Mosul döyüşü: İD "40 sakini elektrik dirəklərindən asıb"

Başika İraq qoşunlarının ələ keçirdiyi şəhərlərdən biridir

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Başika İraq qoşunlarının ələ keçirdiyi şəhərlərdən biridir

Özünü İslam Dövləti (İD) adlandıran qruplaşma xəyanətdə ittiham etdiyi 40 sakini Mosulda elektrik dirəklərindən asıb, BMT bildirir.

Bir nəfərin isə İD-nin mobil telefondan istifadəyə qoyduğu qadağaya əməl etmədiyi üçün Mosulun mərkəzində insanların gözü önündə güllələndiyi bildirilir.

İraq təhlükəsizlik qüvvələri Mosulu İD-dən geri almaq üçün hücumlarını davam etdirir.

Sakinlərin qətli ilə bağlı qərarlar özü-özünü təyin etmiş "məhkəmələr" tərəfindən verilib, BMT hesabatında deyilir.

"Xəyanət və ortaqlıqda" ittiham edilmiş 40 sakinə narıncı paltarlar geyindirilib və üzərində qırmızı rənglə "satqınlar və İSF (İraq Təhlükəsizlik Qüvvələri) agentləri" yazılıb.

BMT bildirir ki, çərşənbə gününün axşamı 20 sakin Mosulun şimalındakı Ğabat hərbi bazasında məlumat ötürməkdə günahlandırılaraq güllələniblər.

Mosulda İD tərəfindən istifadə edilmiş evi İraq qoşunları ələ keçirib

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Mosulda İD tərəfindən istifadə edilmiş evi İraq qoşunları ələ keçirib

BMT həmçinin İD-nin yeniyetmələri cəbhə boyu yerləşdirməsindən narahatlığını bildirib. İD tərəfindən yayılmış videolarda uşaqlar insanları casusluğa görə güllələyirlər.

İD 6 noyabrda bəyan edib ki, onlar Mosulun şərqində döyüşdən qaçmağa çalışan yeddi silahlının başlarını kəsiblər, BMT bildirir.