Britaniya mətbuatı: Facebook ömrü uzadırmış?

"The Telegraph" yazır ki, sosial media icmaları öldürməkdə və uşaqları təhlükəyə atmaqda tez-tez ittiham olunur, lakin yeni elmi tədqiqat məsələn Facebook-un insanların ömrünü uzatdığını göstərib.
12 milyon Facebook istifadəçisinin araşdırılması göstərib ki, bu şəbəkədən müntəzəm istifadə edənlər arasında ölüm riski 12 faiz az olub.
Bu əvvəllər də düşünülürdü ki, Facebook insanlara real dünya ilə əlaqəni itirməməkdə kömək etməklə yaxşı əhval-ruhiyyə yaradır, lakin indi elm bu sosial mediadan istifadənin ömrü uzatdığını göstərib.
Calofornia-dakı San Diego Universitetinin professoru James Fowler deyib ki, sosial şəbəkələrin insanların ömür uzunluğuna müsbət təsiri hələ 1979-cu ildən bəllidir.
Professor deyib ki, sosial münasibətlərin insan ömrünün uzunluğuna təsiri siqaretin təsiri qədər aşkardır.
Tədqiqatçılar bu araşdırma üçün California-dakı Facebook istifadəçilərinin İctimai Sağlamlıq İdarəsindəki xəstəlik qeydlərini 6 ay ərzində öyrəniblər.
Bu müddətdə sağ qalanlarla ölənlərin sosial media fəallığı arasındakı fərqlər də araşdırılıb.
Bununla belə üzbəüz təmaslarda olan insanların ömür uzunluğu gözləntisinin hətta sosial şəbəkə istifadəçilərinin ömür uzunluğu gözləntisindən də daha böyük olduğu aşkara çıxıb.
Araşdırmanın nəticələrinə görə sosial şəbəkə hesabları olan insanlar daha uzun ömür yaşayırlar.
Ömrün uzanmasına başqa bir Facebook faktoru da təsir edirmiş. Bu da müşahidə edilib ki, daha çox dostluq qəbul edənlərin daha uzun ömür yaşaması şansı böyükdür.
Şəklin mənbəyi, Getty Images
12 milyon Facebook istifadəçisinin araşdırılması göstərib ki, bu şəbəkədən müntəzəm istifadə edənlər arasında ölüm riski 12 faiz az olub, "The Telegraph" qəzetindəki məqalədə deyilir
Bununla belə alimlər vurğulayırlar ki, sosial şəbəkələrdən istifadə qədərində olmalı və real ünsiyyəti sıradan çıxarmamalıdır.
Ukrayna siyasətçiləri sərvətlərini xalqa bəyan edirlər
"The Guardian" yazır ki, Ukraynada prezident Viktor Yanukoviç devriləndən və qəzəbli adamlar onun dəbdəbəli malikanəsinə daxil olandan bəri ötən iki ildə ilk dəfə olaraq yeni hakimiyyət rəsmilərinin sərvəti internetdə bəyan edilib və bir çoxları təzələrin köhnələrdən heç də yaxşı olmadığını düşünməyə başlayıblar.
Məqalədə deyilir ki, rəsmilərə öz sərvətlərini bəyan etmək üçün bazar gününədək möhlət verilib.
"The Guardian" yazır ki, bu siyasətçilərin arasında bahalı qol saatlarına, Fabergé yumurtalarına və silah kolleksiylarına sahib olanları da var. Bir siyasətçi hətta şəxsi kilsəsinin olduğunu bəyan edib.
Lakin ən böyük şoku Ukrayna siyasətçilərinin bu qədər nağd pula malik olması yaradıb. Məsələn baş nazir Volodimir Qroysman 1, 2 milyon dollar və 460 min avro pulu olduğunu bəyan edib.
Üstəlik baş nazir bəyannaməyə bahalı saat kolleksiyasını da daxil edib. Başqa rəsmilər də yüz minlərlə dollar pullarının olduğunu bəyan ediblər.
"Hamı mat qalıb ki, bizim ölkəmizdə bu qədər nağd pul var" - deyib elitanın korrupsiyasından məqalələr yazan təhqiqatçı jurnalist Kristina Berdinskix.
Müxalifətçi millət vəkili Mixail Dobkin 1780 butılka şərabını bəyan edib. Dövlət maliyyə xidmətinin rəhbəri Roman Nasirov isə bəyan edib ki, arvadı ilə birlikdə onların İsveçrə istehsalı olan saatları, brilyantları, xəz paltoları və 2 milyon dollar nağd pulları var.
Müşahidəçilərdən bəziləri deyirlər ki, əgər Milli Bankın direktoru öz əmanətlərini dollarda saxlayırsa, əhalinin milli valyuta olan hrivnyaya necə etimadı arta bilər?
Başqa bəyannamələrdə hətta SS nasistlərinə məxsus xəncər və orta əsrlərə aid ikonalar göstərilib.
Prezidentin parlamentdəki fraksiyasının lider müavini Anatoli Matviyenko isə şəxsi kilsəsi olduğunu bəyan edib.
Təhqiqatçı jurnalist Berdinskix deyib ki, kiminsə varlı olmasını başa düşmək olar, amma bir rəsminin 10 lüks qol saatına, 30 torpaq sahəsinə malik olması təəccüb doğurur.
"The Guardian" yazır ki, 2014-c ildə baş vermiş Maydan inqilabının əsas tələblərindın biri də ölkəni bürümüş korrupsiya ilə mübarizə idi. Etriazçılar Yanukoviçin malikanəsinə daxil olanda orada qızıl suyuna çəkilmiş qolf çubuqları, kiçik zoopark və süni göldə lövbərlənmiş İspan qaleonu tapmışdılar.
Şəklin mənbəyi, Getty Images
Ukraynanın baş naziri Volodimir Qroysman 1, 2 milyon dollar və 460 min avro pulu olduğunu bəyan edib, mətbuat bildirir.
Məqalədə deyilir ki, hazırkı prezident Petro Poroşenko milyarder maqnat olsa da, daha şəffaf siyasət vəd edib.
Müşahidəçilər isə bildirirlər ki, islahatlar ləng gedir, hökumət isə Ukrayna biznesi və siyasətinin simasını dəyişə bilməyib.
Elektron bəyannamə sisteminin tətbiqi Ukraynaya Avropa İttifaqı tərəfindən qoyulmuş tələb idi. Bu tələbin yerinə yetirilməsi müqabilində ukraynalılara Avropaya vizasız gediş-gəliş rejimi tanınmalıdır. Keçmiş NATO baş katinbi, Poroşenkonun müşavirlərindən biri olan Anders Fogh Rasmussen deyib ki, Ukrayna korrupsiya ilə vidalaşmaq və daha təmiz administrasiya yaratmaq istiqamətində həyati əhəmiyyətli addım atıb.
O deyib ki, Kiyevin bu addımını bütün Avropa alqışlamalıdır.
Poroşenko isə bəyannamələrin açıqlanmasını "həqiqətən də tarixi açıqlıq və şəffaflıq hadisəsi" kimi qiymətləndirilib.
Lakin ölkə daxilində bu hadisəyə reaksiya o qədər də eyforiyalı olmayıb.
"The Guardian" yazır ki, orta əməkhaqqının aya 300 dollar olduğu bir ölkədə bu bəyannamələr yalnız siyasi elita ilə əsasən yoxsul ukraynalılar arasındakı uçurumun dərinliyini göstərir.
Məqalədə deyilir ki, bəyannamələrin əsl dəyəri hakimiyyət orqanları bu sənədləri lazımınca araşdırmağa başlayanda bilinəcək.
Berdinskix deyib ki, bəyannamələrin açıqlanması heyrətamizdir və belə bir şey əvvəllər heç kimin yuxusuna da girməzdi.
Neft qiymətlərinin qalxacağına ümidlər yenə də sönür
"The Business Insider" saytı yazır ki, bazar ertəsi OPEC-in planlaşdırdığı hasilat ixtisarına dair şübhələr və ABŞ nefti hasilatının artımına dair xəbərlər xam neftin bir barreli üçün qiyməti 2 dollar endirib. Məqalədə deyilir ki, bununla da neftin qiyməti son bir ayda ən aşağı həddə enib.
Neft İxrac edən ölkələrin OPEC təşkilatı və qeyri-üzv ölkələrin şənbə günü Vyanada keçirilən görüşündə yalnız bu barədə razılaşma əldə edilib ki, OPEC-in təqvim üzrə növbəti iclasından, yəni noyabrın 30-dan əvvəl bir görüş də keçirilisin.
Cümə günü Vyanada artıq yalnız OPEC üzvlərinin arasında keçirilmiş görüş isə İranın mövqeyinə görə nəticəsiz başa çatıb.
İran nəinki hasilatı azaltmağa, heç onu dondurmağa da həvəsli görünmür.
Reuters agentliyinin bazar ertəsi keçiridiyi rəy sorğusu isə göstərib ki, OPEC-in hasilatı məhdudlaşdırmaq barədə razılaşmaya gələcəyinə baxış geniş mənada dəyişməyib.
Şəklin mənbəyi, AP
Rəy sorğusu bunu da göstərib ki, sentyabr ayında Nigeriya və Liviyada hasilatda yaranmış fasilə aradan qalxdıqdan sonra, çox güman OPEC-in hasilatı yeni rekord həddinə çatacaq.
Rəy sorğusu bunu da göstərib ki, sentyabr ayında Nigeriya və Liviyada hasilatda yaranmış fasilə aradan qalxdıqdan sonra, çox güman OPEC-in hasilatı yeni rekord həddinə çatacaq.
Məqalədə deyilir ki, bazar ertəsi Brent neftinin bir barreli üçün qiymət 48 dollardan aşağı düşüb. Bu sentyabrın 29-dan bəri ən aşağı qiymətdir.
Bu da qeyd olunur ki, noyabr ayı üçün bağlanmış kontraktlarda neftin qiyməti 1, 39 dollar enərək 49, 29 dollar təşkil edib.
Qərbi Texas neftinin də qiyməti bir barrel üçün 46, 86 dollara, yəni ən aşağı həddinə çatıb.
Hyustondakı ION Energy firmasından Kyle Cooper obrazlı şəkildə deyib ki, "OPEC-in bütün üzvləri hasilat kitabını eyni səhifədən oxuyanadək" bazar qeyri-müəyyən olaraq qalacaq.
Neft qiymətlərinin proqnozuna mənfi təsir göstərən başqa bir amil isə Oklahomadakı Cushing qovşağının terminalında 585 min barrel izafi neftin yığıldığı barədə xəbər olub.
"The Business İnsider" yazır ki, OPEC sentyabrın 27-də hasilatın ixtisarı barədə niyyətlərini bəyan edəndən bəri qlobal neft qiymətləri 13 faiz artaraq qiymət dirçəlişinə ümidlər yaratmışdı.
Neft daşımaları şirkəti Euronav NV-nin nümayəndəsi bazar ertəsi bildirib ki, İraq və İranın mövqeyi ilə bağlı OPEC-in qiymətləri qaldıra biləcəyi ağlabatan görünmür.
OPEC indiyədək hər bir üzv ölkənin hasilatı konkret olaraq nə qədər azaldacağı barədə heç nə bildirməyib və elan edib ki, yekun qərarlaşma noyabrın 30-da keçiriləcək iclasda bəyan ediləcək.
Məqalədə deyilir ki, qeyri-OPEC üzvü Rusiya qiymətlər barədə danışıqlara hazır olduğunu bidirsə də bu ölkənin büdcəsinə baxanda onun əslində hasilatı gələn il 0, 7, 2018-ci ildə isə 0, 9 faiz artıracağını demək olar.