəticəsində öldüyünü iddia edib.

Rusiya bu iddialarla bağlı heç bir şərh verməyib.

24 saatda "45 insan ölüb"

Londonda mənzillənən Suriya İnsan Haqları Müşahidə qrupu son 24 saatda Hələbdə 45 insanın öldüyünü açıqlayıb.

Müşahidə qrupu onlardan beşinin uşaq olduğunu bildirib və əlavə edib ki, bir çox insan dağıntılar altında qalıb.

AFP bildirib ki, Ağ Dəbilqəlilər dağıntılar altında qalmış insanları xilas etməyə çalışır.

AFP-nin rəqəmlərinə görə, ötən ay Suriyada Rusiya və ABŞ-ın liderliyi altında qurulmuş atəşkəs pozulduqdan sonra Hələbdə 82-i uşaq olmaqla 448 nəfər ölüb.

Rusiya və Suriya hava hücumlarında qiyamçıları hədəflədiklərini açıqlayıblar.

ABŞ və Böyük Britaniyanın Xarici işlər nazirləri ötən gün Londonda verdikləri açıqlamalarda Hələbdə hava hücumlarına son verilməzsə, Suriya və Rusiyaya qarşı iqtisadi sanksiyalar qoyulacağını bildiriblər.