Kale miqrantları: Fransa "Cəngəllik" düşərgəsini təmizləməyə hazırlaşır

Şəklin mənbəyi, Reuters
Bazar günü miqrantlara köçürüləcəklərinə dair məlumat kağızları paylanıb
Fransada 1200-dən çox polis və rəsmi Kaledə "Cəngəllik" adlanan miqrant düşərgəsində təmizləmə əməliyyatına başlayır.
Hakimiyyət orqanları bildirirlər ki, 7 minə yaxın insan yoxsul şəraitdə düşərgədə yaşayır.
Miqrantlar dinc şəkildə köçürülmək üçün növbədə gözləyir və onları daşıyacaq 60-a qədər avtobusun bəziləri artıq yola düşüb.
Onlara Fransada qaçqın mərkəzlərində yerləşdirilmək təklif edilib.
Lakin narahatlıqlar var ki, Britaniyaya getmək istəyən bəzi miqrantlar hələ də orada qalmaq istəyərlər.
Böyük Britaniya bu düşərgədən təqribən 1,300 kimsəsiz uşağın qəbuluna başlayıb.
Xeyriyyə cəmiyyətləri Fransa hökümətinə yetkinlik yaşına çatmayanlarla müsahibələr aparmaq və Böyük Britaniyaya kimin köçürülməli olduğunu təsbit etmək üçün yardım edir.
Fransanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, təhlükəsizlik səbəbilə uşaqlar yük konteynerlərinə köçürüləcək, Cəngəlliyin qalan hissəsi isə söküləcək.
Fransa ərazisində miqrantları yerləşdirmək üçün 7500 boş ev mövcuddur.
Çərşənbə axşamı isə çadırları və sığınacaqları dağıtmaq üçün oraya ağır texnika göndəriləcək.
Fransanın Daxili İşlər Nazirliyi bildirib ki, "zor tətbiq edilməyəcək, amma miqrantlar və ya QHT-lər narazılıq edərsə, polis müdaxilə etməyə məcbur olacaq".
Cəngəllikdə əsasən Afrika və ya Orta Şərqdən miqrantlar yaşayır.

Şəklin mənbəyi, Reuters
Cəngəllik düşərgəsi Kale hava limanına yaxındır
- Cəngəllik düşərgəsi Kale hava limanının yaxınlığındadır
- Rəsmi məlumata görə orada 7000 miqrant yaşayır, hüquq müdafiəçiləri isə orada 10 min şəxsin yaşadığını deyir
- İnsanların sayı artsa da, düşərgənin ərazisi kiçildilib
- Düşərgədə insanların sayı artdıqca zorakılıq barədə məlumatların sayı da artıb
- Bir çox miqrant Britaniyaya keçmək üçün İngilis Kanalına gedən yük maşınlarında gizlənir