Pakistanda Polis Kollecinə hücum: onlarla insan öldürülüb

Şəklin mənbəyi, Reuters
Məktəb bazar ertəsi axşam hücuma məruz qalıb
Pakistanın qərbindəki Kvetta şəhərində bir qrup silahlının polis məktəbinə hücumu nəticəsində qurbanların sayı artmaqda davam edir, rəsmilər artıq 58 nəfərin öldüyünü təsdiqləyiblər.
Xüsusi xidmət orqanları və hərbçilərin məktəbin yaraqlılardan azad edilməsi üzrə əməliyyatı başa çatdırdıqdan bir neçə saat sonra xilasedicilər yataqxana binasından yeni cəsədlərin çıxarılmasını davam edib.
Kvetta xəstəxanalarına yüzlərlə yaralı daxil olub, onlardan bəzilərinin vəziyyəti ağrdır.
Ümumilikdə yataqxanada 500-ə qədər kursantın olduğu bildirilir.
Məktəb bazar ertəsi axşam hücuma məruz qalıb. Bir qrup silahlı, avtomatlardan atəş açaraq tədris mərkəzinin ərazisinə, sonra isə yataqxana binasına daxil olub.
Əvvəlcə bildirilirdi ki, basqınçıların sayı beş və ya altı nəfər olub. Sonradan məlum olub ki, onlardan üçünün üzərində partlayıcı kəmər olub.
Əməliyyata nizami ordu qüvvələri və xüsusi təyinatlılar cəlb olunub. Atışmalar və partlayışlar iki saatdan artıq davam edib.
Yataqxana binasında iki yaraqlı özünü partlatmağa müvəffəq olub. Bu da qurbanların böyük sayını izah edir, sərhəd korpusunun general-mayoru Şer Afqan bildirib.
Partlayıcı qurğu daşıyan üçüncü yaraqlı partlayış törətməyə vaxt tapmadan xüsusi xidmət əməkdaşları tərəfindən öldürülüb.
Özünü İslam Dövləti adlandıran hərəkat və Kəraçi Taliban qrupu hücuma görə məsuliyyəti üzərinə götürüb.
Lakin rəsmilər hesab edirlər ki, hücumu Laşkar-e-Cangvi antişiə qrupu həyata keçirib. General Şer bu qrupu günahlandıraraq bildirib ki, yaraqlılar "Əfqanıstanda öz kuratorları ilə əlaqə saxlayıblar".
Bəlucistan əyalətinin paytaxtı Kvettada yaraqlıların, islamçı qrupların fəallığı yüksəkdir. Avqustda bu şəhərdə bir neçə partlayış nəticəsində 88 nəfər həlak olub.
Şəklin mənbəyi, AFP/Getty Images
Hücumda 100-dən artıq adam xəsarət alıb.
Şəklin mənbəyi, EPA
Yaralılar xəstəxanaya çatdırlıb
Şəklin mənbəyi, AFP/Getty Images
Təhlükəsizlik qüvvələrinin əməliyyatı bir neçə saat davam edib

"İslam Dövləti" Kərkükdə əks-hücum həyata keçirib
İraq mediası yazır ki, bombalı intiharçılar polis şöbələrinə və bir elektrik stansiyasına hücum edib, lakin təhlükəsizlik qüvvələri onları dəf edib.