Moldova: prezident seçkilərində rusiyapərəst namizəd İqor Dodon qalib gəlib

Şəklin mənbəyi, Getty Images
İqor Dodon Moldovada korrupsiyaya görə avropapərəst hökumətləri ittiham edir.
Moldovada prezident seçkilərinin ikinci mərhələsində rusiyapərəst namizəd İqor Dodon qalib gəlib.
Rusiya ilə yaxın əlaqələr quracağını deyən cənab Dodon demək olar ki bütün səsvermə vərəqələrinin hesablanması nəticəsində 52.18 faiz səs toplayıb.
Onun avropapərəst rəqibi Maia Sandu isə 47.82 faiz səs yığıb.
Bu, Moldovada son 20 ildə keçirilmiş ilk birbaşa prezident seçkiləridir.
1996-ci ildən burada prezidentləri parlament seçirdi.
Səsvermə bitdikdən sonra cənab Dodon rəqibini ictimai asayişi qorumağa və etiraz nümayişlərindən yan keçməyə çağırıb.
"Seçkilər bitdi", deyən cənab Dodon əlavə edib: "Xalq prezidentini seçib".
Seçkilərdə iştirak faizi 53.54 faiz olub.
Şəklin mənbəyi, AP
İqor Dodon-un kampaniya şüarı: "Biz qalib gələcəyik. Moldovada yaxşı olacaq"
41 yaşlı cənab Dodon 2009-cu ilədək Kommunist Partiyası hökumətində baş nazir müavini olub.
O, Moldovada korrupsiyaya görə avropapərəst hökumətləri ittiham edir. Xanım Sandu son illərdə Aİ ilə daha yaxın əlaqələr qurmağa çalışıb.
Şəklin mənbəyi, Getty Images
Maia Sandu Moldovada "azsaylı təmiz" siyasətçilərdən hesab edilir
1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyini elan edən Moldovanın Moskva ilə tarixi əlaqələri var.
Moldova: prezident seçkilərinin ikinci turu keçiriləcək
Moldovada keçirilmiş prezident seçkilərində rusiyapərəst namizəd səslərin çoxunu qazana bilmədiyi üçün gələn ay seçkinin ikinci turu keçiriləcək.