Britaniya mətbuatı: İran əcnəbi qonaqlara "zorla hicab geyindirməkdə" ittiham olunur

Şəklin mənbəyi, ADEM ALTAN
Hökümət daha 15 medianı bağlayıb
Türkiyədə daha 15 media qurumu bağlandı
"The Guardian" yazır ki, Türkiyə hakimiyyəti daha iki fövqəladə fərman verərək dünyanın yeganə sırf qadın xəbər agentliyi də daxil 15 media qurumunu "terrorçu təşkilatlarla əlaqə" ittihamı ilə bağlayıb.
Xəbər verilir ki, ABŞ-da yaşayan müsəlman vaiz Fethullah Gülenlə bağlı olduqları düşünülən 10 min dövlət qulluqçusu vəzifəsindən azad edilib. Hökumət baş tutmamış 15 iyul çevriliş cəhdinin təşkilatçılığında məhz Güleni günahlandırır.
675 nömrəli təcili sərəncamla 19 qəzet, 2 xəbər agentliyi və üç jurnal bağlanıb. Belkəliklə hərbi çevriliş cəhdindən bu yana Türkiyədə bağlanmış media təşkilatlarının sayı 160-a çatıb.
Bu da xəbər verilir ki, həftəsonu bağlanmış media qurumlarının əksəriyyəti kürdlərin sıx yaşadıqları cənub-şərq bölgələrində yerləşir.
Diyarbakırda yalnız qadınların çalışdığı Jinha xəbər agenliyindən jurnalist Beritan Canaözer deyib ki, polislər agentliyin binasına ötən bazar səhər 4-də reyd keçiriblər.
Jurnalist deyib ki, agentliyin bağlanması səbəbləri barədə onlara heç bir məlumat verilməyib.
"Biz ictamaiyəti məlumatlandırmaqdan ötrü başqa yollar tapacağıq, - deyib Canaözer, - Onlar bizi susdura bilməyəcəklər".
"The Guardian" yazır ki, müstəqil P24 media platformasının məlumatına görə çevriliş cəhdindən bəri Türkiyədə 99 jurnalist həbs edilib. Türkiyə hazırda dünyanın ən pis jurnalist məhbəsçisi kimi tanınır. Minlərlə jurnalistin işsiz qaldığı xəbər verilir.
"The Guardian" yazır ki, yüzlərlə jurnalistin hökumət akkreditasiyası ləğv olunub və onlara ölkəni tərk etmək qadağan edilib.
Məqalədə deyilir ki, indiyədək 2000-dək alim və müəllim də vəzifələrindən oxşar fövqəladə fərmanlarla uzaqlaşdırılıb.
Onların əksəriyyəti solçu Eğitim- Şen Müəllimlər İttifaqının üzləridir.
Türkiyədə ümumilikdə çevriliş cəhdindən bu yana 37 min insan həbs edilib və 100 min hökumət qulluqçusu işdən qovulub.
"İcazə verin öz dinimə sitayiş edim"
Şəklin mənbəyi, INDRANIL MUKHERJEE
Hina Sidu "inqilabçı olmadığını, lakin mədəniyyətindən, cinsindən və dinindən asılı olmayaraq müxtəlif xalqları birləşdirən idmanla fəxr etdiyini" deyir
"The Independent" yazır ki, hindistanlı idmançı qadın İranın hicab tələbinə görə atıcılıq yarışını boykot edib.
İran bütün yarış iştirakçısı olan qadınların hicablanmasını tələb etmişdi.
Britaniya Birliyi Oyunlarının qızıl medalçısı Hina Sidu sentyabr ayında Tehranda keçiriləcək Asiya Atıcılıq Çempionatına qatılmamaq qərarının səbəbini Twitterdə izah edib.
Bu yarışda özünün çempionluq titulunu qorumalı olan yarışçı deyib ki, atıcılıların islami qaydalara uyğun geyinməsinin tələb edilməsi idmanın ruhuna yaddır.
Məqalədə deyilir ki, yarışın rəsmi internet saytında yarışçıların İran İslam Respublikasının geyim qaydalarına riayət etməsi barədə tələb dərc olunub.
27 yaşlı idmançı mətbuata bildirib ki, turistlərin və əcnəbi qonaqların hicab geyinməyə məcbur edilməsi idmanın ruhuna ziddir.
"Bu mənim xoşuma gəlmir və mən yarışdan çıxıram - deyib hindistanlı idmançı, - Sən öz dininə sitayiş edirsənsə, icazə ver mən də öz dinimə sitayiş edim. Mən bu yarışda iştirak etməyəcəyəm…"
Özünün Twitter postlarında xanım Sidu "inqilabçı olmadığını, lakin mədəniyyətindən, cinsindən və dinindən asılı olmayaraq müxtəlif xalqları birləşdirən idmanla fəxr etdiyini" deyib.
Xanım Sidu bunu da bildirib ki, qərarının siyasiləşdirilməsini istəmir və bu yarışa qatılacaq hindistanlı həmvətənlərinə uğur diləyir.
"The İndependent" yazır ki, Rio Olimpiadasında amerikalı qılıncoynadan İntihaj Məhəmməd də daxil bir neçə idmançı qadın hicabla yarışırdılar.
Misirli Doa Elqobaşi və Nada Mivad olimpiya oyunlarının çimərlik voleybolu yarışına hicabla və uzunqol köynəklərlə qatılmışdılar.
Zəlzələ Vatikan kilsələrini silkələyib
Şəklin mənbəyi, FILIPPO MONTEFORTE
Qədim Norsiya episentrə ən yaxın məntəqə olduğundan zəlzələ ən çox burada təsirini göstərib
"The Telegraph" yazır ki, İtaliyada baş vermis güclü zəlzələ nəticəsində Vatikanın bəzi qədim hissələrinə ciddi ziyan dəyib.
Məqalədə deyilir ki, hazıda Romanın bir sıra mühüm əraziləri bağlanıb və ekspertlər dəyən ziyanı qiymətləndirməklə məşğuldurlar.
Bu, son 36 ildə İtaliyada baş vermis ən güclü zəlzələ olub.
Tələfat barədə məlumatlar olmasa da 20 nəfərin xəsarət aldığı bildirilir.
"The Telegraph" yazır ki, qədim Norsiya episentrə ən yaxın məntəqə olub. Bura xristianlıqda monastrların banisi müqəddəs Benedict-in doğum yeri hesab olunur.
Zəlzələ o qədər güclü olub ki, Roma və Vatikanın əksər hissələrində bünövrələrin silkələnlənməsinə səbəb olub.
Zəlzələnin təkanları Avstriya ərazisində və hətta İtaliyanın cəbunubunda hiss edilib.
Vatikanda müqəddəs Pavel məbədi bir neçə saat bağlı olub. Bu qədim binanın bayır divarlarında çatların göründüyü xəbər verilir.
Məbədin bağlı olduğu müddətdə ekspertlər onun insanlar üçün təhlükəsiz olub-olmadığını yoxlayırdılar.
Xəbər verilir ki, müqəddəs Pyotr məbədində və başqa kilsələrdə aparılan yoxlamalar binalara ciddi ziyan dəymədiyini göstərib.
Müqəddəs Pyotr meydanına yığılanlar Roma papası Francis-in öz xütbəsində zəlzələdən söz açmasına alqışlarla reaksiya veriblər.
Müqəddəs ata zəlzələdən ziyan çəkmiş ailələr üçün Allaha dualar etdiyini deyib.
Baş nazir Matteo Renzi ziyan dəymiş binaların və kilsələrin təmirinə çağırıb.
Baş nazir deyib ki, bu binalar italiyalıların milli kimliyinin atributlarıdır.
Hökumət ötən həftə yenidənqurma işləri üçün 40 milyon avro vəsait ayırıb.
"The Telegraph" yazır ki, bir sıra kilsələrdə ibadət açıq havada keçirilib.

İtaliyada yeni güclü zəlzələ baş verib
İtaliyanın mərkəzində yerləşən Norcia şəhərində zəlzələ baş verib, bir çox ev dağılıb.