Rusiya Hələbə hava zərbələrini dayandırıb

Hələb Fotonun müəllifi Reuters
Image caption Humanitar fasilə zamanı silahlılar və qaçqınlar Hələbi tərk edə bilərlər

Rusiya və Suriyanın hərbi təyyarələri çərşənbə axşamı səhər saatlarından Hələb şəhərinə hava zərbələrini dayandırıb, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə hava zərbələrinin vaxtından əvvəl dayandırılmasına səbəb humanitar fasilənin həyata keçirilməsi ilə bağlıdır.

Fasilə zamanı Suriya qoşunları geri çəkilərək xüsusi yaradılmış dəhlizlər vasitəsilə Hələbin şərqindəki üsyançılara şəhəri tərk etmək imkanı verəcəklər.

"Hələbin şərqindəki silahlı qruplaşmalar üzərində təsiri olan ölkələrin rəhbərliyinə müraciət edərik ki, onları şəhəri tərk etmələrinə inandırsınlar", cənab Şoyqu deyib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, cümə axşamı Hələb rayonunda 8 saatlıq humanitar fasilənin həyata keçirilməsi planlaşdırılır.

BMT bildirib ki, hansısa bir nəticəyə nail olmaq üçün, hava zərbələrinin dayandırılması ən azı 12 saat davam etməlidir.

"Biz hərbi əməliyyatlara istənilən fasiləni alqışlayırıq, lakin yardımın çatdırılması üçün daha uzun müddətli fasiləyə ehtiyac var", BMT baş katibinin sözçüsü Stephane Dujarric deyib.

Bazar ertəsi Aİ Xarici İşlər Şurası bildirib ki, Rusiyanın Suriyada həyata keçirdiyi hava zərbələri hərbi cinayət kimi araşdırıla bilər.

"Xəstəxanalara, tibbi heyətə, məktəb və əhəmiyyətli infrastruturlara bilərəkdən hücumlar edilir, eyni zamanda çəllək bombaları və kimyavi sliahlardan istifadə münaqişənin daha da böyüməsinə şərait yaradır", komitənin bəyanatında deyilir.

Moskva Suriyada dinc əhalinin bombalanması ilə bağlı ABŞ və Aİ-nın ittihamlarını rədd edir.

Əlaqəli mövzular