Britaniya mətbuatı: Norveç naziri müsəlman miqrantlara alkoqol və donuz ətini məsləhət görüb

Şəklin mənbəyi, Carl Court
LinkedIn-ə haker hücumu edən rus həbs olunub
"The Guardian" yazır ki, LinkedIn və San Francisco körfəzi ərazisindəki başqa şirkətlərin kompüterlərinə hücum etmiş milliyyətcə rusa qarşı rəsmi ittiham irəli sürülüb.
ABŞ prokurorluğunun San Francisco idarəsi 29 yaşlı moskvalı Yevgeni Aleksandroviç Nikulini kompüterlərə müdaxilə və kimlik oğurluğu kimi cinayətlərdə ittiham edir.
Prokurorlar bildiriblər ki, Nikulin 2012-ci ildə şirkətin kompüterlərinə müdaxilə etmək üçün LinkedIn əməkdaşının vəsiqəsindən istifadə edib. Nikulin həmçinin iki başqa şirkətin - Dropbox və Formspring şirkətlərinin serverlərinə haker müdaxiləsi edərək istifadəçi adlarının, parolların və email ünvanlarının satış məqsədi ilə oğurlanmasında ittiham olunur.
"The Guardian" yazır ki, Nikulin oktyabrın 5-də Çexiya Respublikasında həbs edilib və prokurorların məlumatına görə hələ də ordadır. Rusiya rəsmiləri deyirlər ki, Nikulinin ABŞ-a ekstradisiyasının qarşısının alınması üzərində işləyirlər.
LinkedIn bu qənaətdədir ki, Nikulinin həbsi onun 2012-ci ildə üzvlərə aid informasiyanın kilidini sındırması ilə bağlıdır. O vaxt 100 milyonadək istifadəçinin parolları açılmışdı.
Lakin ABŞ prokurorluğunun sözçüsü Nikulinin həbsinin məhz 2012-ci il hadisəsi ilə bağlı olması barədə iddiaları şərh etməyib.
O deyib ki, Nikulinin vəkilinin kim olduğunu bilmir.
Buna baxmayaraq LinkedIn öz bəyanatında 2012-ci ilin haker hücumu barədə təhqiqat apardığına görə FTB-yə təşəkkürünü bildirib.
İttihamnamədə iddia olunur ki, Nikulinlə daha üç nəfər əlbir olub və onlardan biri Formdspring şirkətinin oğurlanmış müştəri informasiyalarını 6 min dollara başqa birinə satmaq istəyib.
"The Guardian" xatırladır ki, ABŞ hazırda Rusiyanı Demokrat Partiyasının serverlərindən oğurluğu və nüfuzlu adamların emaillərinin faş edilməsini koordinasiya etməklə Amerika prezident seçkisinə müdaxilə cəhdində ittiham edir.
Rusiya bu iddiaları rədd edir.
Alkoqol, donuz əti və inteqrasiya
Şəklin mənbəyi, EMMANUEL DUNAND
Sylvi Listhaug-ın sözləri tənqid edilib
"The İndependent" yazır ki, Norveçin inteqrasiya naziri müsəlmanları ölkə mədəniyyətinə qaynayıb-qarışmaq üçün alkoqollu içkilər içməyə və donuz əti yeməyə çağırdığına görə tənqid və istefa tələbləri ilə üzləşib.
Norveçin antimühacirət Tərəqqi Partiyasından olan xanım Sylvi Listhaug özünün Facebook səhifəsində yazırdı ki, Norveçə gələn mühacirlər ölkə mədəniyyətinə uyğunlaşmaq məcburiyyətindədirlər.
"The İndependent" yazır ki, xanım Listhaug 20 min "like" qazandıqdan sonra öz mövqeyinə aydınlıq gətirməyə məcbur olub.
"Biz donuz əti yeyir, alkoqol içir və üzümüzü bağlamırıq. Odur ki, siz Norveçə gələrkən bizim dəyərlərimiz, qanun və qaydalarımıza riayət etməlisiniz" - yazırdı nazir Facebook-da.
Məqalədə deyilir ki, xanım Listhaugun partiyasının və Mühafizəkar Partiyanın daxil olduğu koalisiya hökuməti ötən həftə müsəlmanlara qarşı çox sərt mövqe nümayiş etdirib.
Bundan əvvəl ölkənin baş naziri Erna Solberg demişdi ki, şəxsən o üzünü rübəndlə bağlayan hər hansı qadını işə götürməzdi.
Bütün bunlara baxmayaraq xanım Listhaugun postu sosial mediada sərt tənqidlərlə üzləşib.
"Bu ölkədə və başqa ölkələrdə nəyi yeyib, nəyi yeməmək ümumi insan haqqıdır" - yazır Bente Bull adlı bir istifadəçi.
"Listhaug bizə problem yaradır" - deyə başqa bir istifadəçi reaksiya verib.
Elisabeth Rönnild adlı istifadəçi isə yazıb: "Bu indiyədək oxuduğum ən axmaq bəyanatdır".
Qaçqın inteqrasiyası sahəsində fəaliyyət göstərmiş Norveç kriminoloqu Ömər Gilani Syed Aftenposten qəzetində yazdığı məqalədə naziri istefaya dəvət edib.
Norveçin Leyborist Partiyasından Zeynəb əs-Səməray Dagbladet qəzetində yazıb: "Əgər sən inteqrasiya nazirisənsə, inteqrasiya işləri ilə məşğul olmalısan, daha adamları qorxudub bir-birlərindən ayırmamalısan".
Xanım Listhaug cavab olaraq bildirib ki, onu düzgün başa düşməyiblər. O israr edib ki, müsəlmanları donuz əti yeməyə və ya spirtli içikilər qəbul etməyə məcbur etmək niyyətində deyil, lakin Norveç mədəniyyəti bü cürdür.
"Mənim dediyim odur ki, Norveçə gəlmisənsə, özünü Norveç əmək bazarına uyğun aparmalısan. Əgər sən restoranda və piano barında ofisiant işləyəcəksənsə, müştəriyə donuz əti də verməli olacaqsan, alkoqollu içki də. Axı biz iş müsahibəsinə idman şalvarında və ya kepka ilə getmirik. Müsahibənin öz geyim normaları var" - yazır nazir.
"The İndependent" yazır ki, Norveç Miqrasiya Müdirliyinin məlumatına görə 2015-ci ildə 10 min 448 nəfəri suriyalı olmaqla 31150 nəfər ölkədən sığınacaq istıəyib.
Sərhəd yoxlanışı sərtləşdiriləndən və maliyyə müavinətləri məhdudlaşdırılandan bəri Norveçə gələn qaçqınların sayı 95 faiz azalıb.
Hazırda Norveç-Rusiya sərhədində uzunluğu 200 metr, hündürlüyü 3 metr yarım olan dəmir hasar tikilir.
Bob Dylan-a Nobel verənlər ona "lovğa" dedilər
Şəklin mənbəyi, Frazer Harrison
Bob Dylan İsveç Akademiyasından edilən israrlı telefon zənglərinə cavab vermir
"The Telegraph" yazır ki, ədəbiyyat sahəsində Nobel mükafatlarını müəyyən edən akademiyanın tanınmış üzvü mükafata layiq görüləndən bəri zənglərə cavab verməyən Bob Dylan-ı "lovğa" adlandırıb.
Amerikalı şair-nəğməkar gəlib mükafatını alması üçün İsveç Akademiyasından edilən israrlı telefon zənglərinə cavab verməyib.
"Bu nəzakətsizlik və lovğalıqdır" - deyib Akademiyanın üzvü, İsveç yazıçısı Per Wastberg SVT telekanalına müsahibəsində.
Onun ədəbiyyat sahəsində Nobel mükafatının qalibi olduğu elan edilən gün, yəni oktyabrın 13-də Dylan Las Vegasda konsert verirdi, lakin tamaşaçıla bu barədə bir kəlmə də deməyib.
O həmin konserti çoxmənalı şəkildə Frank Sinatranın "Mən indi niyə dəyişim?" mahnısı ilə bitirib.
"The Telegraph" xatırladır ki, hər il dekabrın 10-da Nobel mükafatı laureatları Stokholma toplaşaraq mükafatlarını kral Karl XVI Gustafın əlindən qəbul edir və təşəkkür nitqi söyləyirlər.
Akademiya Dylanın mükafatı qəbul edib-etməyəcəyini hələlik bilmir.
"Bu, indiyədək görünməmiş hadisədir" - deyib Wastberg.
Bu arada Bob Dylan-ın internet səhifəsindən onun Nobel mükafatına layiq görülməsi barədə xəbər silinib.
Lakin İsveç Kral Elmlər Akademiyasının üzvü Anders Barany deyib ki, 1921-ci ildə Albert Einstein fizika üçün layiq görüldüyü Nobeldən imtina edib.
1964-cü ildə fransız filosofu və yazıçısı Jean-Paul Sartre ədəbiyyat mükafatını qətiyyətlə rədd edib.
Ədəbiyyat üçün Nobel mükafatına bu il Salman Rushdie, Suriya şairi Adonis və Keniya yazıçısı Ngugi wa Thiong'o da namizəd idilər.