Britaniya mətbuatı: Rusiya İrana 10 milyard dollarlıq silah satmağa hazırlaşır

"The Telegraph" yazır ki, Rusiya hazırda Tehranla İrana 10 milyard dollarlıq silah satışı sazişinə dair danışqılardadır.
Məqalədə deyilir ki, bu sazişə görə Moskva İran İslam Respublikasına təkmil tanklar, artilleriya sistemləri, təyyarə və helikopterlər satacaq.
Qəzetin Moskva müxbiri Roland Oliphant yazır ki, bu danışıqlar Rusiyanın Yaxın Şərq boyunca öz nüfuz dairəsini genişləndirməyə çalışdığı bir vaxtda baş verir.
Məqalədə deyilir ki, Rusiya Federasiya Şurasının təhlükəsizlik və müdafiə komitəsinin rəhbəri Viktor Ozerovun dediyinə görə danışıqlar hazırda davam edir və razılaşma üçün yaxşı zəmin hazırlanıb.
Ozerov sazişin təfərrüatlarına varmasa da, deyib ki, satılan silahların arasında Rusiyanın T-90 tankları da olacaq.
"The Telegraph" yazır ki, İranla Qərb arasında tarixi nüvə razılaşmasının ardınca Tehran üzərindən bir sıra beynəlxalq embarqolar qaldırılıb, lakin 2020-ci ilədək İrana satılacaq adi silahlar barədə bütün sazişlər BMT tərəfindən təsdiq edilməlidir.
Məqalədə deyilir ki, bu, İranla bütün silah sazişlərinin icrasını əngəlləyə bilər.
Elə Ozerovun özü də etiraf edib ki, ABŞ və onun müttəfiqləri bu silahların İrana çatdırılmasını bloklayacaqlar, lakin Rusiya bu istiqamətdə danışıqları davam etdirəcək.
Qəzet xatırladır ki, bundan əvvəl Rusiya İrana çoxdan vəd etdiyi S-300 raketdən müdafiə sistemini çatdırmışdı.
Moskva S-300 sistemini İrana hələ 2007-ci ildə verməliydi, lakin 2010-cu ildə Qərbin təzyiqi bu göndərişi dayandırmışdı.
Amma İranla dünyanın 6 gücü arasında keçid sazişi imzalandıqdan sonra prezident Putin S-300 sisteminin İrana göndərilməsinə sərəncam vermişdi.
S-300 sisteminin ilk dəstləri Tehrana ötən avqustda təqdim olunub və Ozerovun dediyinə görə bu silahın bütün komponentləri bu ilin sonunadək İrana çatdırılacaq.
"The Telegraph" yazır ki, Rusiya valyuta əldə etmək üçün silah satışına ciddi diqqət verir.
Şəklin mənbəyi, AP
Rusiya S-300 sisteminin ilk dəstləri İrana çatdırıb.
Bir il bundan əvvəl Rusiya və Çin arasında 2 milyard dollarlıq silah sazişi imzalanıb. Bu sazişə əsasən Moskva Pekinə 24 təkmil SU-35 hərbi təyyarələri satmalıdır.
Lakin "The Telegraph" qeyd edir ki, Moskva və Tehran arasında hərbi sahədə belə sıx əməkdaşlıq Putinlə ABŞ-da prezident seçilmiş Donald Trump arasında ilk fikir ixtilafına səbəb ola bilər.
Donald Trump Qərblə İran arasında əldə olunmuş nüvə razlaşmasını "ən pis saziş" adlandırıb, Putin isə bəyan edib ki, sözü gedən sazişin dəyişdirilməsinə imkan verməyəcək.
Bu arada İran və Çin arasında terrorizmlə mübarizə və birgə hərbi manevrlər barədə sazişlər imzalanıb.
Boris Johnson "Erdoğanı küncə sıxmayın" deyib
"Financial Times" qəzeti yazır ki, Britaniyanın xarici işlər naziri Boris Johnson Avropa İttifaqındakı həmkarlarını Türkiyənin ölüm cəzasını bərpa etmək niyyətləri ilə bağlı Ankaranı sıxışdırmamağa çağırıb və nazirləri müəyyən mənada mat qoyub.
"Financial Times" Brüsseldə Avropa İttifaqı xarici işlər nazirlərinin sammitində iştitarak etmiş diplomatlara istinadən yazır ki, Britaniya xarici işlər naziri həmkarlarına "Tükiyəni bu məsələyə görə küncə sıxmamağı" məsləhət görüb.
Qəzet yazır ki, prezident Recep Tayyip Erdoğan ötən iyulda baş vermis uğursuz hərbi çevriliş cəhdinin ardınca özünün 100 mindən çox potensial opponentinə qarşı repressiyalar tətbiq edib.
Məqalədə deyilir ki, kağız üzərində hələ də Avropa İttifaqına üzvlüyə namizəd olan Türkiyə ölüm cəzasını məhz təşkilata daxil olmaq məqsədilə ləğv etmişdi.
İndi ölüm cəzasının bərpası ilə bağlı Türkiyə rəsmilərinin bəyanatlarından sonra bir neçə Avropa ölkəsi Ankaranın namizədlikdən çıxarılmasına və onunla üzvlük danışıqlarının dayandırılmasına çağırıb.
"Financial Times" yazır ki, diplomatlardan biri cənab Johnson-un bu məsələyə müdaxiləsini "inanılmaz" adlandılrıb.
Məqalədə deyilir ki, məhz xarici işlər naziri Johnson Britaniyanın Avropa İttifaqından ayrılması üçün kampaniyanın başında dayanırdı.
Şəklin mənbəyi, Reuters
Cənab Erdoğan deyib ki, o Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsinı ümumxalq referendumuna çıxara bilər.
Brexit-in təbliğatı ilə məşğul olan nazir britaniyalıları məhz Türkiyənin Avropa İttifaqına üzv olacağı və Britaniyaya yüz minlərlə türk miqrantın axacağı ilə qorxudurdu...
Lakin xarici işlər naziri vəzifəsinə təyin edildikdən sonra Boris Johnson iddia edib ki, o guya əksinə Türkiyəyə Aİ-yə daxil olmaq üçün dəstək verirmiş.
"Biz kollektiv maraqlarımız naminə Türkiyəni küncə sıxmamalı, ona aşırı reaksiya verməməliyik" - deyib Boris Johnson Reuters agentliyinin bildirdiyinə görə.
Britaniya və Finlandiya da daxil bəzi Avropa ölkələri Türkiyəniin İttifaqa üzvlük danışıqlarını dəstəkləyirlər.
Cənab Erdoğan deyib ki, o Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsinı ümumxalq referendumuna çıxara bilər.
Ankara Aİ-yə üzvlük üçün danışıqları 1999-cu ildən aparır.
Ən böyük deportasiyaçı Trump yox, Obama imiş?
"The İndependent" yazır ki, ABŞ-da prezident seçilmiş Donald Trump-ın Latın amerikalılarını kriminal, narkoman və qadınzorlayan adlandırması böyük qalmaqallara səbəb olub.
Donald Trump BCS-in "60 Minutes" proqramına müsahibəsində ölkədən 2-3 milyon qanunsuz miqrantı deportasiya edəcəyi barədə vədi bir daha təsdiqləyib.
Cənab Trump demişdi ki, bu 2-3 milyon ispandilli deportasiya edildikdən sonra ABŞ-da qanunsuz yaşayan daha 11 milyon miqrantın "işinə baxılacaq".
Lakin "The İndependent" yazır ki, Donald Trump-ın bu vədlərini, nə qədər qəribə səslənsə də hazırkı prezident Barack Obama artıq icra edib.
ABŞ-ın vəzifəsini tərk etməkdə olan prezidenti 20-ci əsrin bütün ABŞ prezidentlərinin birlikdə deportasiya etdiyindən daha çox miqrantı ölkədən xaric edib.
"The İndependent" yazır ki, buna görə bir sıra QHT-lər Obamanı hətta "ali baş deportasiyaçı" da adlandırırdılar.
Məqalədə deyilir ki, Obamanın 2012-ci il fərmanına və bu sənədin vaxtını uzadan 2014-cü il fərmanına əsasən Birləşmiş Ştatlardan 2009-2015-ci illər arasında 2, 5 milyon sənədsiz miqrant çıxarılıb.
Qəzet yazır ki, bütün bunlar Latın Amerikası mənşəlilərin seçkidə Obamanı dəstəklədikləri bir şəraitdə baş verib. Halbuki bu dəstəyin müqabilində prezident onlara miqrasiya qanununu Konqresdən keçirməyi vəd etmişdi.
Şəklin mənbəyi, AFP
"The İndependent" yazır ki, Donald Trump-ın deportasiya barədə vədlərini, nə qədər qəribə səslənsə də hazırkı prezident Barack Obama artıq icra edib.
Bu da qeyd olunur ki, Obama-nın fərmanı ilə ölkədən çıxarılanların 90 faizi "milli, sərhəd və ictimai təhlükəsizliyə hədə" kateqoriyası ilə deportasiya olunub.
"Odur ki, bu siyasətlə Trump-ın təklif etdiyi siyasət arasında böyük fərq yoxdur yazır" - qəzet.
Məqalədə deyilir ki, Donald Trump deportasiya üçün adam tapmaya bilər, çünki hazırda 1, 9 milyon miqrant Obamanın fərmanı ilə deportasiyasını gözləyir.
Beləliklə Trump-a cəmi 1, 1 milyon miqrant qalır, deyilir məqalədə.
"The İndependent" yazır ki, hətta bu qədər adamı deportasiya etməkdə də böyük çətinliklər yarana bilər. Beləki qanunsuz miqrantların deportasiyası ilə bağlı bəyanatları respublikaçıların özləri də tənqid edirlər.
Məqalədə deyilir ki, hal-hazırda Trump-ın başqa qruplardan olan miqrantların deportasiyası üçün konkret planı yoxdur.