Britaniya: miqrantların dişlərini yoxlamaq təklifi tənqid olunur

Calais düşərgəsində miqrantlar

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Bəzi Britaniya mediasında miqrantların uşaq olmaması barədə şübhələr yaranıb.

Britaniya parlamentinin deputatı David Davisin ölkəyə Kale düşərgəsindən gələn gənc miqrantların dişlərini yoxlamaq təklifi tənqid edilib.

Deputat düşünür ki, bu yolla qohumlarının yanına gələn miqrantların yaşını və uşaq olub-olmadığını təyin etmək olar. Britaniya Diş Həkimləri Assosiasiyası bildirib ki, belə yoxlama etik deyil.

"Belə üsul dəqiq deyil, həmçinin tibbi ehtiyac olmadan insanların rentgendən keçirilməsi səhv və qeyri-etikdir."

Davis-in Twitterdə "onlar uşağa bənzəmir" cümləsi də tənqid olunub.

O deyib ki, "ümid edirəm ki, onlar Britaniyanın qonaqpərvərliyindən sui-istifadə etmirlər".

"Onlar yük maşınlara minə bilirlərsə, demək öz yaşlarını səhv deməkdən utanmazlar. Biz test keçirməliyik" deyən deputat bu məsələni parlamentdə qaldıracağını söyləyib.

Oktyabrda Fransa və Britaniya höküməti Cəngəllik adlandırılan düşərgədə kimsəsiz uşaqların qeydiyyatına başlayıb.

Onların fotoları mediada çap olunduqdan sonra həmin şəxslərin uşaq olmaması barədə şübhələr yaranıb.

Britaniya ilk növbədə ölkədə qohumları olan uşaqları ailələri ilə birləşdirmək üçün qeydiyyata alır. Qanuna görə uşaqların belə hüquqları var.

Son iki il ərzində Kale düşərgəsinə Afrika və Yaxın Şərqdən minlərlə miqrant gəlib. Onlar Avropadan Britaniyaya keçmək istəyirlər.