Britaniya mətbuatı: İlk görüş üçün "ən axmaq yer" kafedir

British press

"The Independent" dünyanın ən məşhur və varlı "adaxlıdüzəldənlərdən" birinə istinadən yazır ki, ailə qurmaq istədiyiniz şəxslə ilk görüş üçün seçə biləcəyiniz ən uğursuz yer qəhvəxanadır.

Məqalədə deyilir ki, bir fincan kapuçinonun buğu üstündən romantik baxışların mübadiləsi çox nadir hallarda toyla nəticələnir.

Məşhur "elçi" deyir ki, ilk görüş yeri kimi kafeteriyaları seçənlərin 99, 9 faizi evlənə bilmir.

"Görüş yeri əsas məsələdir" - deyib milyonçu aradüzəldən Louanne Ward.

"Əgər qəhvə masasından sonra ikinci görüşə nail ola bilmizinizsə, bilin ki, siz milyon adamdan birisiniz. Normal halda ilk görüş yeri kimi qəhvəxananı seçənlər adətən uğur qazanmırlar" - deyib Louanne Ward.

Tanışlıq firmasınınn sahibi deyir ki, o, qəhvəsiz tanışetmə siyasəti yürüdür. Onun fikrincə, siz gələcək həyat yoldaşınızla bir fincan qəhvəni uzaqbaşı dəniz sahilində əl-ələ gəzdikdən sonra içə bilərsiniz.

"İnsanın başqa bir insanla ruhi təmas qurması üçün vaxt lazımdır" - deyib xanım Ward.

Onun fikrincə elə buna görə də ilk görüşün uğurlu olmasında həftənin günü də əsas rollardan birini oynayır.

Cümə, şənbə və bazar axşamlarından qaçmaq lazımdır, çünki həmin günlər hay-küy çox olur və insan əlavə gərginliyə məruz qalır.

"Evləndirmə eksperti" deyir ki ilk görüş üçün ən münasib günlər bazar ertəsindən cümə axşamına qədər olan günlərdir. Məhz bu görüş zamanı şənbə və bazar günü üçün birgə nahar barədə razılığa gəlmək olar.

Elə isə ilk sevgi görüşü üçün ən mükəmməl yer haradır? Xanım Ward düşünür ki, bu mənada ən yaxşısı kokteyl masasıdır. Burada siz hansı kokteyli seçəcəyiniz barədə müzakirə aparırsnız. Burada yemək üçün də nə isə sifariş etmək olar.

Uğurli ilk görüşün başqa qaydaları da var. Oğlanlar heç vaxt sevgililərindən artıq ətir vurmamalıdırlar.

Fincan

Şəklin mənbəyi, Bryan Thomas/Getty Images

Şəklin alt yazısı,

Bir fincan kapuçinonun buğu üstündən romantik baxışların mübadiləsi çox nadir hallarda toyla nəticələnir, "The Independent" qəzetindəki məqalədə deyilir

Onlar ilk görüşə vaxtında və abırlı paltarda gəlməlidirlər.

Azərbaycanın EITI-dən çıxarılmasına ABŞ mane olub?

"The Financial Times" qəzetinin Moskva müxbiri Jack Farchy yazır ki, Bakının Mədən Sənayesində Şəffalıq Təşəbbüsünün (Extractive Industries Transparency Initiative ) ultimatumunu icra etmək üçün dörd ay vaxtı var.

"Bu müddətdə Azərbaycan ya özünün QHT qanunlarını yenidən yazmalı olacaq, ya da EITI təşkilatından xaric ediləcək" - deyilir məqalədə.

Müxbirin qənaətinə görə ölkənin EITI -dən xaric edilməsi onun öz qazını Avropaya çıxaracaq layihənin maliyyəlləşdirilməsi üçün milyardlarla dollarlıq kredit almasını əngəlləyə bilər.

"The Financial Times" yazır ki, "bu addım Osloda mənzillənmiş könüllü təşəbbüsün avtokratik Azərbaycanda siyasi islahatların həyata keçirilməsi məqsədilə təzyiq edilməsində oynadığı əhəmiyyətli rolu nümayiş etdirib".

Antikorrupsiya gözətçisi olan və hökumətlərlə QHT-ləri bir araya gətirən EITI ölkədə vətəndaş cəmiyyəti üzərinə hücumlarla əlaqədar 2015-ci ildə Azərbaycanın üzvlük statusunun dərəcəsini azaltmışdı.

EITI şurasının çərşənbə günü keçirilən iclasında deyilib ki, Azərbaycan müəyyən müsbət addımlar atsa da, "ölkədə vətəndaş cəmiyyətinin azad fəaliyyəti üçün lazımi meydan yoxdur".

Buna görə də təşkilat QHT-lərin maliyyələşdirilməsi və qeydiyyatına dair qanunlarını dəyişmək üçün Azərbaycana dörd ay vaxt verib.

Şuranın qənaətinə görə Azərbaycanın hazırkı qanunları faktiki olaraq QHT-lərin fəaliyyətini qeyri-mümkün edir.

"The Financial Times" yazır ki, EITI-dəki statusunun qorunub saxlanması Azərbaycanın Dünya Bankı və Avropada İnkişaf və Yenidənqurna Bankından milyardlarla dollarlıq kredit alması üçün şərtdir.

Bu pullar Azərbaycana Cənub Qaz Dəhlizi layihəsindəki payını maliyyələşdirmək üçün lazımdır.

Səhmdarları arasında BP və Türkiyə hökuməti də olan 46 milyard dollarlıq layihə Azərbaycanın Xəzər qazını birbaşa Avropa bazarına çıxarmalıdır.

EITI şurası bəyan edib ki, Azərbaycan onun növbəti iclasınadək QHT-lərin fəaliyyətinə ən çox əngəl yaradan bir sıra qanunlarını ləğv etməlidir.

Konkret olaraq, EITI Bakıdan QHT-lərin hər iki ildən bir təkrar qeydiyyatdan keçirilməsi, qrantların Ədliyyə Nazirliyində qeydiyyata alınması və xarici donorların fərdi qrantları hökumət qeydiyyatına verməsini nəzərdə tutan qanun və qanun maddələrinin ləğvini tələb edib.

"The Financial Times" yazır ki, Azərbaycan hökuməti EITI şurasının lap ərəfəsində neft sektorunda maaşlara nəzarəti həyata keçirən bəzi QHT-lərin bank hesablarını açıb və bəzi fəalların üzərindən səfər məhdudiyyətlərini qaldırıb. EITI şurasının Astanada keçirilən iclasına bir-iki gün qalanda prezident Əliyev QHT-lər üçün xarici qrantların alınmasını sadələşdirən fərman imzalayıb.

Lakin Human Rights Watch təşkialtında Avropa və Mərkəzi Asiya üzrə direktor Rachel Denber bildirib ki, sözü gedən dəyişikliklər "mahiyyətin yox, formanın dəyişdirilməsidir".

"The Financial Times" yazır ki, elə ötən çərşənbə axşamı 22 yaşlı siyasi fəalın qondarma ittihamla 10 il müddətinə azadlıqdan məhrum edilməsi Azərbaycanda fərqli düşüncəyə qarşı dözümsüzlüyün davam etdiyini göstərir.

Məqalədə deyilir ki, QHT-lər Azərbaycanın EITI üzvlüyündən dərhal çıxarılmasını tələb edirdilər, lakin hökumət və onunla işbirliyində olan şirkətlər şuranı Bakıya bir qədər də vaxt verməyin məqsədəuyğunluğuna inandıra bilibllər.

"The Financial Times" yazır ki, Azərbaycanın üzvlüyünün dərhal dayandırılması barədə qərarın qəbul edilməsinə Birləşmiş Ştatlar mane olub.

Məqalədə deyilir ki, Avropanın Rusiya qazından asılılığını azaltmalı olan Cənub Qaz Dəhlizi Washington üçün böyük siyasi əhəmiyyət daşıyır.

Bu barədə suallara cavab verərkən ABŞ Dövlət Departamentinin sözçüsü deyib ki, "ABŞ mədən sənayesində şəffaflığı və EITI standartlarının qlobal miqyasda icrasını dəstəkləyir, lakin daxili və spesifik məqamlarla bağlı şərh vermir".

2020-ci ilədək canlı aləmin 67 faizi yox ola bilər

"The Guardian" yenicə açıqlanmış hesabata istinadən yazır ki, 2020-ci ilədək Yer üzündəki heyvanların üçdə ikisi yox ola bilər.

Su

Şəklin mənbəyi, Justin Sullivan/Getty Images

Şəklin alt yazısı,

Hesabatda deyilir ki, canlı aləmin itirilməsi insanlar arasında su və başqa təbii sərvətlərə görə münaqişələrin yaranmasına gətirib çıxara bilər.

İndiyədək keçirilmiş təhlillərin ən genişində deyilir ki, 1970-2012-ci illər arasında heyvanların sayı 58 faiz azalıb və 2020-ci ilədək bu rəqəm 67 faizə çata bilər.

Dünya Canlı Təbiət Fondu WWF və London Zooloji Cəmiyyətinin birlikdə tərtib etdikləri hesabatda heyvan saylarının kəskin azalmasına səbəb kimi təbii oylaqların dağıdılması, ovçuluq və ətraf mühitin çirklənməsi göstərilir.

Heyvan növlərinin dağlardan meşələrə, çaylardan dənizlərədək geniş ərazilərdə yoxa çıxacağı, itiriləcək faunanın nəsli kəsilməkdə olan filləri və qorillaları, habelə quzğun və səməndərləri əhatə edəcəyi gözlənilir.

Hesabatda deyilir ki, canlı aləmin çöküşü və iqlim dəyişikliyi Yerin geoloji tarixndə insanın hegemon olduğu yeni dövrün - Antroposenin ən sarsıdıcı əlaməti olacaq.

"Biz bundan sonra böyük planetdə kiçik bir aləm yox, kiçik bir planetdə böyük aləm təşkil edirik" - yazıb Stokholm Bərpa Mərkəzinin icraçı direktoru, professor Johan Rockström sözü gedən hesabatın müqəddiməsində.

Canlı Aləm Fondunun rəhbəri Marco Lambertini isə yazır ki, Yer üzündə həyat özü-özünü yaşadır, bioçeşidliyin itməsi məhz bu sistemin çökməsi ilə nəticələnəcək.

O qeyd edir ki, bəşəriyyət təmiz hava və su, ərzaq və materiallar, habelə ilham və xoşbəxtlik məsələsində tamamilə təbiətdən asılıdır.

Hesabatda 3700 onurğalı heyvanın 14 min populyasiyasının monitorinqinin nəticələri araşdırılıb. Bu məlumatlardan istifadə olunaraq planetin 64 min növ heyvanı üçün proqnoz hazırlanıb.

"The Guardian" yazır ki, hazırda planet ərazisinin cəmi 15 faizi insan tərəfindən mühafizə olunur.

Məqalədə deyilir ki, heyvanların ərzaq üçün ovlanması 300-dək məməli heyvan növünün kökünü kəsə bilər.

Hesabatda deyilir ki, çaylar və göllər insan fəaliyyəti nəticəsində ən çox dağıntıya məruz qalan heyvan oylaqlarıdır. Çay və göllərdə 1970-ci ildən bəri heyvan populyasiyalarının sayı 71 faiz azalıb.

"The Guardian" yazır ki, bəzi alimlər hesabatı tənqid ediblər. Məsələn, ABŞ-dakı Duke Universitetinin professoru Stuart Pimm bildirir ki, məsələnin qoyuluşu ümumən doğrudur, lakin dəqiq məlumatlar əldə etmək üçün ayrı-ayrı qruplar, məsələn quşlar öyrənilməliydi.

Hesabatda deyilir ki, canlı aləmin itirilməsi insanlar arasında su və başqa təbii sərvətlərə görə münaqişələrin yaranmasına gətirib çıxara bilər.

Məqalədə bununla yanaşı qeyd olunur ki, bəzi heyvan növlərinin dirçəlişi də baş verir və bu çevik tədbir görülərsə böhrandan çıxmağın mümkün olduğuna ümid yaradır. Məsələn pələnglərin sayı artır, nəhəng pandalar isə nəsli kəsilməkdə olan heyvanların siyahısından çıxarılıb.

Başqa bir misal. Avropada canlı aləm oylaqlarının qorunması və ovun tənzimlənməsi nəticəsində 1960-cı illərdən bəri Avrasiya vaşağının populyasiysı 5 dəfə artıb.

Alimlər deyirlər ki, insanların bir sıra vərdişlərdən əl çəkməsi, məsələn daha az ət yeməsi malqaranın saxlanması üçün yem bitkilərinin əkilməsi məqsədilə meşələrin qırılmasına son qoya bilər.

Hesabatın sarsıdıcı təsvirlərinə baxmayaraq, alimlər adamları çarəsizcəsinə qollarını sallamamağa, canlı aləmin xilası üçün çevik şəkildə hərəkətə keçməyə çağırırlar.