Moldova: prezident seçkilərinin ikinci turu keçiriləcək

İqor Dodon

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Sosialist namizəd olan İqor Dodon Moskva ilə daha yaxın əlaqələr istəyir

Moldovada keçirilmiş prezident seçkilərində rusiyapərəst namizəd səslərin çoxunu qazana bilmədiyi üçün gələn ay seçkinin ikinci turu keçiriləcək.

Demək olar ki, bütün bülletenlər sayıldıqdan sonra İqor Dodon seçicilərin 48.5 faizinin səsini toplayıb. Onun ən yaxın rəqibi avroppərəst namizəd Maia Sandu 38.2 faiz səs toplayıb.

Noyabrın 13-də keçirilməsi planlaşdırılan ikinci turdan yayınmaq üçün cənab Dodon ən azı 51 faiz səs toplamalı idi.

Bu, son 20 ildə Moldovada keçirimiş ilk birbaşa prezident seçkiləridir.

Bu seçkilər Rusiya ilə daha yaxın münasibətləri istəyən seçicilərlə Avropa İttifaqına inteqrasiya istəyən seçicilər arasında mübarizə şəraitində keçib.

Seçicilərin təxminən 48 faizinin iştirak etdiyi seçkilərdə xanım Sandau deyib ki, gənclərin səs verməsinə "maeələr olub", lakion o, bununla bağlı təfərrüatları açıqlamayıb.

"Bu gün seçkilərdə iştirak edən gənclərin sayı az idi. Məncə bu ona görə baş verib ki, onların səs verməsinə maneə olublar. Biz ikinci turda bu əngəllərin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik", o deyib.

Cənab Dodon tərəfdarlarına minnətdarlığını bildirərək əlavə edib: "Əsas nəticə ondan ibarətdir ki, seçicilər artıq bu hökumətə inanmırlar. Bizim qələbəmiz qaçılmazdır".

Baş nazir Pavel Filip bildirib ki, ikinci turun nıəticələrinin "dəyişiklik və sabitlik gətirəcəyinə" ümid edir.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Keçmiş təhsil naziri Maia Sandu Aİ-yə inteqrasiyanın tərədarıdır

Keçmiş Sovet respublikası olan Moldova Avropada ən kasıb ölkələrdən biridir və ölkədə bir sıra korrupsiya qalmaqalları baş verib.

1996-cı ildən bəri Moldovada prezident parlament tərəfindən seçilir.

Həm Aİ, həm də Rusiya Moldovada təsir gücünü artırmağa çalışır. Ukrayna və Rumıniyanın arasında yerləşən ölkədə keçirilmiş sorğuların nəticəsinə görə seçicilər Aİ və Rusiyaya yaxınlıq məsələsində ikiyə bölünüblər.

Cənab Dodon qalib gələcəyi təqdirdə yeni parlament seçkilərinin keçirilməsinə çalışacağına söz verib. Mərkəz sağçı siyasətçi olan xanım Sandu təhsil sitemindəki islahatlara görə təriflənir.

Ölkədə prezident hakimləri təyin edir və xarici siyasəti müəyyənləşdirir, lakin digər böyük qərarlar parlament tərəfindən təsdiq olunmalıdır.

Prezidentin xalq tərəfindən seçilmısi ona daha çox hakimiyyət və təsir imkanları gətirə bilər, müxbirlər bildirir.

Moldovada 2014-cü ildə bank sitemindən təxminən 1 milyard dolların yoxa çıxması qalmaqala səbəb olmuşdu.

Ölkədə həftələrlə küçə etirazları keçirilib və bir il ərzində altı baş nazir dəyişib.

Ondan bəri parlament korrupsiya əleyhinə bir sıra qanunlar qəbul edib.

Moldova Respublikası

Paytaxtı: Kişinyov

  • Əhali 3.5 milyon

  • Ərazi 33,800 km²

  • Əsas dillər Rumın (Rəsmi sənədlərdə "moldovan" adlanır), rus dili

  • Əsas din Xristianlıq

  • Ömrün uzunluğu 66 yaş (kişilərdə), 73 yaş (qadınlarda)

  • Pul vahidi Moldova leyi